Rüşvət alan zabitlər həbsxanaya göndərildi

img

25-06-2014 [12:45]


Gəncə Hərbi Məhkəməsində rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin hərbi qulluqçuları Namiq Salahov və Zaur İsmiyevin məhkəməsi başa çatıb. 

İttihama görə, hərbi hissənin qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, kapitan Zaur İsmiyev və tağım komandiri, gizir Namiq Salahov əsgərlərdən rüşvət alıblar. Əsgər Orxan İbrahimov 2013-cü ilin yanvar ayının 10-dan başlayaraq hərbi hissənin yeməkxanasında aşpaz işləyib. Namiq Salahov əsgərin hərbi hissənin yataqxanasında deyil, Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşayan Sahilə Aslanovanın evində qalmasına və gecələməsinə icazə verib. O, Orxandan hərbi hissədən kənarda  gecələməsinə görə hər ay üçün 200 manat istəyib. Orxan İbrahimov da onunla razılaşıb. Namiq Salahov əsgərdən ümumilikdə 540 manat məbləğində rüşvət alıb. Namiq Salahov əsgərdən aldığı pulu Zaur İsmiyevlə bölüşdürüb.  Kapitan özünü təqsirli bilmədi  Hakim Xıdır Quliyevin sədrliyi ilə keçən prosesdə Zaur İsmiyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, 2007-ci ilin oktyabr ayından xidmətə başlayıb: "Əsgər Orxan İbrahimovu 3-cü tabora hərbi xidmətə gəldiyi vaxtdan tanımışam. Onunla münasibətlərimiz xidməti olub. Orxan İbrahimov taborun qərargahında yazar olub. Qərargah rəisi Anar Rüstəmovun vasitəsi ilə onun atası Həsrət İbrahimovla 2012-ci ilin yay aylarında tanış olmuşam.  Hərbi hissənin yaxınlığında olan yeməkxanaların birində Həsrət İbrahimovla yeyib-içmişik. 2013-cü ilin yanvar ayının əvvəlində Orxan İbrahimov maddi-texniki təminat tağımına köçürülüb və aşpaz kimi yeməkxanaya xidmətə göndərilib. Aşpazlar hərbi hissədə yalnız yeməkxana naryadına təyin olunublar və onların hər hansı bir başqa naryada təyin olunmayıblar. Aşpazların naryada təyin olunmalarını və onların xidmət qrafiklərinin tutulmasını hərbi hissənin qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, kapitan Ramil Xəlilov və yeməkxana rəisi, gizir Xəyyam Abbasov həyata keçiriblər”.  "Əsgərin istirahət etməsinə icazə xahiş etmişəm” Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin yanvar-mart aylarında kapitan Ramil Xəlilov ona bir neçə dəfə Orxan İbrahimovun yeməkxanada xidmət yerinə gəlməməsi barədə şikayət edib: "Mən bu barədə Orxan İbrahimovun tağım komandiri Namiq Salahova bildirdim. Namiq Salahov tədbir görəcəyini vəd etdi. Təqribən 15 dəqiqədən sonra Orxan İbrahimov xidmət yerinə gəldi. Orxan İbrahimovun atası Həsrət İbrahimovla münasibətim olub. Buna görə də Orxan İbrahimovun xidməti yerinə gəlməməsi haqqında raportla yuxarı komandanlığa müraciət etməmişəm. Kapitan Ramil Xəlilovdan Orxan İbrahimovun yeməkxanada xidmət edə bilməməsi səbəbindən bir neçə günlük yataqxanada istirahət etməsinə icazə verməsini xahiş etmişəm”. Zaur İsmiyev deyib ki, Orxan İbrahimovun hərbi hissədən kənara çıxması, orada mülki evdə qalması və yeməkxanada aşpaz kimi xidmət etməməsi barədə məlumatı olmayıb. Onun sözlərinə görə, heç vaxt Orxan İbrahimovdan xidmət müddətində güzəşt edilməsi üçün hər hansı bir məbləğdə pul istəməyib: "Orxan İbrahimovdan yalnız 3 dəfə hər dəfə 6 manat olmaqla "cin” konturları almışam. Həmin konturların pulunu ona vermişəm”. "Aldığım rüşvətdən kapitana vermişəm” Digər təqsirləndirilən Namiq Salahov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əsgərdən rüşvət aldığını etiraf edib. Namiq Salahov deyib ki, Orxan İbrahimov yeməkxanada aşpaz kimi xidmət edib: "Orxan yeməkxanada xidmət edə bilmədiyini, hərbi hissədən kənarda qalmaq istədiyini, bunun üçün mənə hər ay 200 manat verəcəyini söylədi. Mən də onunla razılaşmam”. Namiq Salahov deyib ki, Orxan İbrahimovdan rüşvət alarkən onların yanında heç kim olmayıb. Onun sözlərinə görə, Orxan İbrahimovun valideynləri Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində Sahilə adlı bir qadınla danışıblar: "Onlar qadınla razılaşıblar ki, Orxan İbrahimov onun evində qalacaq. Orxan qadının evinə gedib-gəlməyi, yemək yeməyi və əşyalarını saxlamağa şərait  yaradıldığını bildirdi. Buna görə Orxan İbrahimov "yat” komandasından sonra həmin qadının evinə gedir və səhər düzülüşü zamanı hərbi hissəyə qayıdırdı. Bu qaydada əsgərə himayədarlıq etmişəm”.  Namiq Salahov ifadəsinin sonunda kapitan Zaur İsmiyevə də Orxandan aldığı puldan verdiyini deyib. Məhkəmənin hökmü ilə Zaur İsmiyev 8 il, Namiq Salahov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə hər iki hərbi qulluqçunun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA