“DƏMİR YUMRUĞ”UN GÜCÜNƏ GÜC QATDIQ” - Təhsil şöbəsinin müdiri ilə MÜSAHİBƏ

img

16-03-2021 [12:39]


İmişli rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev: “Təhsil işçilərimiz Vətən müharibəsində olduğu kimi, yay tətili günlərində də Qarabağın yaşayış məntəqələrində bərpa-quruculuq işlərində öndə olmağa hazırdır”.

***

İmişli rayonunda son illər təhsilin yeniləşməsi istiqamətində xeyli işlər görülmüşdür. Karantin rejimində təlim-tərbiyə işinin təşkili, ümumi təhsil müəssisələrində Vətən sevgisinin aşılanması, Qarabağ Zəfəri ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə həmsöhbətimiz Təhsil Şöbəsinin müdiri Quliyev Ələmdar Abbas oğludur.

Qeyd edək ki, Ələmdar müəllim ikinci ildir ki, şöbəyə rəhbərlik edir. İşlədiyi müddətdə rayonda təhsilin bütün istiqamətləri üzrə uğurlu göstəricilər əldə olunub.

Beləliklə, şöbə müdiri Ələmdar Quliyevlə müsahibəni təqdim edirik:

- Xoş gördük, Ələmdar müəllim. Öncə istərdik ki, rayonunuzun təhsil mənzərəsi barədə məlumat verəsiniz.

- Xoş gördük! Təşəkkür edirəm. Rayonumuzda 2 ibtidai, 3 ümumi orta və 57 tam orta məktəb olmaqla 62 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, Şahmat məktəbi və Uşaq Yaradıcılıq Mərkəzi də var. 62 ümumi təhsil müəssisəsində 18500-ə yaxın şagird təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 1720 nəfər pedaqoji işçi məşğuldur ki, onların da 1251 nəfəri, yəni 71,5  faizi qadınlardır.  

Qeyd edim ki, təhsilin müxtəlif istiqamətləri üzrə inkişaf dinamikasına nail olmuşuq. Məktəblərin maddi-texniki bazası yaxşılaşmış, kadr potensialı gənc müəllimlərin hesabına xeyli yenilənmişdir. Son 10 ildə 46 məktəbin binası yenidən inşa edilmiş və yaxud əsaslı təmir olunmuşdur. IX-XI siniflərdə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrinə görə də ilbəil həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri inkişafı əks etdirir. Son 3 ildə ali məktəbə qəbul olunanların sayı da fərqli şəkildə artmışdır. 2019-cu ildə bu rəqəm 306 nəfər təşkil edirdisə, 2020-ci ildə məzunlardan 360 nəfəri ali məktəblərə qəbul olunmuşdur.

Pandemiya şəraiti müəyyən çətinliklər yaratmasına baxmayaraq şagirdlərimiz olimpiada və bilik yarışlarının və eləcə də intellektual oyunların respublika mərhələsində uğurlar qazanırlar. Son günlər “ Məktəblərarası bilik yarışması layihəsi”nə start vermişik. İlk təcrübə İmişli şəhər A. Eminov adına 7 saylı tam orta məktəblə rayonun Əliqulular kənd tam orta məktəbinin şagirdləri arasında  onlayn formada “Çiçək, çiçək qrupları” mövzusunda oldu. Bu yarışma uşaqların bilik və bacarıqlarının üzə çıxarılmasına xidmət edirdisə, eyni zamanda, rayonumuzun qabaqcıl təcrübəyə malik biologiya müəllimi, “İlin müəllimi müsabiqəsi” nin qalibi, “Tərəqqi” medallı Leyli Əliyevanın gənc təyinatçı biologiya müəllimi Taleh Cavadovla təcrübə mübadiləsi xarakteri də daşıyırdı. Bilik yarışması artıq rayonun bütün məktəblərində aparılır.

- Ölkədə koronavirus (COVİD-19) pandemiyası ilə bağlı tədrisin təşkili yeni format aldı. Sizdə bu proses necə təşkil olunub?

- Bəli, 3 mart 2020-ci il tarixdən pandemiya şəraiti ilə bağlı tədris distant (məsafədən) təşkil olunmağa başladı. Müəllimlər tədrisi onlayn qaydada apardı, “Dərs vaxtı” şagirdlərin teledərs layihələrinə qoşulmasını təşkil etdi və eyni zamanda “WhatsApp” tətbiqi və digər vasitələrlə proqram materiallarının tam şəkildə mənimsənilməsinə nail oldular. İlin sonunda buraxılış siniflərinin yekun qiymətləndirilməsi (attestasiyası) onu göstərdi ki, mövcud çətinliklərə baxmayaraq, müəllim-şagird kollektivlərimizin birgə səmərəli əməyi nəticə vermişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən ana dili və ədəbiyyat, riyaziyyat və xarici dil fənləri üzrə aparılmış yekun qiymətləndirilmənin (attestasiyanın) nəticələri əvvəlki illərdən üstün oldu.
2020-2021-ci tədris ili də koronavirus (COVİD-19) pandemiyası ilə bağlı xüsusi özəlliklər tələb edir. Ona görə də fəaliyyət planlarımızı xüsusi karantin rejiminin tələbləri və mövcud hüquqi-normativ sənədlər əsasında planlaşdırmışıq. Təhsil Nazirliyi tərəfindən hazırlanıb yerlərə göndərilmiş meyarlar fəaliyyətimizin əsas qayəsidir. Pandemiya ilə bağlı sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, qarşıda duran vəzifələri təhlil edib, düzgün nəticə çıxarmaq üçün bütün ümumi təhsil müəssisələrində meyarlara nəzarət komissiyaları yaradılmışdır. Həmin komissiyalar hər gün Təhsil Şöbəsinə görülmüş işlər barədə məlumatlar verir ki, biz də ümumiləşdirib Təhsil Nazirliyinə və aidiyyatı qurumlara göndəririk. Pandemiya şəraitində bütün fəaliyyətimiz “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə “Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarının icrası haqqında Təhsil Nazirliyinin müvafiq əmr, göstəriş və məktubları əsasında tənzimlənir. Təhsil nazirinin “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” 10 sentyabr 2020-ci il tarixli F-420 nömrəli əmri isə bütün təlim-tərbiyə işinə ayna tutacaq bir sənəddir. Fəaliyyətimizi düzgün planlaşdırmışıq və hesab edirəm ki, nəzərdə tutulan hədəflər bütövlükdə Azərbaycan təhsilini daha böyük uğurlara aparacaq.

- İlin ən önəmli hadisəsi Qarabağ Zəfəridir. Bu Zəfərdə təhsilimizin yeri və rolu, Zəfər tarixi ilə bağlı gördüyünüz işlər barədə nə deyə bilərsiniz?

- Qarabağ Zəfəri Azərbaycanın həyatında tarixi və əvəzolunmaz bir hadisədir. Biz haqq işi üçün müharibə etdik. Bizim müharibə ədalətli idi. Bəs Ermənistan nə edirdi? Nə üçün işğalçılıq siyasətindən əl çəkmirdi? Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dinc əhalisini raket atəşlərinə tutub, yaşayış məntəqələrimizi dağıdırdı. Bütün bunlara rəğmən artıq dinc əhalinin də, ordumuzun da, Ali Baş Komandanımızın da səbri tükəndi. İlham Əliyev dəfələrlə “Düşmən ölkənin xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar” söyləməsinə baxmayaraq, Ermənistan rəhbərliyi öz təxribatçılıq missiyasından geri dönmək istəmirdi. Əsgər və zabitlərimiz silaha sarıldı “Qarabağ bizimdir!” şüarına “nəfəs” verdi. Münaqişənin hərb yolu yoxdur deyən Minks qrupu, ona həmdsədrlik edən ölkələr gördülər ki, Azərbaycan ordusu güclüdür, öz torpaqlarını işğaldan azad edə bilir. Təbii ki, bu tarixi zəfərdə Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin yeri və rolu var. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin yanında olduq, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, mübariz iradəli İlham Əliyevin “Dəmir yumruğ”unun gücünə güc qatdıq.

Bu yerdə mərhum böyük şairimiz Rəsul Rzanın şeirini xatırlamaya bilmərəm:

Mən  vətənin qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm qeyrəti,
həm qayğısı,
həm şöhrəti – 
Böyük borcu boynumdadır.
Boynumdadır! 

Bu kimi ədəbiyyat nümunələri ilə Vətən sevgisi aşılayan gənc Azərbaycan müəllimi və təhsil işçiləri də könüllü cəbhəyə üz tutdular. Ordu, xalq və dövlət birliyində vətənpərvər təhsil işçiləri öndə oldular. Təkcə onu demək kifayətdir ki, II Vətən müharibəsində bir təhsil şöbə müdiri, 32 direktor müavini və 20 məktəb direktoru olmaqla 700-ə yaxın təhsil işçisi iştirak etmişdir. Zəfərə gedən yolda 20 nəfər çiyindaşımız Şəhidlik zirvəsilə adlarını tarixə yazdılar. Bizim doğma İmişlimizdən də 27 nəfər təhsil işçisi Qarabağ Zəfərində qəhrəmanlıq göstərmişlər. Biz mütəmadi olaraq onlarla görüşlər keçirib, Zəfər düşüncələrini bölüşürük. Onlar qəhraman Azərbaycan xalqının qəhraman müəllimləridir.

- Gənc nəslin Vətənpərvərlik tərbiyəsində məktəbin yeri və müəllimin rolu əvəzolunmazdır. Bu istiqamətdə bir təhsil idarəçisi kimi işlərinizi necə qurmusunuz?

- Vətənpərvərlik tərbiyəsi kompleks tərbiyənin əsas qayəsidir. Təbii ki, bunun bünövrəsi ailədə qoyulur, məktəbdə davam etdirilir və möhkəmləndirilir, həyatda isə öz reallığını tapır. Əvvəldə söylədiyim kimi qəhraman Azərbaycan xalqının müəllimi də qəhramandır. Təlim-tərbiyə prosesində gördüyü işlərlə bərabər, onun şəxsi nümunəsi, həyat yolu da Vətən sevgisinə bir örnəkdir.

Məktəblərdə Şəhidlərimizin guşələri yaradılıb, onların döyüş yolunu əks etdirən materiallar toplanılıb. Yuxarı sinif şagirdlərinə videoçarxlarla Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsindəki çıxış və görüşləri, eyni zamanda, düşmən üzərində zəfəri əks etdirən maraqlı məqamlar təqdim olunur. Bütün ümumi təhsil məktəblərində “Vətənin qəhraman oğulları”, “Qarabağ bizimdir!”, “Əziz Şuşa, sən azadsan!”, “Mənim qəhramanım!” və “Əsgər anası” mövzularında inşa və rəsm masabiqələri, ədəbi-bədii kompozisiyalar keçirilir. Məktəblərdə veteranlarla canlı görüşlər, Şəhid ailələrinin və məzarlarının ziyarət olunması da uşaqlarda sonsuz Vətən sevgisi yaradır.

- Belə bir fikir dolaşır ki, Təhsil Şöbələri ikili idarəetmədən, yəni Təhsil Nazirliyi ilə İcra Hakimiyyəti arasında birgə fəaliyyətdən əziyyət çəkirlər. Siz nə düşünürsünüz, bu fikirlər həqiqətə uyğundurmu?

- Bildirim ki, artıq təhsil sistemində kadr potensialının seçilməsi və yerləşdirilməsi tam olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Maliyyə və təchizat isə yaradılmış ƏMHM-lər tərəfindən ödənilir. Bizim İmişli rayonuna İcra Hakimiyyəti başçısı cənab Elçin Rzayev yeni təyin olunub. Biz hər an onun qayğı və diqqətini hiss edirik. O, məktəblərimizdə yaranmış və yarana biləcək bütün problemlərdə bizə ən yaxın köməkçidir. Sizin dediklərinizə gəlincə isə xatırlayıram ki, 5-10 il bundan əvvəl belə hallar olurdu.

- Bir idarəçi kimi təhsilin hansı aktual problemləri Sizi narahat edir?

― Azərbaycanda iqtisadi sahədə olduğu kimi, təhsil sahəsində də inkişaf və yeniləşmə yetərincədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” barədə 24.10.2013-cü il tarixli sərəncamı çox mühüm sosial bir hadisə oldu. Strategiyada həm görülmüş işlər, həm də həlli vacib olan problemlər öz əksini tapdı. Bu sənəd həm də Ümumilli Liderimiz Heydər Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin davamı kimi də öz əksini tapdı. Həyat inkişaf etdikcə yeniləşmə tələb edir. Təhsilimizdə maddi-texniki baza, müəllim, müəllim-şagird, valideyn-məktəb münasibətləri və dərsliklər zamanın tələbinə uyğun gəlməlidir. Bəzi məktəb binalarımız müasir tələblərə cavab vermədiyi üçün dərslər iki növbəli keçirilir, altı iş günü rejimində işlənilir. Qış mövsümündə odun sobası ilə otaqların qızdırılması da müəyyən çətinliklər yaradır. Təəssüf edirəm ki, hələ də məktəblərimizdə İKT bacarıqları olmayan, ənənəvi metodlarla işləməyə üstünlük verən müəllimlər vardır. Yeni gələn təyinatçı müəllimlər İKT üzrə bacarığı olub, ixtisaslarını mükəmməl bilsələr də, metodik bacarıqları zəifdir. Müəllim-şagird münasibətlərində problem olduğu halda bütün istiqamətlərdə çıxış yolu müəllimdə olmalıdır. Dərsliklərimiz yenilənir. Buna baxmayaraq, ibtidai sinif dərsliklərində tələffüzü çətin olan termin və uşaqların anlaşa bilmədiyi mövzulara da rast gəlinir. 

- Başqa nə demək istərdiniz?

― Bir ildən artıqdır ki, pandemiya, cari dərs ilində isə Vətən müharibəsi tədrisdə çətinliklər yaratsa da, öhdəsindən uğurla gəlirik. Allah qoysa, müharibədə qalib olduğumuz kimi, dünyanı cənginə almış pandemiya ilə mübarizədə də qalib olacağıq. Təhsil işçilərimiz Vətən müharibəsində olduğu kimi, yay tətili günlərində də Qarabağın yaşayış məntəqələrində bərpa-quruculuq işlərində öndə olmağa hazırdır.

Asim Hüseynli,

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA