TƏBİB sədri: "Hər kəsə COVID-19 pasportu veriləcək" - "İnsanlara vaksinin hər iki dozası vurulacaq"

img

23-12-2020 [09:03]


“Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq: “Birinci vurduran insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə, peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək”.

TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq. Mən də vaksini mütləq vurduracağam, çünki vaksinin nəticəsinə inanıram”.

R.Bayramlı qeyd edib ki, vaksinasiya strategiyasına uyğun olarsa, valideynləri və ailə üzvləri də peyvənd vurduracaq:

“Hansı vaksini vurduracağım məsələsinə gəlincə, inaktiv vaksindən istifadə edəcəyəm. Çünki inaktiv vaksinlər artıq illərdir ki, sınaqdan çıxıb. Bu əsla digər vaksinlərin effektivliyini kölgə altına salmaq kimi qiymətləndirilməməlidir. Daha çox əmin olduğumuz həmin bu inaktiv vaksinlərdir.

Hansı ki, təbii yolla çoxaldılır və virus tam öldürülür, kimyəvi maddəyə çevrilir və insan orqanizminə yeridilir. Məhz bu baxımdan təhlükəsizliyindən tam əmin olduğum və uzun illərdir istifadə etdiyimiz inaktiv vaksindən istifadə edəcəyəm. Çin istehsalı vaksinlər də məhz bu qəbildən olandır”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA