Mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 may tarixində keçirilən Gül bayramı bu il də təmtəraqlı təşkil olunmayacaq.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Gül bayramı yeni formatda qeyd ediləcək:
"Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”.
Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.
Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.