Mazut quyusuna düşən uşağın ölümü ilə bağlı cinayət işi açıldı

img

04-06-2014 [15:41]


Baş Prokurorluq dünən Astarada mazut çalasına düşən 3 yaşlı uşaqla bağlı məlumat yayıb.

MİA-ya daxil olan məlumatda qeyd olunur ki, iyunun 3-də Astara şəhər sakini, 2011-ci il təvəllüdlü Babazadə Ədalət Hikayət oğlu rayon mərkəzi xəstəxanasının həyətində mazut çalasına düşərək vəfat edib. Bu barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər.

İlkin araşdırmalarla müəyyən edilib ki, hadisə baş verən sahə əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilmiş mazutun saxlandığı yer olub. 2012-ci ilin mart ayında "Real” mənzil-tikinti kooperativi tərəfindən xəstəxanada əsaslı təmir işləri aparılarkən həmin ərazinin üst hissəsinə torpaq tökülərək yaşıllıq zolağı salınıb. Qeyd edilən tarixdə Ə.Babazadə anası ilə xəstəxanaya gəlmiş və orada oynayarkən yaşıl ot örtüyü çökdüyündən o, içərisində mazut olan yerə düşüb boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA