"Interpol" sabiq rektorla bağlı xəbəri təsdiqləmədi

img

31-05-2014 [11:50]


Mediada yayılan xəbərə görə, ABU-nun hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev barəsində İnterpolun qırmızı bülleteni ilə axtarış elan olunub.
Dia.az saytının xəbərinə görə, E.Abdullayev buna qədər İnterpol vasitəsilə axtarışa verilsə də, onun sərbəst hərəkəti ilə bağlı heç bir problemi yaranmamışdı. Sayt yazıb ki, son informasiyalara əsasən, sabiq rektor barəsində qırmızı bülletenlə axtarış elan edilib.
Bu xəbər keçmiş rektorun yaxın günlərdə həbs olunaraq Azərbaycana gətirilmə ehtimallarını da gündəmə gətirdi.

E.Abdullayevin vəkili Adil İsmayılov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu xəbərlə tanış olduqdan sonra İnterpolun rəsmi saytına daxil olaraq bunu yoxlayıb. Nəticədə E.Abdullayevin adının bu siyahıda olmadığı aydınlaşıb.

İnterpolun Mili Mərkəzi Bürosunun rəis müavini Elnur Əliyev isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu suallara cavab almaq üçün yazılı sorğu vermək lazımdır. O, eyni zamanda vurğuladı ki, kiminsə beynəlxalq axtarışda olmasını onun saytdakı adı təsdiqləyir: "Amma konkret hansısa şəxslə bağlı sualınız varsa, rəsmi şəkildə yazılı müraciət edin”.

Əməkdaşımız İnterpolun rəsmi saytında E.Abdullayevin adına rast gəlmədi. Azərbaycan tərəfindən axtarılan şəxslərin sırasında xeyli azərbaycanlı olsa da, ABU-nun sabiq rektorunun adı siyahıda yox idi.

Hüquqşünas Müzəffər Baxış isə bildirdi ki, dünyada Azərbaycana qeyri-demokratik ölkə kimi yanaşırlar. Ona görə də İnterpol səviyyəsində Azərbaycandan verilən axtarışlara heç bir əhəmiyyət vermirlər: "Əslində bəlkə də elə bir axtarış yoxdur. Onlar yalandan belə informasiya yayırlar ki, ictimai rəyə təsir etsinlər. O vaxt Qumaşyan haqqında da belə informasiya yaymışdılar.

 Azərbaycan hüquq-mühafizə orqanları bu və ya digər şəxsi qanun əsasında ittiham etdiyinə görə yalandan belə informasiya yayırlar ki, filankəsi qırmızı xətlə axtarırıq. Mənə elə gəlir ki, bu, Elşad Abdullayev üçün heç bir məhdudiyyət yaratmayacaq. Bu, onun ölkə ərazi daxilində və xaricində hərəkətinə  problem olmayacaq”.

M.Baxış dedi ki, kiminsə axtarışa verilməsi onun bu və ya digər hüquqlarını məhdudlaşdırmır. Ancaq həbs zamanı hərəkət azadlığı hüququ məhdudlaşır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA