NAXÇIVAN MUXTAR RESPUBLİKASI: YENİ İLƏ İQTİSADİ ARTIMLA... - Fəlsəfə doktoru yazır

img

30-12-2021 [14:42]


Cavadxan Qasımov,

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

***

Azərbaycan Respublikasında milli iqtisadiyyat sahəsində əldə olunan uğurlar makroiqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir.

Əsasları xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin həmişəyaşar ideyaları ilə təşəkkül tapmış olan potensial iqtisadiyyatın sahə strukturunun etibarlılığını gücləndirmiş və davamlı iqtisadi artım təmin olunmuşdur. İqtisadi islahatların inamla davam etməsi yeni istehsal müəssisələrinin yaradılmasına zəmin yaratmış, bu isə, dövlətin sosial siyasətinin dayanıqlılığını daha da etibarlı etmişdir. Artıq bu proseslər dinamik xarakterə malik olmaqla, ölkənin bütün regionlarının, o cümlədən də, Naxçıvan Muxtar Respublikasının iqtisadi dayanıqlılığını gücləndirmiş, sosial mahiyyətini olduqca yüksəltmişdir. Məhz bu amillərin nəticəsində Naxçıvan Muxtar Respublikasında cari ilin geridə qalan inkişaf mərhələsinin təhlili özünün yüksək iqtisadi əhəmiyyəti ilə seçilməkdədir. Belə ki, hazırkı 2021-ci ilin yanvar-noyabr aylarında muxtar respublikamızda 2 milyard 631 milyon 572 min 600 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Təbii ki, bu, mövcud iqtisadi güc əsasında yeni, perspektivli və fasiləsiz istehsal mühitinin təminatını yaratmaqdadır.

Eyni zamanda, qeyd etmək olar ki, yaradılan zəruri infrastruktur potensialı öz növbəsində makroiqtisadi zəmində artan təlabatların etibarlı bir şəkildə qarşılanmasını daha da əlçatan etməkdədir. Və bu uğurları hər bir muxtar respublika sakini öz yaşayışında hiss etməkdədir. Statistik göstəricilərin təhlili göstərir ki, geridə qalan 11 ay ərzində muxtar respublikada yaradılmış ÜDM-nin hər bir nəfərə düşən həcmi həm də müqavimətlilik ifadəsi olmaq etibarı ilə 5693,6 manat olmuşdur.

Naxçıvan Muxtar Respublikası ölkənin uzunmüddətli prioritetlərinə xas olan dəyərlər əsasında inkişaf etməklə, iqtisadi şaxələndirmənin dəyişməz ünvanına çevrilmişdir. Hazırda burada həyata keçirilən tədbirlər ÜDM-nin strukturunun daha da inkişaf etməsinə imkanlar açmış, onun dayaqlarını gücləndirmişdir. Artıq muxtar respublika iqtisadiyyatında hər bir kəndin, hər bir kəndlinin rolu böyükdür və bunun üçün zəruri təminatlar da yaradılmışdır. Kənd mərkəzlərinin yeni və modern infrastruktur əsasında qurulması, xidmət sektorunun inkişafının ifadəsi olan obyektlərin istifadəyə verilməsi və həmin ərazilərdə yaşayan insanların əlçatanlığının təmin olunması böyük əhəmiyyətə malik olması ilə seçilməkdədir. Kəndlərdə təsərrüfatçılıq fəaliyyətinin belə təşəkkülü bütün tərəfləri ilə iqtisadiyyatın aparıcı sahələrinin daha çevik olmasını sürətləndirmişdir ki, bu da da sənaye sahəsinin makroiqtisadi inkişafdakı rolunun artmasına təminat vermişdir. Daha doğrusu, kənd təsərrüfatı sənayenin xammal bazası olmaqla, onun etibarlılığını gücləndirmişdir. Artıq ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respubikasında sənayeləşmə siyasətinin nəticələri iqtisadiyyatın bu sahədəki hədəflərinin reallaşmasını göstərməkdədir. Bu bir həqiqətdir ki, iqtisadi inkişafın etibarlı təşəkkülü kimi istehsal olunan ÜDM-nin tərkibində ilk yerin sənaye sahəsinə aid olduğu görünməkdədir. Məhz bütün bunların nəticəsində cari ilin yanvar-noyabr aylarında muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi 991 milyon 794 min 100 manat təşkil etmişdir. Qeyd etmək olar ki, 2019-cu ildən etibarən istehsal olunan sənaye məhsulunun həcmi bir milyard manatı ötmüşdür.

Ən müasir təminatların yaradılması, abadlaşdırma, tikinti və quraşdırma işlərinin geniş vüsət alması, istehsal və sosial infrastruktur quruculuğunun davamlılığı, iqtisadi inkişafın mühüm göstəricisi olmaqla, çox əhəmiyyətlidir. Yalnız insanların rahatlığı, həmçinin çoxistiqamətli istehsal və xidmət sektorları üzrə əlçatanlığı məhz bu təminatlar əsasında mümkün olmaqdadır. Muxtar respublikada bu sahələr üzrə reallaşan tədbirlər məqsədyönlülüklə həyata keçirilməkdə, bu isə, davam etidirilən islahatların əsas mahiyyətini ifadə etməkdədir. Geridə qalan dövrdə muxtar respublikada vəsait qoyuluşları

çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 961 milyon 676 min 200 manat vəsait yönəldilmiş, onun 914 milyon 688 min 400 manatı və ya 95,1 faizi isə tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Yaradılmış infrastruktur, o cümlədən, uzunməsafəli nəqliyyat kəmərlərinin salınması, istehsalla təlabat arasındakı əlaqənin çevikliyinə təminat yaratmaqdadır. Bu isə, insanların, istehsalçıların, daha doğrusu, kəndlilərin təsərrüfatçılıq fəaliyyətinin səmərəli təşkilinə əlverişli şəraitin yaradılması ilə nəticələnmişdir. Muxtar respublikada:

- istehsal olunan məhsulların istehlakçıya çatdırılması;

- daxili bazarın yerli məhsullarla təminatı;

- sağlam rəqabət imkanlarının artırılması;

- təlabatların yerli məhsullar hesabına qarşılanması;

- məhsuldarlıq və səmərəlilik göstəricilərinin davamlılığı və digər bu kimi nailiyyətlər bir tərəfdən kəndlərin iqtisadi inkişafındakı yeni keyfiyyət mərhələsini ifadə edirsə, bir tərəfdən, aqrar sektorda məşğulluq imkanlarının artırılmasını bəyan edirsə, digər tərəfdən də, kənd yerlərində səmərəli təsərrüfatçılıq imkanlarını yaratmaqdadır. Bütün tərəfləri ilə isə kənd təsərrüfatı sahəsində istehsal olunan məshulların həcminin artmasını təmin etmişdir. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında 483 milyon 441 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da, muxtar respublika iqtisadiyyatının ölkənin regional iqtisadi siyasətində daha fəal iştirakını sürətləndirmişdir. Kənd təsərrüfatının davamlı və dinamik inkişafı bu sahənin milli iqtisadiyyat üçün əhəmiyyətini daha da artırmışdır ki, bunun da nəticəsində, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasına əsaslar yaratmışdır.

İnkişafın hazırkı mərhələsində milli iqtisadiyyat üçün zəruri tənzimləmə vasitələrindən səmərəli istifadə olunması səmərəli fəaliyyət mühitinin də hərəkətverici amillərindən birini təşkil etmişdir. Məhsuldar ideyaların irəli sürülməsi, bundan fasiləsiz və təminatqabiliyyətli, eyni zamanda, bütün regional xüsusiyyətlər nəzərə alınmaqla istehsal məqsədilə istifadə olunması milli iqtisadiyyatın dövlət tənzimlənməsinin çox

zəruri tərəfləri olaraq əhəmiyyətlidir. Təbii ki, bu, həm də təsərrüfat subyektlərinin fəaliyyətinin təşkili və idarə olunmasındakı faydalılığı ilə seçilməkdədir. Nəticədə, bu, onların kredit resurslarına çıxış imkanlarının daha da əlverişliliyinə imkan yaratmışdır. Qeyd etmək olar ki, muxtar respublikanın şəhər və rayonlarında mövcud olan istehsal müəssisələrində, iş adamlarının fəaliyyətində bu nəticələrin məhsuldarlığı özünü göstərməkdədir. Bütün bunların məntiqi ifadəsi olaraq, muxtar respublikada təsərrüfat fəaliyyətinin bütün sahələrində etibarlı maliyyə mühitinin yaradılması təmin olunmuşdur. Məhz cari ilin 11 ayı ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 207 milyon 694 min 500 manat məbləğində kreditlər verilmişdir. Həmin kreditlərin 22 milyon 214 min 400 manatı və yaxud 10,7 faizi qısamüddətli, 185 milyon 480 min 100 manatı və yaxud 89,3 faizi isə uzunmüddətli kreditlərdən ibarət olmuşdur. Naxçıvan Muxtar Respublikasında ölkənin ayrılmaz tərkib hissəsi olaraq həyata keçirilən məqsədyönlü iqtisadi siyasət istehsalçının, istehlakçının, o cümlədən, müəllimin, zəhmətkeşin, həkimin, bir sözlə, hər bir sakinin maraqlarına, mənafeyinə və təlabatına uyğun olmaqdadır. Bu isə təbii ki, davam edən islahatlar müstəvisində özünün artan əhəmiyyətinə görə xarakterizə oluna bilər. İstehsal müəssisələrinin fəaliyyətinin səmərəli təşkili öz növbəsində əhalinin zəruri istehlak vasitələrinə əlçatanlığını daha da artırmış, yerli məhsul istehsalının stimullaşmasını təmin etmişdir. Bu isə təbii ki, Sahibkarlıq təşəbbüslərinin hər addımda dəstəklənməsi, onların mühüm tənzimlənmə mexanizmləri ilə əhatəli şəkildə olmaqla, təmin olunmasının ifadəsi olmaqdadır. Yaradılan yeni istehsal müəssisələrinin nəticəsində hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i və ya ümumi ərzaq məhsulu üzrə 85 faizdən artığı ərzaq, 242-si və ya ümumi qeyri-ərzaq məhsulu üzrə 94 faizdən artığı qeyri-ərzaq olmaqla, 350 növdə və ümumi növ üzrə 91 faizdən artıq məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına qarşılanmaqdadır.

Sosial siyasətin səmərəliliyinin diqqət mərkəzində saxlanılması, ölkənin regional inkişaf üzrə Dövlət proqramlarının səmərəli icrası Naxçıvan Muxtar Respublikasının da bu

sahədəki proseslərinin səmərəliliyinin yüksəldilməsinə səbəb olmuşdur. Milli iqtisadiyyat üzrə həyata keçirilən tədbirlərin muxtar respublikada məhsuldar nəticələrlə müşayiət olunması bütün tərəfləri ilə həm də əhalinin rifah göstəricilərinin qorunması və daha da yaxşılaşmasına yol açmışdır. Əhalinin alıcılıq qabiliyyətinin artırılması məqsədlərini daşıyan bu nəticələr iqtisadi inkişafın mühüm göstəricisi olmaq etibarı ilə çox əhəmiyyətlidir. Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 546,8 manat təşkil etmişdir.

Beləliklə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaqla, onun davamlı, etibarlı və dayanıqlı milli iqtisadi inkişafında daha çevik iştirak etməkdədir. Təbii ki, bu isə onun 2021-ci il üzrə hədəflərinin əlçatanlığını daha da artırmaqdadır. Əldə olunan nəticələr isə yeni 2022-ci il üçün əhatəli və perspektivli iqtisadi uğurlar gətirəcəkdir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...