"Kapitalbank" Mia.az saytını məhkəməyə verib.

Mia.az xəbər verir ki, bank saytda yayımlanan "BİRBANK"ın MİN OYUNU: Kasıba “kuryer” tələsi, varlıya isə..." başlıqlı yazıya görə belə bir addım atıb.

Bu gün Bakı Kommerasiya Məhkəməsində  hakim Günay Namazovanın sədrliyi ilə  hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında tərəflər iddiaya münasibətlərini bildiriblər.

Mia.az xəbər portalının rəhbəri iddia tələblərini rədd edib və bildirib ki, tələblər haqlı və düzgün tərtib olunmayıb.

Məhkəmə hazırlq iclasını oktyabr ayının 2-nə təxirə salıb.

Məlumat üçün bildirək ki, "Kapitalbank" Mia.az Xəbər Portalına qarşı bir-birinə zidd tələblər qoyub: bank gah yazının saytdan silinməsini (qanunvericilikdə belə tələb yoxdur), gah üzr (bu da yoxdur"), gah təkzib tələb edib. 

Proses hələ başlamadığından qarşı tərəfin kart sifarişi verən şəxsə yaradılan problemlərdən bəhs edən yazıya aid dəlillərə toxunmuruq.

Lakin Bankın yazının başlığını "çarpdırıb", bizim (oxu: Mia.az saytının) guya bankı "Ayı"ya bənzətdiyimizi iddia etməsi anlaşılmaz və eyni zamanda, qəbulolunmazdır.

Baxın, Bank iddia ərizəsinin girişində yazıb: "İlk öncə onu qeyd edək ki, məqalənin adındakı “min oyunu” ifadəsi orijinalda “ayının min oyunu” məsəlindən götürülüb ki, bura da Cavabdeh tərəfindən Banka münasibətdə sətraltı “ayı” sözünün işlədilməsi birmənalı qaydada təhqirdir və öz ünvanımıza edilən bu təhqirə olduqca dözümsüz yanaşırıq".

Əvvəla, hazırda dünyanın bir çox məşhur idman klubları, nəhəng şirkətləri, hətta dövlətlər var ki, bayraq və gerblərində hansısa heyvanın, quşun şəklinə yer verib. Hələ Rusiyanın "Ayı"ya bənzədilməsi ilə bağlı ötən həftə Pekində keçirilən mətbuat konfransında Putinin "Sizin ölkənizi ayı adlandırırlar. Buna münasibətiniz", - sualına razılıq ifadə edən cavabına diqqət edin: "Ayı ayıdır da. Həmişə güclüdür..."

Yəni, sözümüz budur ki, dövlətlər bu bənzətməni  özlərinə təhqir bilmirlərsə, bizim sosial mediadakı elə rəsmi səhifələrində məşhuri-cahan olan bank yazmadığımız sözü haradan götürüb, necə belə nəticəyə gəlib ki? 

İkincisi, bu, "Birbank" söz birləşməsindəki "bir" sözünə uyğun olaraq, başlıqda min əvəzinə, 100, yaxud 100 min də yazıla bilərdi. Elə isə ədəbi dil və yaradıcılq məhsulu olan bu söz birləşməsi, Anadolulu qardaşlarımız demişkən, niyə gedib Ayıya bağlanıb ki?"

Məsələyə Bakı Dövlət Universistetinin Jurnalistika fakültəsinin müəllimi, media eksperti, professor Qulu Məhərrəmlidən münasibət öyrəndik.

Media üzrə tanınmış ekspert, professor Mia.az-a açıqlamasında başlığın və yazının normal tənqid olduğunu deyib:

"Yox, burada təhqir yoxdur. Əhəmiyyətsiz işdir. Normal başlıq, normal tənqid, subyektiv və obyektiv münasibətdir. Burada kriminal münasibət, yaxud işgüzar nüfuza zərər vuran nəsə yoxdur".

Professor onu da deyib ki, qarşı tərəf yazının silinmə tələbini qoya bilməz: "Onu yalnız siz öz istəyinizlə poza bilərsiniz...".

F.ƏHMƏD
MİA.AZ