Oğlu qız qaçırdı, icra başçısı olaya qarışdı - QALMAQAL (FOTO)

img

18-05-2014 [15:43]


Bir neçə gün əvvəl Naftalan rayonunda diş həkimi işləyən Rasif Məmmədzadənin  qız qaçırması və  bundan sonra həbs edilməsi xəbəri yayıldı. Rasif Məmmədzadənin anası Məlahət Məmmədova bu hadisə ilə bağlı sensasion müsahibə verib. Diş həkiminin anası bildirir ki, əslində, onun oğlunu şərləyiblər. Ana elan edilmiş ittihamla qəti razı deyil. M. Məmmədovanın sözlərinə görə, Naftalan rayonunda diş həkimi işləyən oğlu uzun müddət sevdiyi qızı  ikincinin razılığı ilə qaçırıb və qıza heç bir təzyiq göstərmədən Bakıya gətirib.

Qeyd edək ki, 24 yaşlı musiqi müəlliməsi Lalə Paşayevanı qaçırılması ilə bağlı  Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən adam oğurluğu (144.2.3-cü) maddəsi ilə cinayət işi başlanıb və 4 nəfər barəsində  həbs-qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını isə Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsi aparır.

Maraqlıdır ki, Məlahət Məmmədova işin bu səviyəyə gəlib çatmasında  günahkar kimi Naftalan şəhərinin icra başçısı Natiq Aslanovun adını çəkir və bunu bir sıra dəlillərlə izah edir.

Mia.az Azinform.az-a istinadən Məlahət Məmmədova ilə eksklüziv müsahibənin 1-ci hissəsini təqdim edir:

 - Məlahət xanım, deyəsən, oğlunuzun həbs edilməsindən narazısınız. Niyə?

-Mənim oğlum ali təhsilli diş həkimidir. O, heç vaxt cinayətkar ola bilməz. Oğlumun evlənməkdən başqa məqsədi olmayıb. Burada nə olub ki, qrup halında cinayət işi açıblar? Qızın namusuna xələl gətirəcək heç bir hərəkət də etməyib.

 -Hadisənin baş verməsi barədə müxtəlif fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz?

-Mənə xəbər etdilər ki, oğlun qız qaçırıb. Dərhal ona zəng etdim. Həmin vaxt  qız onun yanındaydı. Dedim Lalə, səni zorla qaçırıbsa mənə de. Heç nə demədi. Sonra mənə Bərdə polisindən zəng etdilər. Artıq bildim ki, şikayət var. Qız  könüllü olaraq mənim oğlumun əlindən tutub təpəyə qaçıb. Bunu görən şahidlər var. Ordan da taksiyə minib Yevlağa, sonra başqa bir taksi ilə Bakıya gəliblər. Kürdəmirdə oturub yemək də yeyiblər. Həmin vaxt ətrafda polislər də olub. Mən sual edirəm: "Laləni zorla qaçırdırdısa niyə o, bu barədə polislərə məlumat verməyib?” Hər halda, o, yol uzunu müəyyən davranışı ilə bunu hiss etdirə bilərdi. Buradan belə  məntiq çıxır ki, deməli, könüllü razılaşma olub.

- Siz Naftalan polisindən də narazısınız. Səbəbini bilmək olar?

- Məni Naftalının polis rəisi Mamed müəllim çağırıb əlini Quran kitabının üstünə qoyub and içdi ki, qızı könüllü təhvil versəniz heç kim məsuliyyətə cəlb edilməyəcək. Məni qanunvericilikdə olan bir maddə ilə tanış etdi. Bilmirəm hansı kitab idi. Ancaq belə bir şey oxudum. Bundan sonra biz uşaqların polisə təhvil verilməsinə kömək etdik. Həmin gündən etibarən mən polis rəisinin üzünü görə bilmədim. Rəis bu işdən xəbəri olmayan iki cavan oğlanı da həbs etdi.

- Polis rəisinin qərəzi nə ilə bağlı ola bilər?

-Təbii ki, o, bunu öz başına etmir. Bütün bu işlərin arxasında Naftalanın  icra başçısı Natiq Aslanov durur. Mənimlə icra başçısının arasında problem olub. Mən ali təhsilli oğlum və özüm  üçün ondan iş istədim. Dedi ki, sənə veriləsi işim yoxdu. Sual etdim: "Necə olur fərarilərə, saxta hərbi biletlilərə, saxta diplomlulara iş olur, mənim balalarıma yox?”  Müxtəlif instansiyalara bu barədə şikayət etdim. Bu da başçının gözündə məni düşmənə çevirdi. İkinci səbəbi isə daha maraqlıdır. Oğlumla könüllü qaçan qız icra başçısının yaxın qohumudu. Tam məsuliyyəti ilə deyirəm ki, mənim oğlumun işinə icra başçısı tərəfindən ciddi müdaxilə var. Mən onun yanına xahişə getdim. Dedim, oğlum evlənmək istəyib ki, qızı qaçırıb da. Niyə onu tutdurursunuz? Mənə dedi ki, qoy mən tutdurum, Allah qapısını açar. Bəli, bu sözləri Natiq Aslanov mənim üzümə dedi.

- Cinayət işinin istintaqını Naftalan polisi aparmır axı…

- Bəli, ancaq bütün ilkin izahatlar icra başçısının diqtəsi ilə orda alınıb. Qız mənə heç bir şikayətinin olmaması, könüllü getməsi haqda yazılı ərizə vermişdi. Həmin ərizəni də polis rəisinə verdim. Məndə olan məlumata görə həmin ərizə yoxa çıxıb. Mən buradan cənab Ramil Usubova müraciət edirəm ki, bu cinayət işini şəxsi nəzarətində saxlasın.

 - Barışıqla bağlı hansı addımları atıbsınız?

- Onlara yalvarmışam. Ailəsinə deyirəm ki, oğlum buraxılsın yenə də sizin qızınızı gəlin etməyə hazıram. Valideynləri deyir ki, bizim ağsaqqalımız var. Ağsaqqal deyəndə icra başçısını nəzərdə tuturlar. Mənim  yeganə istəyim oğlumun xoşbəxt olmasıdır.

- Bu hadisə ilə bağlı televiziyalarda da anons getdi, ancaq sonra Sizi efirdə görmədik. Yenə təzyiq oldu?

-  Yox, bu məsələdə məşhur teleaparıcı Zaur Baxşəliyev məni aldatdı. Özləri məni dəvət etdilər. Dedilər ki, bu işi sona qədər araşdırmaq, həqiqəti üzə çıxarmaqda maraqlıdırlar. Məndən çox təsirli bir müsahibə götürdülər. Ancaq anonsdan başqa efirdə heç nə görmədim. Zaur Baxşəliyev bu işi araşdırmaq üçün Naftalana gedib. Gedibsə, hanı araşdırma? Mənə yalvaran Zauru indi tapa bilmirəm. Belə də jurnalistika olar? Mən ATV-nin rəhbərliyinə müraciət edirəm və xahiş edirəm ki, məni qəbul etsinlər. Əminəm ki, onları maraqlandıran çox qaranlıq mətləblərə aydınlıq gətirə bilərəm. Bu prosesdə ATV-nin əməkdaşı Təranə xanım da iştirak edib. Maraqlıdır, Zaur Baxşəliyev məndən niyə qaçır?

- Hazırda harda yaşayırsınız?

- Mən qorxumdan evimə gedə bilmirəm. Bir neçə dəfə evimə və doğmalarımın həyətinə basqın olub. Özü də görün basqını kimlər edir. İcra başçısı Natiq Aslanovun xalası Mümkünat, xalası qızı Səyyarə, Xalasının gəlini Rəfiqə, dayısı Yaqub. Araşdırsanız görəssiniz ki, bu qohumluqların biri ilə bağlı da yalnışlıq yoxdu. Mən rayona necə gedim? Oğlumu tutdurublar , özümü də salıblar çöllərə.

- Sonda nə demək istərdiniz?

- Mən bir ana kimi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, onun xanımı Meriban Əliyevaya müraciət edirəm. Onlardan imdad diləyirəm. Mənim Naftalanın icra başçısı ilə mübarizə aparmağa nə gücüm, nə də səlahiyyətim var. Axı ailə başçısını itirmiş bir qadına bu qədər zülm etməyi heç Allah da bağışlamaz.

Qeyd edək ki, Məlahət xanımın müsahibəsinin ikinci hissəsində  Naftalanda baş verən proseslərlə bağlı çox ciddi  mətləblərə toxunub.

Müsahibədə adları çəkilən şəxsləri də dinləməyə hazırıq.

Məhəmmədəli Qəribli, Azinforum.az

x2


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA