Bakıda polis yaşlı qadına qarşı zorakılıq etdi - FOTOLAR

img

03-07-2014 [14:13]


Bakıda polis yaşlı qadına qarşı darğanın Molla Nəsrəddinə etdiyi hərəkəti təkrarlayıb. Molla Nəsrəddin yumurta satarkən darğa səbətə təpiklə vuraraq nə satdığını soruşub. Molla Nəsrəddin isə: "Bir təpik də vursan, daha heç nə”, - cavabını verib.

Bu gün metro çıxışında polis yaşlı qadının başına müsibət gətirib. Oxucular milli.az-a bildiriblər ki, metronun "Nəriman Nərimanov" stansiyasının çıxışında meyvə satan qadına qarşı kobudluq edib. Polis təpiklə qadının qarşısında qoyaraq satdığı meyvə torbasını dağıdıb. Gözünü həmin meyvələrin satışından əldə edəcəyi pula dikən qadının bütün malı ətrafa yayılıb və zay olub. Həmin acı mənzərəni göstərən foto da sayta təqdim edilib.

Paytaxtda küçə ticarətinin qadağan olunduğu məlumdur. Küçə ticarəti ilə məşğul olanın əmlakının məhv edilməsi mümkündürmü?

Həmin ərazi üzrə polis sahə rəisi Elnur Quliyev bildirdi ki, qanun nəzərdə tutulmayan yerlərdə küçə ticarətini qadağan edir. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 235-ci maddəsinə əsasən, 80 manat cərimə nəzərdə tutulub: "Bunu mən etmirəm, parlament qəbul edib. Bu alverçilərin xarakteri mənə məlumdur. Onlar bəzən polisi şərləməklə məşğuldurlar, onun üçün əraziyə çıxırlar. Bir alverçi qadın var, bazarda tullantı meyvələri toplayıb metronun yaxınlığında satır. Ona imkan vermək olar? Elə alverçilər var ki, onların işi polisi şərləməkdir. Düşünürlər ki, bir polis işdən çıxarılarsa, yerinə gələn polis ondan qorxacaq. Hərənin öz xisləti var, sən jurnalistsən, bunları bilməlisən. Əxlaqsızlığı özünə məslək seçənlərin qarşısını kim almalıdır? Polis, müvafiq icra hakimiyyəti almalıdır”.

Sahə rəisi qeyd etdi ki, məsələyə dəqiq münasibət bildirmək üçün həmin qadının kim olduğunu öyrənmək lazımdır: "Gərək qadının şəklinə baxıb müəyyən edim ki, bu kimdir. Sahə rəisi mənəm, amma bu vaxta qədər kimsənin malına təpik vurmamışam. Hər yerindən duran polisdən çəkir, şantaj edir. Həmin adam cəbhə bölgəsinə getsin də. 1992-ci ildə heç kimin polisə söz deməyə hünəri yox idi. Çünki nə dövlət vardı, nə polis. Bu gün polis öz funksiyasını yerinə yetirir, özü də şəffaflıqla. Dünən çıxmışam evdən, hələ də evə gedib çıxa bilməmişəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA