Rusiyadan Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alınıb

img

01-07-2014 [14:41]


Azərbaycan gömrükçüləri Rusiyadan Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alıblar.  Bu barədə MİAA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. 


Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya istiqamətindən Azərbaycana Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən "DaımlerChraysler” markalı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiyaya məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiyadan Azərbaycana gələn "fəhlə geyimləri” və "fəhlə ayaqqabıları” yüklü nəqliyyat vasitəsinə "Samur” gömrük postunda keçirilən baxış zamanı karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanıb. Həmin bağlamalarda hər birinin içərisində 6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda, ümumi sayı 576 ədəd Rusiyaya məxsus aksiz markası ilə markalanmış "Beluga Transatlantik Rasing” markalı araqlar aşkar edilib.


«Samur» gömrük postunda Rusiyadan Azərbaycana gələn Rusiya vətəndaşı Raqimov Zaur Şamsaddinoviçdən isə valyuta sərvətləri aşkarlanıb. Belə ki, postun giriş qapısına yaxınlaşan Z. Raqimov Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı verib. Sonra ondan bağlamanı qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilib və Z. Raqimovdan nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunub. Özünü Azərbaycan vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən şəxs bildirib ki, ona ötürülən bağlamada pul olub. Bundan sonra, Z. Raqimovun gömrük nəzarətindən gizli yolla B. Güləhmədova ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların 69 ədəd 500-lük avro, ümumi 34 500 avro olduğu müəyyən edilib.


Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA