Nazirlikdə şübhəli tender: eyni şirkətə milyonluq layihələr necə verilib? - İqtisadçı “korrupsiyanın buynuzu olmur ki?” deyir

img

19-02-2021 [19:03]


Gənclər və İdman Nazirliyinin Xəzər Rayon Gənclər və İdman İdarəsi bir gündə eyni şirkəti elan etdiyi 3 tenderin qalibi olduğunu açıqlayıb.

Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, tenderlərin ümumi məbləği 2 milyon 207 min 100 manatdır. Qalib elan olunan şirkət "Tremix-Co" MMC-dir.

Bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan olunan tenderlə bağlı şirkətə 2 milyon 157 min 600 manat ödəniləcək. Müqavilə öhdəliyi 19 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlərini əhatə edəcək.

Eyni adlı - Bədən tərbiyəsi və idmanın təşkili – başlıqlı digər tenderə görə "Tremix-Co" MMC-yə nazirlik 21 min 576, “Gənclər siyasətinə aid mallar və hədiyyələr” adlı tenderə görə isə 27 min 924 AZN pul ödəyəcək.

Bildirək ki, "Tremix-Co” ötən il dekabrın 9-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Günel Oqtay qızı Qəmbərovadır.

Bu şübhəli tenderə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli şərhinə “korrupsiyanın buynuzu olmur ki?” ifadəsi ilə başlayıb: “Tender və dövlət satınalmaları haqqında qanunda açıq yazılıb ki, tenderlərdə iştirak üçün şirkətlərin iş təcrübəsi olmalıdır. "Tremix-Co" 3 ay (!!!) öncə yaranıb, şirkətin saytı da yoxdur. Sayt bir qırağa bu qurumu heç google də tanımır - yaxşı, nə baş verdi ki, təcrübəsiz, fəaliyyəti olmayan şirkətə 2 mln 207 min manatlıq layihə peşkəş edildi?! Bu, nə layihədir? "Bədən tərbiyəsi və idmanın təşkili" - bu nə deməkdir?! 2,2 mln manata uşaqlara idman etdirəcəklər, "1, 2, 3, 4 - kim sevirsə idmanı", deyəcəklər?!”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA