Bu gün Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədbir iştirakçıları Baş Prokurorluğun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotoguşə nümayiş etdirilib.
Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıb.
Bildirilib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik edən Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək. Qeyd olunub ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi Heydər Əliyevə bağlı olub. Məhz belə bir mürəkkəb vəziyyətdə, 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdıb. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə demokratik-hüquqi dövlət yaratmağa müvəffəq olub.
Bildirilib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Xüsusi vurğulanıb ki, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin daimiliyini təmin edəcək, qüdrətli varis və lider yetişdirməsidir. Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən bilən İlham Əliyevin Azərbaycan prezidenti kimi ötən 14 ildə möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi - bütün bunlar Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla ümummilli liderin xatirəsinə ən böyük hədiyyədir.
Çıxışının sonunda baş prokuror Azərbaycan Prokurorluğunun kollektivi adından prezident İlham Əliyevi əmin edib ki, xalqımızın ümummilli liderinin etimad və qayğısı sayəsində demokratik məzmunda yenidən formalaşmış milli prokurorluq orqanları bundan sonra da dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması işində ön sıralarda olacaq.
Sonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Liderlik missiyası” sənədli filmi nümayiş etdirilib.