Polis mayorunun qətl işindəki qalmaqallı çıxışı

img

21-05-2014 [17:55]


Bu gün Binəqədi Rayon Məhkəməsində ötən il Bakıda qətlə yetirilən Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Şilderin öldürülməsindən əvvəl avtomobilinə narkotik atan şəxslərlə bağlı növbəti proses keçirilib. 


"Qafqazinfo” xəbər verir ki, Vüsal Şilderin vəkili Aslan İsmayılov mərhumun ailəsinin istəyi əsasında çəkiliş aparılmasına icazə verilməsini tələb edib.

İttiham olunan tərəflər isə çəkilişə etiraz ediblər. Şilderin atası Adolf Şilder hakimə etirazını bildirib və qeyd edib ki, onun oğluna narkotik ittihamı irəli sürülərək planlı şəkildə ANS-də çəkiliş aparılanda heç kim onlardan icazə almamışdı. 

Məhkəmə beş dəqiqəlik fasilə elan edib və sonda 2 dəqiqəlik çəkilişə icazə verilib. 

Çəkiliş aparılan zaman ittiham olunan şəxslər çəkilişin aparılmasına etiraz ediblər və xüsusən də kameranın mayor İlham Məmmədovu çəkməsinə mane olmağa çalışıblar. Daha bir maraqlı məqam ondan ibarətdir ki, "Kavboy"lar da İlham Məmmədovun kameraya düşməməsi üçün onun qarşısını kəsməyə çalışıblar. 

Hakim etiraz edərək bildirib ki, heç kəs çəkilişə mane olmasın, bu qərarı o verib. 

Daha sonra ittiham olunan İlham Məmmədov çıxış edib:

"Mənə qarşı ədalətsizlik edirsiniz. Vüsal Şilderə barmağımın ucuyla da toxunmamışam. Niyə 8 il verirsiniz? Maşınını vurmuşam deyə adama o qədər iş verərlər, hələ etiraz edirsiniz ki, 8 il azdır. Aslan İsmayılovun bizə qarşı bu qədər kin, qərəzinin səbəbini aydınlaşdıra bilmirəm. Prokurorluğun ən yüksək təbəqəsinə kimi hər kəs bilir ki, bizim bu işdə cinayət əməlimiz yoxdur".

İttiham olunan şəxslərin vəkilləri çıxış ediblər və hər biri üçün bəraət istəyiblər.

Məhkəmə mayın 23-ə qədər təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA