İlham Əliyevlə Ərdoğan birgə mətbuat konfransında: "BU, BÜTÜN DÜNYAYA MESAJDIR Kİ..." - "ƏGƏR ERMƏNİSTAN SƏMİMİ OLARSA..." (TAM MƏTN)
26-10-2021 [22:08]
Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident, Əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, Əziz qardaşım, Sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük önəmi var. Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir ki, səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur.
Eyni zamanda, bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.
Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.
Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik.
İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz.
Mən bilirəm ki, Sizin çox gərgin iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda Əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.
Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə Əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.
Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq.
Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq.
Əziz qardaşım, Sizə bir daha “Azərbaycana xoş gəlmisiniz!” deyirəm, bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Sizə və qardaş Türkiyə xalqına daim tərəqqi, firavanlıq, xoşbəxtlik diləyirəm. Sağ olun.
x x x
Sonra Türkiyə dövlətinin başçısı bəyanatla çıxış edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı
- Hörmətli Prezident, Əziz qardaşım.
Hörmətli nazirlər.
Hörmətli mətbuat nümayəndələri.
Əvvəlcə sizləri ən səmimi hisslərimlə salamlayıram.
İşğaldan azad edilən bu gözəl bölgəyə - Füzuliyə səfərimdən dörd ay yarımdan sonra bu dəfə Zəngilanda olmaqdan böyük məmnunluq duyuram.
Əziz qardaşım Prezident Əliyevə lütfkar dəvətə görə öz adımdan, heyətim və millətim adından bir daha təşəkkür edirəm.
Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir.
Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, İnşallah, Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir.
Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduğumuz, - bir az əvvəl cənab Prezidentin də dediyi kimi, - istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik.
Hörmətli mətbuat nümayəndələri, bu gün İlham qardaşımla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələrimizi və regional prosesləri ətraflı müzakirə etdik. İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.
Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.
Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram.
Səfərim çərçivəsində mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Prezident, qardaşım Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərimi bildirirəm.
Fürsətdən istifadə edərək öz adımdan və heyətim adından xüsusilə Qardaşım Əliyev və bütün nazirlərə də təşəkkürlərimizi bildiririk. Təşəkkür edirəm. Sağ olun, var olun.
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər