Lənkəran Rayon İcra Hakimiyyəti dövlət tərəfindən mühafizəyə götürülmüş dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi - "Nizami” kinoteatrının sökülməsi ilə bağlı yenidən açıqlama yayıb.

İcra Hakimiyyəti açıqlamasında Nizaminin heykəli və adına olan kinoteatrın dağıdılmasının günahını Mədəniyyət və Turizm Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərində atıb:

"Azərbacan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran ŞİH-nə ünvanladığı 10.10.2014-cü il tarixli məktubda Nazirliyin Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin balansında olan, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 4 ünvanında yerləşən "Nizami” kinoteatrının binası üzün müddət istifadə olunmadığı, həmin binanın əsaslı təmir edilmədiyi, yarasız hala düşdüyü qeyd edilir və bu binanın gələcəkdə bərpası və kinoteatr kimi istifadə olunması nəzərdə tutulmadığı bildirilir. 

Eyni zamanda məktubda sözügedən kinoteatr binasının qarşısında qoyulmuş Nizami Gəncəvinin heykəlinin baxımsız hala düşdüyü qeyd olunaraq heykəlin bu ərazidə saxlanılmasının məqsədə uyğun olmadığını nəzərə alaraq heykəlin qorunub saxlanılması, şəhərin daha münasib hissəsinə köçürülməsi üçün tədbirin görülməsi xahiş edilib. Bu məktuba əsasən şəhər İcra hakimiyyəti tərəfindən Nizami Gəncəvinin heykəlinin şəhərin Paşa Təhmazov küçəsinə yerləşən Mərkəzi kitabxananın qarşısına köçürülməsi təmin edilib. 

Əlavə olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı özəlləşdirərkən balanssaxlayıcısının rəyini (bu əmlakın balanssaxlayıcısı Mədəniyyət və Turizm Nazirliyidir) almaqla əmlakın özəlləşdirilməsini həyata keçirib.

"Nizami” kinoteatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış "Neon-111” MMC tərəfidən satınalınmış və cəmiyyətə Daşınmaz Əmlakın Reystri xidməti tərəfindən 27.11.2014-cü il tarixində seriya RX0521676 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında çıxarış verilib.

"Neon-111” MMC-i əmlakı özəlləşdirdikdən sonra mülkiyyət hüququna dair sənədlə mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektinin tikilməsini həyata keçirməyə başlayıb”.