Dünən Mia.az-da yayılan "İstintaq rəisi, müstəntiq və prokurorun otağında cərəyan edən film kimi olay - Döyülən 3-cü qrup əlilin şikayəti" başlıqlı yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin Mia.az-a verdiyi məlumata görə, həmin yazıda yazıda əksini tapmış xüsusatlarla bağlı Nazirliyin aidiyyatı baş idarəsi tərəfindən müvafiq araşdırma aparılıb:

"Bu zaman müəyyən edilib ki, Sumqayıt şəhərində yaşayan Şahin Hacıyev tanışı Sehran Şıxalıyev ilə qabaqcadan əlbir olub ötən il tanış olduğu Eldar Məhərrəmovu ona güzəştli fazilərlərlə kredit düzəldəcəyi və tezliklə qaytaracağı adı ilə aldadaraq ayrı-ayrı vaxtlarda ümumilikdə 35.690 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər, nəticədə zərərçəkmişə külli müqdarda ziyan vurublar.

Cari il iyunun 3-də Sumqayıt şəhər prokurorluğunda faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.3.2. maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə həvalə edilib. Hər iki şəxs CM-in müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilib.

İstintaq müddətində təqsirləndirilən şəxs Şahin Hacıyev tərəfindən zərərçəkmiş Eldar Məhərrəmova vurulmuş 4.500 manat məbləğində maddi ziyan ödənilib. Artıq istintaq tamamlanıb və cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib".