Azərbaycan insan alverilə mübarizə aparan ölkələr sırasında 2-ci pillədədir

img

22-06-2014 [22:51]


Azərbaycan hökuməti qanunvericiliyi sərtləşdirmək və hüquq-mühafizə orqanlarının səylərinin artırmaqla ölkədə insan alverinə qarşı mübarizədə irəlləyişə nail olub. ABŞ Dövlət Departamentinin 2014-ci il üçün dünya ölkələrində insan alverinə dair açıqladığı hesabatda belə deyilir.

ANS-in Vaşinqton bürosunun məlumatına görə, artıq 2-ci ildir ki, Azərbaycan insan alverilə mübarizə aparan ölkələr sırasında 2-ci pillədə yer alıb.

ABŞ Dövlət Departamenti bildirir ki, ötən il insan alverinə qarşı mübarizədə müəyyən olunmuş minimum standartlara cavab verməyən ölkələrin sayı artıb. Dünya ölkələrinin müasir quldarlığa qarşı mübarizədə fəaliyyətini qiymətləndirən, sayca 14-cü buraxılış olan bu ilki hesabatda 188 ölkə üzrə vəziyyət öz əksini tapıb. Hesabatı təqdim edən ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, bu gün dünyada 20 milyon adam insan alverinin qurbanıdır. O, bu problemin heç bir dünya ölkəsindən, o cümlədən ABŞ-dan da yan keçmədiyini vurğuladı.

Dövlət katibi Con Kerrinin sözlərinə görə, illər uzunu biz bilmişik ki, bu cinayət dünyanın hər bir ölkəsini, o cümlədən bizim ölkəni də təsirləndirir: "Biz istisna deyilik. Hesablamalara əsasən, bu gün dünyada 20 milyondan çox adam insan alverinin qurbanıdır. Amerika Birləşmiş Ştatları bunu birinci olaraq etiraf edir ki, heç bir ölkədə hökumət hələ kifayət qədər iş görmür. Biz çalışırıq. Bəziləri kifayət qədər çalışmırlar. Digərləri agır zəhmət çəkirlər. Biz hamımız bu sahədə çox və ürəkdən işləməliyik”.

ABŞ Dövlət Departamentinin hesabatına əsasən, ötən il 4 ölkədə vəziyyət ən kritik həddə catıb. Hesabatda 3-cü pillədə qərarlaşan Tailand, Qatar, Malayziya və Venesuelada on minlərlə miqrantın kommersiya məqsədilə ölkəyə gətirildiyi, sonra cinsi zorakılığa məruz qalır və ya qul kimi istifadə olundugu iddia edilir. 3-cü kateqoriyada qərarlaşan ölkələrə ABŞ-dan birbaşa yardımın azaldılması və ya tamamilə dayandırılması nəzərdə tutulur.

Bu ilki hesabatda Azərbaycan insan alverilə mübarizə aparan ölkələr sırasında 2-ci pillədə yer alıb. ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan icbari əmək və seks məqsədilə insan alverinə məruz qalmış kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və istiqamət ölkəsi olaraq qalır. Ötən il Azərbaycandan olan qadın və uşaqların cinsi istismar və icbari əmək məqsədilə xarici ölkələrə nəql edilmə halları yer alıb. Hesabatda Azərbaycan Daxili İşlər Nazirliyinə istinadən bildirilir ki, 2013-cü ildə Türkiyədə 19, Birləşmiş Ərəb Əmirliklərində 16, Rusiyada 15 və İranda 1 Azərbaycan vətəndaşının cinsi istismar və məcburi əmək üçün insan alverinin qurbanı olması faktını aşkar edib. Hesabat dövründə Azərbaycan insan alverilə mübarizə aparan hüquq-mühafizə orqanlarının işini gücləndirib, müəyyən edilmiş qurbanların müdafiəsi və cəmiyyətə yenidən inteqrasiyası üçün addımlar atıb.

Hesabatda Azərbaycan hökumətinə tövsiyələr də yer alıb. Tövsiyələrdə deyilir ki, Azərbaycan xarici vətəndaşların ölkə daxilində qul əməyinə məcbur edilməsi faktlarını araşdırmalı, məsuliyyət daşıyan şirkət və şəxsləri aşkar etməli və onların cəzalandırılması istiqamətində səylərini artırmalıdır. Həmçinin insan alverində əli olan məmurların da məsuliyyətə cəlb edilməsi tövsiyə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA