Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, tədbirdə Geologiya və Geofizika İnstitutu Geotermiya şöbəsinin rəhbəri, geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov "Yer Qabığında yüksək dəqiq temperatur müşahidələrinin elmi nəticələri və tətbiqi aspektləri" mövzusunda məruzə ilə çıxış edib.
Alim Azərbaycan ərazisində ilk temperatur ölçmələrinin 1870-ci illərə təsadüf etdiyini, 1900-cü illərdən isə inkişaf etməyə başladığını bildirib. Qeyd edib ki, bu ölçmələr fərqli şəraitlərdə və müxtəlif dəqiqliyə malik cihazların köməyi ilə aparılıb, yalnız son dövrlərdə belə yüksək dəqiqlikli termometrlər sənaye miqyasında istehsal olunmağa başlandıqdan sonra daha dəqiq ölçülər aparılır.
A.Muxtarov əvvəllər qədər Azərbaycan ərazisində geoloji-geofiziki tədqiqatlar zamanı temperatur ölçmələrinin dəqiqliyinin 0.1-0.5°C-dən yüksək olmadığını, 1970-ci illərdən sonra AEA-nın Geologiya İnstitutunun Geotermiya laboratoriyası və Moskva Yer Fizikası İnstitutunun Geotermiya laboratoriyasının ekspedisiyaları bir neçə quyuda yüksək dəqiqlikli temperatur ölçmələri apardıqlarını diqqətə çatdırıb: "Dəqiq ölçmələrin mümkünlüyü geotermiya sahəsində böyük irəliləyişə səbəb olub. Bu, süxurların "istilik yaddaşı"nın və geotermik ölçmələr vasitəsilə paleoiqlim dəyişmələrinin öyrənilməsinə yol açıb".
Məruzəçi qeyd edib ki, geotermik üsulla paleoiqlim tədqiqatları aparılarkən ölçmə dəqiqliyindən başqa, geoloji şərait, quyunun konstruksiyası, temperaturun ölçülmə intervalları və digər amillər üçün də xüsusi tələblər qoyulur. Bu üsul dünyada geniş yayılmasına baxmayaraq Qafqazda yalnız Azərbaycanda üç quyuda tətbiq olunub. A.Muxtarov vurğulayıb ki, 1870-1970-ci illər ərzində burada orta illik iqlim temperaturu təxminən 1-2°C artıb və bu, başqa regionlardakı nəticələrlə çox yaxşı uzlaşır. Alim mövcud sahədə aparılan tədqiqatların bir sıra yerli və xarici elmi jurnallarda nəşr edildiyini bildirib.
Məruzə sual-cavab və müzakirələrdən sonra Yer Elmləri Bölməsinin qərarı ilə bəyənilib, müvafiq qərarlar qəbul olunub.
Sonra Geologiya və Geofizika İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Bölmənin qərarı ilə elmi müəssisədə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb və Petrofizika şöbəsinin adı qismən dəyişdirilərək Eksperimental petrofizika şöbəsi adlandırılıb.
Tədbirdə Təbiət Tarixi Muzeyinin Geologiya və Geofizika İnstitutunun tərkibindən ayrılması və strukturu haqqında qərar qəbul olunub.
İclasda AMEA-nın Gəncə Bölməsində "Yer Elmləri" qrupunun təşkil edilməsi, Azərbaycan Respublikası Prezidentinin Gənclər üçün Prezident Mükafatına namizədlərin müəyyənləşdirilməsi, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinin keçirilməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının ABŞ-ın Missuri Ştatının Kolumbiya şəhərində yerləşən Missuri Elm və Texnologiya Universitetinə, Kaliforniya Ştatının Livermor şəhərində yerləşən E.Lourens adına Livermor Milli Laboratoriyası və Berkli Universitetinə ezamiyyətləri ilə bağlı hesabatları da müzakirəyə çıxarılıb.
Gündəlikdə yer alan növbəti məsələ akademiklər Midhət Abasov və Həsən Əhmədovun adlarının Bakı şəhərində küçələrə verilməsi haqqında təklif olub. Bölmə bununla bağlı aidiyyatı qurumlara müraciət olunması haqqında qərar qəbul edib.
Sonda bir sıra kadr və cari məsələlər müzakirə edilib.