Emosional Şərq idarəçiliyindən hədəfə doğru soyuq başla nəticə idarəçiliyi - Sabiq nazir yazır

img

30-06-2021 [12:11]


Saleh Məmmədov,

İqtisad elmləri doktoru, professor, sabiq Maliyyə naziri

***

İkinci Qarabağ müharibəsinin üçüncü on günlüyünün sonlarında çalışdığım Bakı Mühəndislik Universitetinin kollektivi ilə birlikdə artıq müharibənin Azərbaycanın tam qələbəsi ilə bitdiyini qəti müəyyənləşdirərək fəaliyyətə keçməyə qərar verdik. İlk olaraq, işğaldan azad olunmuş torpaqlarda bərpa strategiyası mövzusunda konfrans keçirdik, təkliflər paketini hökumətə və ictimaiyyətə təqdim etdik.

Konfransın qətnaməsində nəzərdə tutulan təkliflərin əksəriyyəti bu istiqamət üzrə hökumətin qatar və tədbirlərində nəzərə alınmışdı. Bundan sonra müharibəni  işıqlandırmaq və postmüharibə dövründə ölkənin fərqli  inkişaf strategiyasını müəyyən etmək üçün xüsusi tədqiqata başladım. Belə bir tədqiqat həm tarix və həm də müasir dövr üçün çox lazımdır. Belə möhtəşəm qələbə ümumi inkişaf istiqamətində də davam etməli və bu ölkə dünya millətlər ailəsində özünə layiq yerini tutmalıdır. Bunun üçün hər cür şəraitə nail olunub.

"Vətən müharibəsinin dərsləri və inkişaf strategiyası" adlı tədqiqatım tamamlanmaq üzrədir və hazırda bir neçə daxili və beynəlxalq nəşriyyatlarla nəşr olunması üzrə danışıqlar gedir. Bütün dünya tərəfindən bu müharibə çox yüksək qiymətləndirildiyinə görə nəşriyyatlarda da ciddi maraq var. Dünyanın top yüz media qruplarının  hamısı bu müharibə haqqında çox yüksək fikir söyləyib, reportajlar hazırlayıb, 21-ci əsrin ilk unikal rəqəmsal müharibəsi kimi yüksək qiymətləndirib. Əksər inkişaf etmiş ölkələr bu unikal  təcrübədən yararlanmaq zərurətini  təsdiq ediblər.

Kitabın dörd dildə çap olunması planlaşdırılır: Azərbaycan, türk, ingilis və rus dillərində. Böyük Britaniya, ABŞ, Polşa, Ukrayna, İsveçrə, Avstraliya nəşriyyatları ilə danışıqlar gedir. Kitab çapa tam hazır olana qədər mətbuatda hissə-hissə tezislər formasında çap olunmasına və bununla ilkin olaraq ictimaiyyətlə müzakirəyə çıxarılmasına qərar verdim.

Kitab Azərbaycanın 44 günlük ildırım sürətli azadlıq müharibəsinin dərslərinin öyrənilməsinə, bütün müharibə xronologiyasının izahına, Ali Baş Komandanın, ordunun, ayrı-ayrı komandir və qəhrəmanlıq nümayiş etdirmiş əsgər və zabitlərin seçmə üsulu ilə işıqlandırılmasına, beynəlxalq ekspertlərin, media qruplarının, generalların fikirlərinin izahatına və həmçinin bu dərslərdən irəli gələn problemlərin həllinə, Azərbaycan toplumunun gələcək inkişaf strategiyasının müəyyən olunmasına həsr edilib.

Kitab beş bölmədən ibarətdir. Bölmələrdən bəzi hissələri sizlərlə bölüşmək qərarına gəldim. Kitabdan ilk hissəni buradan oxuya bilərsiniz:

https://mia.az/w1016819/veten-muharibesinin-dersleri-ve-inkisaf-strategiyasi-professor-yazir-2021-06-24-201424

Dərs 2. Emosional Şərq  idarəçiliyindən hədəfə doğru soyuq başla nəticə idarəçiliyi

Nə üçün bu problemi Vətən müharibəsinin ən vacib dərsləri içərisində ikinci yerə qoydum? Çünki məsul qərarların qəbul edilməsi zamanı bu xalqın daha çox emosionallığa yer verməsi, bununla da belə qərarlardan böyük zərərlər görməsi Azərbaycan xalqı üçün adi hal alıb. Bu yanlışlığa başqa amillər də ciddi təsir göstərir. Belə ki, bu xalq üçün emosionallığa şəxsi qabiliyyəti, şəxsi gücü və resursları düzgün dəyərləndirə bilməmək kimi bir, həm də daha zərərli çatışmazlıq da əlavə olunur. 

Hələ ABŞ-da işləyərkən bu ölkənin müvəffəqiyyətlərinin səbəblərini araşdırmaq məqsədi ilə bir politoloq professordan bu başlıqla əlaqədar bir sual ünvanladım: Nə üçün Amerika, ümumiyyətlə, Qərb siyasətçiləri adətən həmişə prosesləri uğurla idarə edə bilirlər, amma Şərqdə belələri çox az təsadüf olunur? Bu alim yalnız bir əsas səbəb göstərdi və mənə elə gəldi ki, çox düzgün cavab oldu: “Bizim siyasətçilərimiz qərarları son nəticə üçün  soyuq başla qəbul edirlər, Şərq siyasətçiləri isə daha çox emosiyalarını söndürmək üçün, son nəticəni nəzərə almadan qərar verməyə üstünlük verirlər”.

Bu tip siyasətçilər daha çox müsəlman toplumlarda və Şərq bölgələrində rastlanır. Şəxsi təcrübəmdən, həm dövlət idarəçilik sistemində, həm də sadə müəllimlik təcrübəsində hər an qarşılaşdığım bu nöqsanlar bütün idarəçilik mərhələlərində özünü büruzə verib. Sovet sistemi dağılarkən avqust 1991-ci il dövlət çevrilişinə qiymət verilməsi təmiz emosional proses idi. O vaxt iki reaksiyanı müqayisə etdim:  O vaxtkı Azərbaycan rəhbəri İranda səfərdə olarkən heç kimlə müzakirə etmədən, təhlilsiz, mütaliəsiz dövlət çevrilişini tam dəstəkləyən bəyanat verdi. Jurnalistlər eyni sualla o anda istirahətdə olan ABŞ prezidentinə müraciət etdilər. ABŞ prezidenti hər hansı münasibət bildirməkdən yayındı, jurnalistlərə elan etdi ki, Vaşinqtona uçmalı, komandası ilə vəziyyəti öyrənməli, müzakirə etməli və yalnız bundan sonra bəyanat verməlidir.  Vaşinqtona dönüb, məsləhətçiləri, komandanın bütün üzvlərini toplayıb, geniş müzakirə etdikdən sonra ABŞ prezidenti məntiqə uyğun bəyanat verdi.

Maliyyə naziri işləyərkən, ciddi investisiya çatışmazlığını aradan qaldırılmaq üçün iri banklarla geniş miqyaslı müzakirələr aparırdım, hər bir nailiyyət uzunmüddətli çalışmalar nəticəsində başa gəlirdi. Hökumət üzvlərindən birinin "bizdə nüvə bombası var" emosional  bəyanatı bütün istiqamətlərdə sərt məhdudiyyətlərlə nəticələndi. Nüvə silahının xəbəri efirə gedən gündən mənimlə  bütün danışıqlar dayandırıldı. Eyni məntiqlə Rusiya, İran, Türkmənistan, Özbəkistanla əlaqələrə olduqca mənfi təsir göstərən emosional bəyanatlar bir çox sahələrdə ölkəni çıxılmaz duruma salmışdı. İki istiqamətdə ən böyük yükdaşıma arteriyası (Cənub və Şimal) olan yollar bağlanmış, ərzaq və dərman göndərilməsi belə təhlükə qarşısında qalmışdır.  Sonralar hökumət üzvü kimi bu problemlərin həlli üçün şəxsən iştirak etdim və sadə emosional söz yarasının sağalmasının nə qədər mürəkkəb və böyük xərc tələb edən proses olduğunu müəyyənləşdirdim.

Daha bir emosional qərar Rusiya ordusunun çıxarılması ilə əlaqədar olan proses  idi. Qarabağ savaşında Rusiya ilk vaxtlarda Azərbaycanda daha böyük maraqları olduğuna görə Azərbaycan tərəfə daha çox kömək edirdi. Bu kömək nəticəsində (daha doğrusu, daha çox müdaxilə etməmək) 1992-ci il iyun ayından başlayaraq qısa müddət ərzində Azərbaycan ordusu sürətlə irəlilədi, az qala Xankəndinə qədər çatdı. O vaxt Rusiya elə bir vəziyyətdə idi ki, hər şey alınıb satılırdı. Bu vəziyyətdən istifadə edərək çox "ucuz qiymətə" Rusiyadan hər şey əldə etmək olardı. Azərbaycanın həmişəki kimi hər cür maliyyə imkanları var idi. Güc nazirlərinin hamısına maliyyə naziri kimi açıq elan etmisdim ki, müharibə üçün nə qədər pula ehtiyac olsa təmin olunacaq. Bunun üçün real imkanlar və mənbələr formalaşdırılmışdı. Təəssüf, bu üstünlükdən istifadə edə bilmədik  Yenə də, emosionallıq yanlış qərara üstünlük verilməsinə gətirib çıxardı, mütləq və həmin vaxt Rus ordusu çıxarılması ortaya atıldı.  Azərbaycan heç olmasa bir il bu emosional qərarla  gözləyə bilsəydi, çox güman ki, bir ilə Qarabağ məsələsi həll oluna bilərdi. Bir emosional qərar isə ölkəni çox ağır duruma gətirdi. Rusiya ordusu bizim planlarımıza uyğun ölkədən çıxarılmadı, yalnız Azərbaycan daxilində yerdəyişmə etdi, Azərbaycanın nəzarətində olan Vətən torpaqlarından, Ermənistanın nəzarətində olan işğal olunmuş Vətən torpaqlarına köçürüldü və artıq o tərəfdən döyüşməyə başladı.

Azərbaycanda yerləşdirilmiş rus ordu hissələrinin hamısı həm Azərbaycanın tam nəzarətindən çıxarıldı, həm də bütövlükdə düşmən tərəfə keçdi.  Nəticə artıq hamıya bəllidir: ağır canlı qüvvə  itkisi, əmlak, mal-mülk dağıntısı,  bir neçə rayonun işğalı, dövlət idarəetmə sisteminin, ideologiyanın dağıdılması, 100 milyardlarla zərər və s. Soyuq başla nəticəyə uyğun qərar qəbul olunması hər bir variantda o anda rus ordusunun təcili olaraq çıxarılmasını qəti imkan xaricində hadisə kimi göstərir. Rusiya o vaxt, elə indi də tənəzzüldə, parçalanmada olan imperiya idi, Azərbaycan isə yeni dövlət quran ən azı ideoloji proqresdə olan dövlət idi. Əgər Rusiya imperiya ambisiyalarını davam etdirəsi olsaydı, belə bir imperiyanı saxlamaq qətiyyən imkansız kimi görünürdü, yəni belə bir imperiyanın çökməsi labüd idi. Belə olan halda nə üçün bu qədər tələskənlik etmək lazım olduğunu düşünməliyik? Digər variant, Rusiya Avropa sivilizasiyasına qovuşaraq normal inkişaf yolunu tutsaydı, daha yaxşı, Rusiya öz ordusunu Azərbaycanın etirazı zamanı bu bölgədə saxlaya bilməzdi.

İkinci Qarabağ müharibəsində də, xüsusilə son məqamda Rusiya ilə qalxan problemi həll edərkən,  mən çox çəkinirdim ki, eyni varianta üstünlük verilə bilər. Amma Ali Baş Komandana elmi və siyasi potensial, erudisiya və yüksək siyasi bilgi hər addımda ən optimal qərar qəbul etməyə imkan verdi. Gələcəkdə də Azərbaycan siyasətinin daha çox qərbləşməsi, idarəçilik sisteminin emosional tipdən son nəticə prinsiplərinə uyğunlaşdırılması zərurətə çevriləcək, bu da nəinki Azərbaycana, hətta bütün makroregiona bir ilk olaraq daxil olacaq.

Qarabağın azadlığı uğrunda gedən müharibənin başlanğıcından etibarən, hətta birinci atəşkəs dövründən bu günə kimi, ölkə liderinin demək olar ki, bütün qərarları yalnız son nəticəyə uyğun olaraq qəbul edilmiş qərarlar olub. Bu kitabda bütün başlıca qərarların işlənməsi, qəbulu və icrası mexanizmi araşdırılır, Qarabağla əlaqədar olan bütün qərarların yalnız uzaqgörən mütaliə, müzakirə və düşüncə nəticələri əsasında qəbul olunduğu isbat olunur. Məhz İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq və dönməz qələbəsi də belə zərgər dəqiqliyi ilə hesablanmış qərarların nəticəsidir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR