Xətai rayonu, şəhid Xaliq Əzizzadə küçəsinin bir qrup sakini ölkə rəhbərliyinə şikayət ediblər.

Bu barədə Mia.az-a daxil olan şikayət məktubunun sürətində bildirilib ki, şəhid adını daşıyan bu küçədə acınacaqlı durum yaranıb:

"Burada - Dənizcilik Məktəbinin yataqxanası ətrafında son zamanlar açılmış maşınyuma məntəqələri, avtotəmir, ət kəsimi məntəqələri, kababxana və dönərxanalar səkiləri zəbt ediblər, ərazidə səliqə-səhman, natəmizlik hökm sürür. Buradakı kababxanadan yayılan tüstü isə bütün ətraf binalara yayılır. Yay mövsümündə sakinlər pəncərini aça bilmirlər. Bütün mənzilərdə tüstüdən rahat oturmaq olmur. Sakinlər bu küçə ilə ümumiyyətlə, hərəkət edə bilmirlər. Müxtəlif obyekt sahibləri səkiləri qanunsuz zəbt ediblər və yol infrastrukturu burada faktiki “yoxa çıxıb”".

Sakinlər deyir ki, problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Xətai rayon icra hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə və digər aidiyyatı qurumlara müraciətlər edilsə də, faydası olmayıb: "Bunu nəzərə alaraq sizdən xahiş edirik, şəhid Xaliq Əzizzadənin adını daşıyan bu küçədə yaranmış acınacaqlı durumu nəzarətə götürəsiniz...".

Samir
MİA.AZ