Qazaxda özlərini jurnalist kimi təqdim edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinə müraciə edən bir qrup rayon sakini, ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov saxlanılıb. İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adı çəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq onlar, özlərini “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.
Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.