Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimini sərtləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

O bildirib ki, bu müddətdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb: "KİV-lərin tələb olunan əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir.

O da məlumdur ki, Azərbaycanda əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlər var.

Onlar müxtəlif KİV-lər üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər.

Ölkəmizdəki bütün növ KİV-lərdə bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır.

Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb.

Ümüd edirik ki, məsələ tezliklə müsbət həllini tapacaq.