ÜÇ ŞİRKƏT ƏMƏKDAŞI FÜZULİDƏ MİNAYA DÜŞDÜ - Agentlik və Prokurorluq hadisə ilə bağlı açıqlama yaydı (Yenilənib)

img

02-08-2022 [14:22]


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunda minaya düşən şirkət əməkdaşlarının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, avqustun 2-də yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib:

"Nəticədə Q.Hüseynov rayon xəstəxanasına yerləşdirilib, sağ ayağı baldır nahiyəsindən travmatik amputasiya olunub.

Hazırda vəziyyəti stabildir.

Baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəstəxanada zəruri tibbi müayinələrdən keçirilib. Hər ikisinin vəziyyətləri stabil olaraq dəyərləndirilir, həkim nəzarəti altındadırlar.

"ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır".

***

Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub.

Mia.az Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadla bildirir ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib.

Hadisə tərəfimizdən araşdırılır.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə isə, avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA