Səbaildə müəmmalı hadisə: ana və körpəsi pəncərədən necə yıxılıb? - Araşdırma aparılır (Yenilənib)

img

02-09-2021 [11:56]


Bakının Səbail rayonunda evin pəncərəsindən yıxılaraq aldıqları ağır xəsarətlərə görə ölən ana və körpəsinin ölümü ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki,  avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

***

Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib.

Mia.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydı alınıb.

Badamdar qəsəbəsində yaşayan Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən yıxılaraq ölüblər.

1997-ci il təvəllüdlü Aytən Niftəliyevanın anası Mehriban Süleymanova və qardaşı Ceyhun Süleymanov APA-ya müraciət edərək bildiriblər ki, hadisə avqustun 30-da baş verib.

Aytən Niftəliyeva ilə həyat yoldaşı Rəhman Niftəliyev arasında mübahisə düşüb.

Yaxınlarının dediyinə görə, mübahisə zamanı R. Niftəliyev həyat yoldaşını döyüb: “Bununla yanaşı, qayınatası İlqar Niftəliyev və qayınanası Təranə Niftəliyeva da qızımıza işgəncə verib. Rəhman qucağında 1 yaşlı qızcığaz olan qızımızı 4-cü mərtəbənin eyvanına çıxararaq orda döyüb. Bu zaman uşaq ananın qucağından yerə düşüb. Ana isə körpəsinin arxası ilə özünü yerə atarkən Rəhman və qayınatası bunun qarşısını almaq üçün heç nə etməyib. Nəticədə Aytən də 4-cü mərtəbədən yerə düşüb”.

Yaxınlarının sözlərinə görə, bütün bunlara səbəb A. Niftəliyevanın evdən əşyalarını götürərək getmək istəməsi olub.

1 yaşlı körpə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Aytən Niftəliyeva isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Huşu özünə gələn A. Niftəliyeva hüquq-mühafizə orqanı əməkdaşlarına ifadəsində bildirib ki, uşağı əri Rəhman əlindən vuraraq yerə salıb, onu isə Rəhmanla yanaşı, qayınatası İlqar da döyüb.

Həkimlərin səyinə baxmayaraq, A. Niftəliyeva da bu gün səhər dünyasını dəyişib.

Həmin faktla bağlı APA-nın əməkdaşları hadisənin baş verdiyi ünvana yollanıb. Onları Rəhman Niftəliyev qarşılayıb. R. Niftəliyev hadisə vaxtı evin digər otağında olduğunu, hadisədən xəbərsiz olduğunu deyib.

İlqar Niftəliyev və Təranə Niftəliyeva isə qapı arxasından məlumat vermək istəmədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA