DÖRD TABUT
16-02-2026 [22:56]
Əli Bağış
***
“Qızıl saraylarda fərman verildi,
Tarix gəldi keçdi ac komalardan”.
Bəxtiyar Vahabzadə
***
Əri onu – Sonanı atıb Rusiyaya qazanc dalınca gedəndə Nihadının 2 yaşı vardı. And-aman etmişdi ki, gedib özünə yer eləsin, qayıdıb gələcək, öz əzizlərini aparacaqdı ora. Sonanın içində bir hiss yaranmışdı ki, o - Səttar bir daha qayıtmayacaq və onu bir da ha görməyəcək. Vaxt vardı, kənd cavanlarının çoxunun vurulduğu, dəli-divanəsi olduğu idi Sona. Maqnitofonlarında onun üçün Qədirin “Sona bülbüllər”i yorulub-yorulub heydən düşənəcən oxuyardı. Sona isə nə yanıqlı səsə fikir verərdi, nə də ona yanıqlı yanıqlı baxan kənd oğlanlarına.
Və bir gün Sonanı sevənlərdən biri Səttarın (Səttar da boylu buxunlu, atıb-tutan, vurub-yıxan bir oğul idi ha…) anası uzun tumanının ətəyindən tutub onların taxta qapısından içəri girdi, Səttarın tərifini toz basmış küçələrdən göyün yeddinci qatına qaldırdı. Sonanın anası qızından “hə” cavabı yerinə “özünüz bilərsiniz” aldıqdan sonra da Səttarın anası elə göyün yeddinci qatına qaldırdığı oğluna şad xəbəri çatdırmaq üçün göyün yeddinci qatına qanadlanmışdı.
Elə o gündən Qədirin “Sona bülbüllər”i o kəndin tozlu-torpaqlı küçələrindən birdəfəlik uçub getmişdilər, elə Sonanın dərdindən dəli-divanə olan cavanlar kimi. Sonanın dərdindən dəli-divanə olanlardan Yanıq Kərəm kimi yanan Kərəm də bir bənd şeir yazıb bacısına - Gülgəzə vermişdi ki, mütləq Sonaya çatdırsın. Bacısı da o dörd misranı oxumuşdu və heç nə başa düşməmişdi.
Nə səkkizillik ortabab təhsili, nə baxdığı hind filmləri, nə də Meksika serialları köməyinə gəlmişdi. Məktubda yazılmışdı:
“Səni də gora verdilər,
Gəlin getdin, qız gəldin.
Elə bir ilə verdilər,
Yaz getdin, payız gəldin”.
Sona da Gülgəz kimi heç nə başa düşməmişdi və eləcə kağızı parça-parça edib vermişdi yellərin ağzına… O gün, bu gün Kərəmi görən olmamışdı…
…Və beləcə, günlərin bir günü Sona Səttarın evinə gəlin köçdü. Gün günü qovdu, ay ayı qovdu və Sona buz baltası kimi oğul doğdu. Nihad qoydular adını. Səttar-Sona sevgisinin bu gözəl payının gəlişi hamını sevindirdisə, işsiz-gücsüz Səttarın qaşqabağını heç açmadı: “Heç özümü, ailəmi saxlaya bilmirəm, bu körpəni ne cə saxlayacam?”- dedi və üz tutdu gedər-gəlməzin sinonimi olan ucsuz-bucaqsız Rusiya çöllərinə. Səsi gah Uzaq Şərqdən, gah Sibirdən, gah Moskvadan, gah Murmanskdan gəldi. Bu arada da böyük bir qanlı imperiya öz qanlı ömrünü başa vurdu. Səttarın adı xoşagəlməz işlərdə hallanırdı, yeni təbirlə deyildiyi kimi, böyük “avtoritet” olmuşdu. Adı-sanı, pulu-parası, şanı-şöhrəti hər yana yayılsa da, bundan təkcə Sona narahat idi. Hər gün körpəsini tənha ürəyinə sıxıb göz yaşlarını yaz yağışı kimi səpir, çox gecəni dirigözlü səhərə çıxarırdı. Səttarın anası öldü, gəlmədi, atası öldü, gəlmədi. Səttardan gələn isə təkcə “yaşıl” rəngli pullar idi və Sona da o pullara gözü nün ucuyla belə baxmırdı. Baldızı o “yaşıl”ları dəyişdirib, geninə boluna bazarlıq edib evə daşıyırdı. Beləcə, bir neçə il keçdi. Bir səhər tezdən Sonagilin evinin qapısının önü Sonanın ömründə görmədiyi qara maşınlarla doldu. Yox, Səttar gəlməmişdi, Səttarı gətirmişdilər. Bütün kənd qara-qara, bahalı-bahalı maşınlarla doluydu. Hətta məktəb uşaqları saymışdılar da, düz 345 maşın idi. Sona o saat başa düşdü ki, nə olub, nə baş verib. Heç nə deməyib, heç nə danışmayıb 4 yaşlı körpəsini qucaqladı, səssizcə göz yaşlarını heç nə anlamayan körpə Nihadının üstünə axıtdı.
Nəhəng cüssəsi güclə tabuta yerləşən Səttarı qara maşınlar dan düşən, barmaqları iri üzüklü, boyunları qızıl zəncirli, belləri qara tapançalı, at ağızlı dostları aparıb dəfn elədilər və 7 gün məc lis verəndən sonra Sonanın hüzuruna gələn əli təsbehli, ən yaşlısı bir daha kədərlə başsağlığı verib dedi: – Bacım, qızım! Səttarın hamımızın üstündə tonlarla haqqı var. Biz ölənə kimi onun haqqını qaytara bilmərik. Səttar tək mərd oğul deyildi, həm də millətin başçısı idi. Elə millət yolunda qurban getdi. Erməni dığasının, bizlərə “azərbaran” deyən Surenin bağırsaqlarını qarnından çıxarıb boğazına doladı. O namərd də yekəpərin biri idi, özündə güc tapıb tapançasıyla Səttarı güllələdi.
Bu çamadanda 1 milyon dollar pul var. Səttarın pullarıdır. Mənə vermişdi ki, başıma bir iş gəlsə, ailəmə çatdırarsan. Səttarın namusu bizim namusumuzdur. Nihad bizim balamızdır. O da bizim himayəmizdə olacaq. Kişi kimi böyüdəcəyik…
Adam hey danışırdı. Bəzən elə qəribə sözlər eşidirdi ki, Sona heç nə başa düşmür, daha doğrusu, başa düşmək belə istəmirdi. Səttardan daha çox öz taleyinə və yetim körpəsinin taleyinə ağla maqdan gözləri qanla dolan Sona körpəsinin əlindən tutub qapıya doğru getməyə başladı. Qapıya çatanda geri döndü. Sakit səslə dedi:
– Bu pullar Səttarın qan pullarıdır. Bu pullar nə mənə, nə də mənim körpəmə lazımdır. Mən sizi qovmalıydım, amma özümü qovuram. Gəldiyim atam evinə qovuram özümü. Nə məni, nə də mənim balamı bundan sonra tanımırsınız. Öz namusumu özüm də qoruya bilərəm. Mən kişi qızı və kişinin xanımı olmuşam!
– Bəs bu pulları nə edək?
– Yetim qoyduğunuz, ərsiz qoyduğunuz, Rusyetdə öldürüb meyitlərini göndərdiyiniz adamların ailəsinə paylayın…
Sona belə Sonaydı. Sona Səttarın tabutuna getmədiyi kimi, qəbrinin üstünə də getmədi. Hətta Səttarın böyük bir heykəli düzəldilib qəbrinin üstünə qoyulandan sonra da getmədi. Sevgisini, gözəlliyini, bəxtini torpağın altına aparanı heç vaxt bağışlamadı…
Səttarın meyidi ata yurduna çatan səhərin axşamı Surenin meyiti də dağ kəndindəki evlərinə çatdı. Hamının öz aralarında Sofi Loren dediyi gözəl Anuş 4 yaşlı Armenini sinəsinə sıxıb göz yaşı tökürdü. Qara maşınlarla bütün kənd yolları doluydu. Sureni qara maşınlılar basdırmağa aparanda Anuş da öz körpəsinin əlindən tutub ata evinə tərəf gedirdi…
Ata evinə qayıdandan sonra Sonanın məşəqqətli günləri daha da şiddətləndi. (Bu hadisələr paralel olaraq Anuşun da başına gələnlərin aşağı-yuxarı eynisi olduğu üçün onu da yazıb oxucunu bezdirmək istəmirəm. Fərqlilikləri yazacağam…)
Bir tərəfdən ataana qınağı, digər tərəfdən subay, dul kişilərin öz “aradüzəldən lər”i ilə Sonanı (həm də Anuşu eyni ilə) bezdirməsi… Bir tikə çörəyi qazanıb özünü və Səttarın yetimini böyütmək zillətini yaşa yan Sona səhərdən axşama kimi günü 1-2 “şirvan”a işləyir, işdən qayıdandan sonra həyətlərində əkdiyi göy-ğöyərtini becərib, dəstə bağlayıb satırdı.
Gələn bütün “kavaler”lərin adamlarını “yox” cavabıyla yolasalır, ata-anasının dirənişinə isə sakitcə, amma çox kəskin cavab verirdi:
– Səttarın iti belə olmayandan mənə ər olmaz!
Lap abırlısı gələndə isə belə cavab göndərərdi:
– Onu başa düşürəm. Özümə də arxa lazımdır. Amma bir balamın - Nihadımın qəlbini ögey atayla qıra bilmərəm.
Gecələr bütün bədəni işləməkdən, yorulmaqdan gücsüz olan da belə oğluna heç nəyi bildirməz, qucaqlayıb dünyanın ən xoş bəxt qadını və anası kimi yuxunun ağır addımlarını gözləyərdi.
Nihad böyüyüb orta məktəbə gedəndə Sona toyunda sevindi yindən çox sevinmişdi. Nihad dərslərini babat oxuyar, anasına da çox kömək edərdi. Nihad böyüdükcə sualları da çoxalardı. 4-cü sinifdə oxuyanda uşaqlarla dalaşmış və iki-üçünü də döymüşdü.
Atası Səttar kimi atıb-vuran böyüyürdü Nihad. Bu, Sonanı həm qorxudur, həm də qürurlandırırdı.
Bir gün qonşu qadını döyülən oğlunun qisasını yeddimərtəbəli qarğışla aldı:
– Görüm dədən kimi meyidin gəlsin! Qanına qəltan olasan!
Sona bu qarğışı yeyib göz yaşlarını oğlunun kürəyinə tökə-tökə dedi: – Ana qurban! Mənim dərdim özümə bəsdir. Söz ver ki, heç kimlə dalaşmayacaqsan. Demirəm ki, başıqapazlı ol. Amma ədalətli ol. Özündən zəifə əl qaldırma, özündən güclünün də qabağından qaçma. Mərd ol!
Nihadgili məktəbdən qəbristanlığa – Qarabağda həlak olan kəndin ilk şəhidinin qəbri üstünə aparanda, haradasa, 2-3 metr hündürlükdəki heykəl gözünə sataşdı. Şəhid qəbrindən adamlar dağılaşanda qəbrə tərəf getdi. Abidənin üstündə “Millət Səttar” yazılmışdı. Bunun atasının abidəsi olduğunu bildi.
Nə atasının qranitdən yonulan heykəlinin əzəməti, nə heykəlin sərt baxışları, nə əzələli, iri əlləri, nə enli çiyinləri onu həyəcan landırdı. Sadəcə, abidənin üstündəki yazı onu çox düşündürdü:
“Millət Səttar!” Atası nə etmişdi ki, ona o adı vermişdilər? Cəmi 28 il yaşayan bu adamı niyə “Millət Səttar” deyə çağırırmışlar, niyə?!
Qəbir üstündən qayıdan Nihad anasını sorğu-suala tutdu:
– Atamın heykəlini kim qoyub?
– Dostları!
– Atam nə edib ki, adına “Millət Səttar” deyiblər?
– Rusiyada azərbaycanlıları incidən, təhqir edən ermənini öldürdüyü üçün.
– Bəs atamı kim öldürüb?
– Elə həmin erməni. Son anda tapançasını çıxara bilib, 2-3 atəş açıb…
Sona Nihadı bağrına basıb yetim balasına və öz taleyinə ağlayırdı…
…Haradasa, eyni hadisə eyni vaxtda Anuşun başına gəldi.
Qarabağda ölən erməni əsgərini dəfn edən zaman Armenin gözü qəbristanlıqda qəbir üstə qoyulmuş böyük heykələ sataşdı. Uşaq lardan ayrılıb heykələ tərəf getdi. Heykəlin üstündə belə bir yazı vardı: “Tapança Suren”.
Evə gəlib anasından soruşdu:
– Atama heykəli kim qoyub?
– Dostları.
– Bəs atamı kim öldürüb?
– Cavan bir türk.
– Niyə?
– Atan atıb-vuran igid idi, oğul. Bu Qarabağı xaraba qalsın (necə ki, qaldı), Qarabağ söhbətindən sonra iki qonşu millət arasında düşmənçilik başladı. Atan da Rusiyada at oynadır, türkləri incidir, təhqir edirmiş. Atan türkləri təhqir edən lətifə danışanda hələ heç kimin yaxşı tanımadığı türk atanı yortub. Atan da güclü adam idi, çox güclü. Bütün gücünü toplayıb tapançasını çıxardıb, iki atəş açıb. İkisi də elə orada - restoranda ölüblər. Anuş Sona kimi balasını bağrına basıb hönkürməyə başlamışdı…
Bu söhbətdən sonra Nihad qəti qərarını vermişdi: hərbçi ola caqdı. Elə Armen də. Hər ikisi hərbi məktəbə daxil oldular. Nə analarının göz yaşları, nə qohum-əqrəba nəsihətləri kömək etdi.
Hər ikisinin beynində yalnız bir fikir vardı: “Atamı erməni öldürüb!”, “Atamı türk öldürüb!”
…Atəşkəs rejimi idi. Bəzən atışmalar olur, 24 apreldə erməni diversantları cəbhə xəttini keçir, Xocalı qətliamı günü azərbaycanlı diversantlar cəbhə xəttini keçir, başqa günlərdə isə kəşfiyyat dəstələri fəaliyyətdə olur, tez-tez atışmalar düşürdü. Amma aşağı yuxarı, hamı atəşkəs rejiminə əməl edirdi.
Nihad da, Armen də snayper məktəbinin yolunu tutdu.
Snayper məktəbinin əziyyəti, fiziki hazırlığı, nəzəri dərsləri, ən vacibi - kamuflyaj dərsləri çox yorucu olurdu. Meşədə gizlənir və kamuflyajlanmalısan ki, ən azı, səni 24 saat tapa bilməsinlər! Tapıldın, deməli, yaxşı gizlənə bilməmisən. İlk atəşlə hədəfi vurmalısan. İkinci şansın yoxdur.
Beləcə, bir il də gəlib keçdi. Hər ikisi yüksək nəticələrlə snayper məktəbini bitirmişdilər. Kəndlərinə gələndə bədbəxt analar sevindilər. Nişan apardılar. Hər ikisi analarını inandırırdılar ki, atəşkəsdir. Nəinki düşmən, heç silahlı adam görmürlər. İnstruktor kimi əsgərlərə təlim keçirlər. Və az keçmiş hər ikisi toy elədi.
Sevdikləri gözəllə evləndi. Aldıqları məvacib ailələrinin dolanışığına bəs edirdi. Üstəlik, ezamiyyə pulları verilirdi, tez-tez xaricdə təşkil olunan kurslarda dünya ölkələrini gəzirdilər.
Bu arada hər ikisi atalarının qatillərinin adlarını, çətinliklə də olsa, öyrənmişdilər. Təbii, bu işdə orduda olan nüfuzlarının da rolu az olmamışdı: Əhmədov Səttar Həsən oğlu / Mikaelyan Suren Amayakoviç.
Heç özləri də bilməzdi və ağıllarına gəlməzdi ki, haçansa buadlar lazımları olacaq. Daha bir neçə il keçdi. Hər ikisinin övlad ları oldu. Hər ikisi oğullarına atalarının adını verdilər. Paytaxtdaevləri olmasına baxmayaraq, anaları elə kənddə yaşayırdı, həyat yoldaşları da onlarla.
…MDB ölkələrinin ordularının elit snayper yarışması Belarusda keçirilirdi. Qaçmaq, üzmək, baryerləri aşmaq, gizlənmək, hər növ silahdan atəş açmaq və ən sonda da 1500 metrlik 3 hədəfi 3 atəşlə vurmaq… Son finalçıların adlarını elan etdilər: Əhmədov Nihad Səttar oğlu, Azərbaycan / Mikaelyan Armen Surenoviç, Ermənistan.
İki hündürboy, yaraşıqlı zabit kürsüyə çıxanda öncə Armen dilləndi:
– Səttarın oğlusan?!
– Sən də Surenin!
İkisi də bir-birilərini ilk dəfə görmələrinə baxmayaraq, artıq düşmən idilər; həm milli, həm şəxsi. Hər ikisi birinci yeri tutub ölkələrinə qayıtdılar. Heç vaxt ondan sonra MDB adı altında olan yarışmalara qatılmadılar…
Bir gün öz analarına danışdılar. Analar ağlaşdılar, vay-şüvən qurdular, özlərini dağa-daşa çırpdılar. Anuş yalvardı, Sona yalvardı: “Öz həyatınızı yaşayın. Düşmənçilik etməyin. Biz çəkdiyimiz əzablara öz həyat yoldaşlarınızı salmayın. Körpələrinizə yazığınız gəlsin. Özünüzə yazığınız gəlsin…”
…Bir gün Nihada komandirin çağırdığını dedilər. Hərbi təzim edəndə polkovnik işarəylə stulu göstərdi. Və ağır-ağır sözə başladı:
– Nihad, bir erməni dığası bir snayperimizi və bir kapitanı vurub. Bizdə deyirlər ha, “quşu gözündən vurur”. Eyni ilə, hərikisini gözündən vurub. Çoxdan belə hadisə olmurdu. Atəşkəs dövründə az qalsın bizim əsgərlər ilə onların əsgərləri səngərdən-səngərə, bir-birinə siqaret göndərmək dərəcəsinə çatmışdı.
Nihad sakitcə dedi:
– Armendir!
Polkovnik duruxdu, lakin tez də əlavə etdi:
– Belarusda səninlə yarışan?
– Onun dəst-xəttidir, cənab polkovnik!
– Onu susdurmaq lazımdır.
– Oldu, komandir. Olar indi gedim?
– Bəs evə dəymirsən?
– İşi qurtarandan sonra gedərəm. Bu iş, onsuz da, gec-tez bitməlidir.
– Nihad, doğrudan, sənin atan onun atasını öldürüb?
– Onun atası da mənim atamı.
– Taleyə bax ey!
Nihad gündüzlər yatır, gecələr isə gözü snayper tüfənginin binoklunda dünyaya baxır, hərəkət edən, etməyən hər şeyi gözdən dəqiqliklə keçirir, qarşısındakının da eyni ustalıq və cəldiklə hər şeyi gözündən keçirdiyini çox gözəl bilirdi. Snayperçi də minatəmizləyən kimidir, bir dəfə səhv edir.
Oğullarının telefonlarına zəng çatmayan bədbəxt analar nəgecə yata bilirdilər, nə gündüz. Dilləri duada, əlləri göylərdə gəzirdilər. Bilirdilər ki, yerdən də kömək yoxdur, göydən də. Amma nə duadan əl çəkirdilər, nə də göydən…
…Gecə saat 3 idi. Nə Sona əməlli-başlı yata bilirdi, nə Anuş!
Sadəcə, mürgüləyirdilər. Birdən ikisi də yataqdan dik atıldılar.
Dəhşətli səslə qışqırdılar: – Allah, özün kömək ol!
Ağlaya-ağlaya bu iki bədbəxt qadın və ana göylərdən kömək istədilər… Kömək çatmadı… İki güllə səsi gecənin ölü sükutuna bənzər səssizliyi pozdu. İki parçalanmış başdan qan fışqırırdı. Hər ikisi bir-birilərini gözlərindən vurmuşdular…
…İki tabut, haradasa, eyni vaxtda son mənzilinə yetişdi. Analar meyit kimi, 4 yaşlı körpə nəvələrinin əllərindən tutmuş, basdırılan tabutları göz yaşları ilə son mənzilə göndərirdilər. Nə oxu nan qəhrəman təltiflərə, nə ərlərinin heç vaxt görmədikləri heykəlinə baxırdılar. Basdırılan, torpağın altına gedən ana sevgisindən doğduqları ümidlərinə baxıb, sadəcə, balasını itirmiş qurd kimi ulayırdılar. Sonra çürümüş iki tabutun yanına iki tabutu da qoyub getdilər.
Qırx gündən sonra atalarının yanında yatan oğulların heykəlini qucaqlayıb ağladılar, ağladılar. Sonra nəvələrin əlindən tutdular, qəbirlərin üstünə uzanıb “məni niyə qoyub getdin?” deyən gəlinləri ağlaya-ağlaya dikəltdilər, birbaşa paytaxta getdilər.
…Bakıda yaşayan Sona bir gün - Nihadın ilindən sonra Moskvadan bir teleqram aldı. Belə yazılmışdı: “Tbilisidə, Kürün qırağında, Baqrationun heykəlinin yanında. Bu yayın axırıncı gü nü yerli vaxtla 15:00-da görüşək. Gəlinini və nəvəni də gətir”.
…Başdan-ayağa qara geymiş Sona, eyni ilə qara geyinmiş gəlini və nəvəsi deyilən yerə çatanda eyni ilə qara geyinmiş iki qadın və bir körpə gördülər. Sonanın dalağı sancdı. Bu qadın kim ola bilər axı? Yaxınlaşdı. Qadın təmiz Azərbaycan dilində dedi:
– Sən Sonasan.
– Bəs sən kimsən?
– Mən Anuşam, Surenin arvadı.
– Bizim dildə nə təmiz danışırsan?
– Bizim başıdaşlılar sizləri qovana qədər sağımız-solumuz türklər idi. Bir evli idik. Dinimiz fərqli idi ancaq.
- Anuş Sonanı qucaqlayıb dedi:
– Biz bədbəxt qadınlarıq, Sona. Sənin nəvən yetim, mənim nəvəm yetim, mənim gəlinim başsız, sənin gəlinin
başsız.
Sona dedi:
– Bəlkə, oturaq?
– Oturaq.
– Qoy körpələr oynasın.
– Yaxşı…
İki nənə və iki ana ilk dəfə görüşən və əllərindəki oyuncaqları bir-birinə göstərib hərəsi öz dilində danışan bu məsumları dodaqlarında təbəssüm, göz yaşlarıyla, ən ülvi sevgiylə seyr edirdilər.
Anuş çəkinə-çəkinə dedi:
– Bizimkinin adı… Surendi…
– Bizimkinin adı Səttar… Məni niyə çağırmısan?
– İstəyirəm ki, heç olmasa ildə bir dəfə görüşək.
– Bəlkə, iki dəfə?
– Yaxşı fikirdi. Amma niyə ironiya ilə dedin?!
– Mən körpələrin doğum günün nəzərdə tutdum. Bəs sən demədin axı görüşməyimizin məqsədi nədi, Anuş xanım?
– Eh, Sonacan! Onsuz da böyüyəndə bir-birlərini öldürəcəklər! Əsrlər boyu gedən qan davasının qurbanı biz kasıb-kusub oluruq. İstədim ki, heç olmasa bir-birlərini tanıyıb öldürsünlər…
Dəli Kür heç kimi vecinə almayıb min illər boyu getdiyi yol ilə gedir və onu səbirlə gözləyən Dəli Xəzərə çatmaq istəyirdi.
Dörd bədbəxt qadından və iki xoşbəxt körpədən xəbərsiz-xəbərsiz axırdı…
Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı: – Siz türklərdə su aydınlıqdı. Bəlkə, heç bir-birlərini öldürmədilər…
2023, may-2024, aprel
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq