Özünü yandıran əlilin atası danışdı, Zaur Həsənovun dərdi və son fotosu yayıldı - FOTOLAR

img

26-12-2013 [17:02]


Ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənov bir necə gün öncə də özünə Azneft meydanında od vurmaq istəyib.

Bu barədə məlumatı yaralına baş çəkmək üçün 5 saylı şəhər xəstəxanasında olan ANS PRESS-ə yaralının atası Həsən Həsənov verib. 

"Gedib deyirdi ki, özümü yandıracam. Azad Həmkarlar İttifaqları konfederasiyasının sədri Səttar Mehbalıyev isə ona "yaxşı edirsən, get yandır" deyirdi. 15 gün qabaq özünü yandırmağa cəhd edib. Lakin o zaman Azneft dairəsində Səbail polisləri xahiş edərək onu bu əməlindən çəkindirə biliblər. Onlar dedilər ki, biz özümüz Səttar Mehbalıyevlə danışıb onu yola gətirərik, cənab Ramil Yusubova deyərik onu yola gətirər. Yenə xeyiri olmadı.

Neçə vaxtdır oğlumu yalandan aldadırdı. Başına min oyun gətirirdi. Bu günə qədər 12 məhkəmə olub. Hamısında oğlum uduzub, udada bilməz axı. Səttar deputatdı onun əli hər yerə çatır” - deyən Həsən kişi, oğlunun özünü yandırmasında Azad Həmkarlar İttifaqları konfederasiyasının sədri Səttar Mehbalıyevi günahlandırdı..

Atasının sözlərinə görə, Zaurun krediti olduğu üçün evi bankdadır, ərzaq dükanına 700 manat borcu var. 5 uşağı saxlamaq lazımdır. 200 manat pensiya ilə ailə saxlamaq olmur. Ata 5 uşağı olan Zaurun 110 manat pensiya aldığını deyib. O, bildirib ki, uşaqları 8 yaşına çatandan sonra uşaq pulu da ala bilməyib, deyiblər sizə pul düşmür: ”Mehbalıyev adamını tökdü buldozerlə oğlumun obyektini sökdürdü. Obyekt ortada yerləşir. Nə üçün digərlərinə toxunmayıblar, ancaq mənim oğlumun obyekti sökülüb? Oğluma deyirlər ki, bu obyektden çıx. Zaur isə onlara qulaq asmadı. Onunla maraqlanmağa gələnlərin hamısı Qarabağ əlilləridir, heç bir rəsmi şəxs gəlməyib". 

Hal-hazırda vəziyyəti ağır olan əlilin yaxınları bildiriblər ki, bu Z.Həsənovla bağlı ilk hal deyil. "Səttar Mehbalıyevin adamları 2 il bundan qabaq gecə saat 12-də Zaurun başına torba keçirib, əlini bağlayaraq maşınının baqajına salıb aparıblar. Villasında onu hədələyiblər. Bütün bunlara baxmayaraq o, geri çəkilməyib".

Qeyd edək ki, bu gün həmçinin Qarabağ qaziləri, Zaur Həsənovun dostları və yaxınları xəstəxanaın qarşısına toplaşaraq ona dəstək nümayiş etdiriblər. 

Qarabağ Qaziləri İctimai Birliyinin Etimad Əsədov ANS PRESS-ə açıqlamasında bildirib ki, Z.Həsənov 1994-cü ildən etibarən Bibiheybət bələdiyyəsində imzaladığı icarə müqaviləsi əsasında özünə çayxana açıb. Bu yolla özü ilə bərabər bir neçə ailəni və özünün 5 uşağını oradan gələn gəlir ilə dolandırırıb. "18 il işlədikdən sonra Səttar Mehbalıyev şəxsi nüfuzundan, vəzifəsindən sui istifadə edərək Zauru məhkəməyə verib. 2010-cu ildə Zaur Həsənovun əleyhinə qərar çıxarılıb. Zaur bələdiyyə sənədi ilə obyekt işlədib. Evini banka qoyaraq 100 min manata qədər kreditə pul götürüb".

E.Əsədovun sözlərinə görə, Azad Həmkarlar İttifaqları konfederasiyasının sədri qanunları pozaraq Zaurun obyekti sökdürüb. "60 nəfər əlilin imzası ilə prezident admnistasiyasına, Milli Məclisə müraciət edilib. Zaur öz ailəsi ilə Əli Həsənovun, Zeynal Nağdəliyevin,əmək və əhalinin sosial müdafiəsi nazirinin, Səbail icra hakimiyyətinin başçısının qəbulunda olub. hamısı bir mənalı olaraq "biz Səttara heç nə deyə bilmərik” deyə bildirirlər. Səttar kimdir ki, Azərbaycanda ona heç kim heç nə demir? Biz prezidentimizin mövqeyini gözləyirik". 














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA