"Tələbəlik illərim Ceyhun Bayramovun Təhsil Naziri olduğu dövrə təsadüf edib. O zaman təhsildə üzləşdiyimiz kiçik bir problemi Facebookda sadə bir postla ictimailəşdirdikdə dərhal problemin həlli istiqamətində reaksiya verilirdi. İndi isə bir həftədir ölkənin az qala bütün saytları Quba–Xaçmaz Regional Təhsil İdarəsinin özbaşınalıqlarından yazır. Problemin qabardılmasında köməklik edən jurnalist dostlar Təhsil Nazirliyi və regional idarə ilə əlaqə yaratmağa çalışırlar, amma “tık” belə yoxdur".

Mia.az xəbər evruir ki, bu sözləri MİQ imtahanından yüksək bal toplamış, lakin rayon mərkəzinə deyil, ucqar kəndlərə təyinatı verilən tarix müəllimi Orxan Kərimov sosial media hesabında yazıb.

Onun sözlərinə görə, təhsil sistemində bürokratik aparatda cəzasızlıq mühiti o qədər kök salıb ki, bu qədər yazılır, bu qədər şikayət edilir, amma heç kimin vecinə deyil sanki:

"Təhsil Nazirliyi bütövlükdə bir sistem olaraq ictimai şüuru formalaşdıran ən təməl mexanizmdir. Bu qədər müəllim problemləri qabardır, şikayət edir, amma nəticədə dəyişən heç nə olmur.

Sosial şəbəkələr artıq 9–10 yaşlı uşaqlar üçün belə əlçatan olub. Dolayısı ilə onlar da bu prosesləri izləyir və nazirliyin problemlərə biganə yanaşmasının şahidi olurlar.

Uşaqlarda yaratdığınız bu travma, inanın, ölkənin gələcəyinə birbaşa mənfi təsir göstərir. Artıq elə bir düşüncə formalaşıb ki, təhsil sistemində cəza yalnız müəllimlər üçündür. Müəllim kiçik bir yanlışına görə cəzalandırıla bilər, amma təhsilin bürokratik aparatındakılar dövlətə ən ağır zərərləri vuraraq özbaşınalıqlarına davam edirlər və onlara “dur” deyən yoxdur.

Təhsilə bu biganə münasibətinizin nəticəsində bir neçə il sonra ölkədə gələcək qurmaq istəyən gəncləri tapa bilməyəcəksiniz.

Sabahdan etibarən Təhsil Nazirliyinin bu problemləri həll etməkdəki acizliyini administrasiya səviyyəsinə qaldırıb, cənab Prezidentin eşidə biləcəyi səviyyədə qabartmağa çalışacağam. Problem artıq yalnız bu yolla həll edilə bilər.

Bəzən dostlar mənə “hə*s edilə bilərsən” deyirlər. Mən inanmıram ki, təhlükəsizlik orqanları könüllü şəkildə bəzən maaşının 2/3 hissəsini şagirdlərinə, baxımsız vəziyyətdə olan məktəbə xərcləyən bir müəllimi həbs edib, bu vakansiya alverçilərinə göz yumsun. Yəni bu mübarizədə gedə biləcəyim yerə qədər gedəcəyəm. Son dayanacağım ya vakansiyada gizlətdiyiniz məktəblərdən biri olacaq, ya da…"

Onun bu ittihamm xarakterli müraciətinə nazirliyin mətbuat katibi  Səbuhi Rzazadə belə cavab verib: "Əmin ola bilərsiniz ki, ictimai narahatlıq doğuran bütün məsələlərə Elm və Təhsil Nazirliyi və ya onun tabeliyində olan qurumların adından həmişə münasibət bildirilir. Sizin ictimailəşdirdiyiniz mövzu ilə bağlı mediadan Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb və aidiyyəti üzrə cavab verilib. Ola bilər ki, həmin cavab Sizi tam qane etməyib. Hər bir halda bu konkret məsələni bir daha araşdıracam. Müəllimlərin işə qəbulu prosesi tam şəffaf şəkildə həyata keçirilir və əsas məqsəd gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil almasını təmin etməkdir".

Samir MUSAYEV

MİA.AZ