Yadigar Sadıqlı: "Müsavat Partiyası nəinki hakimiyyətlə, hətta AXCP ilə müxalifət daxili mübarizədə məğlub olmuş partiyadır" - MÜSAHİBƏ

img

05-04-2024 [17:41]


Sabiq müsavatçı Yadigar Sadıqlı Teleqraf.com-n suallarını cavablandırıb.

Mia.az həmin müsahibəni təqdim edir:

- Müsavat Partiyasının keçmiş rəhbəri İsa Qəmbərin yenidən başqanlığa qayıdacağı barədə yayılan xəbərlərə münasibətiniz necədir?

- Bu, gözlənilməz olmadı. Çünki partiyada başqan olacaq başqa biri gözə dəymir. Mən özüm ötən ilin dekabrında Müsavat Partiyasından çıxmışam. Sanballı və tanınmışlığına görə Tofiq Yaqublunun başqan olmaq potensialı var idi. Amma onun başqan olmasına nə Arif Hacılı, nə də İsa Qəmbər şəxsi münasibətlər baxımından razılıq verəcək. İsa Qəmbər Tofiq Yaqubluya qarşı loyal deyil. Demokratiyadan çox danışırlar, İsa Qəmbər üçün şəxslə bağlı loyallıq partiya mənafeyindən daha üstündür. Ona görə də partiya bu haldadır.

İstefa verəndə yazmışdım ki, partiya o qədər acınacaqlı vəziyyətdədir, rəhbərlikdə təmsil olunan müavinlər, Divan üzvlərinin heç biri siyasi fiqur deyil, cəmiyyət arasında nüfuzları yoxdur. Vaxtilə Müsavat Partiyasının Divanında kimlər təmsil olunurdu, indi kimlər təmsil olunur... Belə olan halda kimin namizədliyini başqanlığa irəli sürmək olardı? Ağlabatan adam görünmürdü. İsa Qəmbərin namizədliyi ağıla gəlirdi.

Düşündürücü iki məsələ var idi ki, bəlkə buna görə başqan olmaz. Çünki 67 yaşında yenidən başqanlığa qayıtmaq iki dəfədən çox başqan olmaq məhdudiyyətinin mənasını heçə endirən bir şeydir. Əgər bir müddət sonra yenidən qayıdacaqsansa, bu məhdudiyyəti niyə tətbiq edirdiniz?! Gülməli bir şey alınır. Düşünürəm ki, İsa Qəmbər buna görə qayıtmaz.

Digər məsələ bir-iki il bundan öncə ictimailəşmişdi ki, səhhətində ciddi problemlər var. Özü də birdəfəlik aradan qalxan problemlər deyil, orqanizmə daim təsirini göstərir və həmişə nəzarət altında qalmasını tələb edir.

- İsa Qəmbər hələ namizəd olub-olmayacağı barədə fikrini açıqlamayıb...

- Düzdür, İsa Qəmbər hələ qərarını açıqlamayıb. Tanıdığım İsa Qəmbər istəməsəydi, təklifə dərhal rədd cavabı verərdi. 2006-cı ildə bir şəxsin başqanlığa iki dəfədən artıq seçilməsi barədə məhdudiyyət qəbul olunandan sonra ikinci dəfə başqan oldu. Növbəti qurultayın söz-söhbəti qalxanda dəfələrlə təklif olundu ki, nizamnaməni dəyişək, məhdudiyyəti aradan qaldıraq. Amma hər dəfə İsa Qəmbər buna yox cavabı verdi.

Amma bu gün dərhal cavab verməyibsə, çox güman ki, başqan olmaq fikri var. Ola bilər, səhhəti ilə bağlı ailəsinin təkidi ilə razılıq verməsin.

- Sizcə, İsa Qəmbərin qayıdışı barədə müraciət edənlər çoxdurmu, yoxsa bu, sadəcə bir neçə nəfərin arzusudur?

- Yəqin ki, partiyada əksəriyyət bunun tərəfdarıdır. Hazırkı başqan Arif Hacılının üçüncü dəfə namizəd olmaq hüququ yoxdur. Bəs başqan kim olacaq?! Bu fikir partiyada hamını düşündürür. Bəlkə də Arif Hacılı istəməzdi ki, İsa Qəmbər qayıtsın. Özünə uyğun olan adamı partiyada başqan edib, onun vasitəsilə partiyanı idarə etmək istəyərdi.

Artıq müəyyən adamlarla bağlı söhbət gedir, adları çəkilirdi. İctimailəşmədiyinə görə mən də demək istəmirəm. Arif Hacılını həmin adamı başqan görmək istəməsi partiyanı onun vasitəsilə öz nəzarətində saxlama cəhdi barədə söhbətlər yayılmışdı.

- Söhbət Gülağa Aslanlıdan gedir?

- Xeyr, daha gənc birinin adı çəkilirdi. Əgər İsa Qəmbər namizədliyini irəli sürərsə, aydın məsələdir ki, Arif Hacılının namizədinin qalib gəlmək şansı olmayacaq.

Bir neçə nəfər ola bilər, İsa Qəmbərin qayıtmasını istəməsin. Ümumən əksəriyyət qayıtmasını dəstəkləyir. Çünki başqa alternativ görmürlər. Sosial şəbəkədə status yazanlar iddia edirlər ki, başqanlığa layiq olacaq partiyada xeyli adam var. Fikrimcə, hazırda Tofiq Yaqublu kimi başqa potensialı olan biri yoxdur. Onu da istəməyəcəklər.

- İsa Qəmbərin gedişinə etirazlar vardı, sosial şəbəkələrdən belə görünür ki, gəlişinə də etirazlar var. Bunu necə xarakterizə edərdiniz?

- Gedişinə etiraz ondan ibarət idi ki, partiya zəifləyəcək. Əslində bir yandan o qayğını başa düşmək olardı. Amma güman edirəm ki, partiyanı zəiflətmədən də bunu etmək olardı. 2014-cü ildə baş verən hadisələrdə Qubad İbadoğlu, Vurğun Əyyub və onların tərəfdarlarının partiyadan getməsində İsa Qəmbərin müstəsna xidməti var. İsa Qəmbər daha barışdırıcı mövqe tutsaydı, o insanların partiyada qalmasına bəlkə də nail olmaq olardı. 100 faizlik proqnoz verə bilmərəm. Keçmişlə bağlı tarix səhvi edə bilərəm. Amma İsa Qəmbər açıq-aşkar təhrik etdi.

Sosial şəbəkədə məşhur bir cümlədən ibarət yazdığı Müsavatın parçalanmasının əsasını qoydu. Əslində bundan qaçmaq mümkün idi.

İsa Qəmbərin qayıdışına partiya daxilində etirazlar gözümə dəymir. Etitrazçılar vaxtilə partiyadan küsüb gedənlər ola bilər. Məncə, onlar da İsa Qəmbərin qayıtmasına isti yanaşırlar.

- Sizcə, İsa Qəmbər birləşdirici fiqur kimi çıxış edib incik düşmüş müsavatçıları geri qaytara bilər?

- 2014-cü ildə keçirilən qurultaydan sonra gedənlərin bir qismi İsa Qəmbərdən küsüb gedib. Digər tərəfdən də bu insanların əksəriyyəti demək olar ki, veteranlardır. Hazırda Müsavat Partiyası nəinki hakimiyyətlə, hətta AXCP ilə müxalifət daxili mübarizədə məğlub olmuş partiyadır. Müsavat cəmiyyətdə rezonans və iqlim yaratmayan partiyaya çevrilib.

Yaşlı insanlara qarşı hörmətsizlik kimi olmasın, hər halda insan daha gənc yaşda partiyaya can atıb özü üçün siyasi karyera qurmaq istəyir. Yaşlı insanların nüfuzu ciddi şəkildə zədələnmiş partiyaya qayıtmaqlarında məna görmürəm.


Digər xəbərlər
SON XƏBƏRLƏR