"UEFA-2020" çempionatının oyunları ilə bağlı vergilər üzrə azadolmaların müddəti artırılır

img

18-12-2020 [12:54]


Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunlarının qüvvədə olma müddəti bir il müddətində uzadılır.

Qanunlara dəyişiklik layihəsinin qeyd hissəsində yazılıb ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Ölkəmiz, həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarının qüvvədə olma müddətinin bir il (2021-ci il avqustun 1-dək) uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA