Təcridxanadakı gənc fəalın atası infakt keçirib

img

19-05-2014 [17:24]


Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə NİDA-çılara oxunan hökmə etiraz etdiklərinə görə inzibati həbs cəzası alan fəalların həbsindən 13 gün ötür. 

Musavat.com-un əməkdaşı onların son durumu və saxlanma şəraitləri ilə maraqlanıb.

Tural Abbaslının anası Başxanım Abbaslı oğlunun durumundan xəbərsiz olduğunu bildirdi: "Tural təcridxana getməyimə razı olmur. Getsəm də, onsuz da görüşə şərait yaratmırlar. Telefon danışığına belə, imkan vermirlər. Onun həbsdən çıxmağına az qalıb. İndiyə qədər bu cür hallarla çox rastlaşmışam. Ona görə, bir o qədər narahat deyiləm. Artıq öyrəşmişəm. Hər gün oğlumun yaxınları onunla maraqlanır, evimizə ziyarətə gəlirlər. Hər kəsə öz minnətdarlığımı bildirirəm”. 

Saxlanılarkən ən ağır işgəncələrə məruz qalanlardan biri də AXCP üzvü Kəmalə Bənənyarlı olub. Hazırda onun səhhəti ilə bağlı təhlükələrin hələ də davam etdiyi bildirilir. Onunla təcridxanada görüşən qızı Səidə Xəlilova anasının saxlanma şəraitindən şikayətinin olmadığını bildirdi: "Dünən anamla görüşdüm. Özünü normal hiss edir. Hərdən ağrıları olur. Hər kəsə salam söylədi. Onunla maraqlananlara təşəkkürünü bildirdi”.

İki gündən sonra azadlığa çıxacaq Şəfi Şəfiyevin atası Eyyub Şəfiyev oğlu ilə görüşündən danışdı: "Mayın 18-də onunla görüşdüm. Heç nədən şikayəti yoxdur. Artıq azadlığa çıxmağına 2 gün qaldı. Digər inzibati həbs cəzası çəkən fəallarla da maraqlandım. Şəfi onların da vəziyyətinin qənaətbəxş olduğunu söylədi”.

Həbsdəki fəallardan Orxan Eyyubzadənin atası infarkt keçirib. Bu barədə gənc fəalın durumu ilə maraqlanarkən onun anası məlumat verdi: "Orxanın qanunsuz həbsinə atası dözmədi. Bütün günü onun haqqında düşünürdü. Oğlum 3 ayın içərisində ikinci dəfə həbs olunur. Sonuncu dəfə həbs olunanda ərim dözmədi. Axırda infarkt keçirdi. 1 saylı şəhər xəstəxanasına apardıq. Orada müalicəsi mümkün olmadı. Axırda məcbur olub, onu Ərzuruma apardıq. Hazırda müalicəsi davam edir. Əməliyyat olunacaq. Burada olduğuma görə, oğlum haqqında da məlumat ala bilmirəm”.

Qeyd edək ki, mayın 6-da baş verən aksiyada saxlanılan 5 nəfər haqqında inzibati həbs cəzası seçilib. Onlardan Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, bitərəf gənc Şəfi Şəfiyev və "Dalğa”nın üzvü Hacı Zeynalov mayın 21-də, Orxan Eyyubzadə mayın 26-da və AXCP üzvü Kəmalə Bənənyarlı isə iyunun 5-də azadlığa çıxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA