Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsinin yekun diplom törənini Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə reallaşdırdı.
Yekun törəni də layihə çərçivəsində keçirilmiş digər təlimlərin ənənəsinə müvafiq Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və himnə sayğı duruşu ilə açıq elan olundu. Təlimdə məktəb rəhbərliyi, DMDT İB-in nümayəndələri, valideynlər, şagirdlər, KİV nümayəndələri iştirak edirdi. İlk söz DMDT İB sədri Əli Cəfərova verildi. Natiq bir daha valideynlərə və KİV nümayəndələrini məlumatlandıraraq bildirdi ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Bundan sonra layihənin məqsəd və vəzifələri haqqında söz söyləyən sədr yol hərəkəti qaydalarının hazırkı durumunun nə yerdə olduğunu və yol hərəkəti qaydalarına əməl olunmamasının hansı neqativ hadisələrə yol aça biləcəyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, təlim müddətində uşaqların hazırladığı esseler, musiqi parçaları, kiçik səhnəciklərin onların məntiqi, tənqidi təfəkkürlərinin inkişaf etməsinə səbəb olduğunu xüsusi vurğuladı. Çıxışı zamanı təlimlər ərzində yol hərəkəti qaydaları barədə də çox vacib detalların çatdırıldığını söyləyən Əli Cəfərov bir daha uşaqlarla işıqfor, piyada keçidləri, digər yol nişanları haqqında ətraflı sorğu-sual aparıb. Daha sonra söz alan məktəbin müəllimələri Həcər xanım və Yasəmən xanım bildirdilər ki, bu cür layihələrin keçirilməsi uşaqların dünyagörüşünün inkişaf etməsinə və cəmiyyətdə özlərinə layiq bir yer tutmasına, başlıcası isə cəmiyyətə faydalı insanlar kimi yetişməsinə gətirib çıxarır. Biz indi savadlı şagird yetişdirməklə yanaşı, həmçinin layiqli vətəndaş və şəxsiyyətyönümlü bir insan formalaşdırmalıyıq. Bu məsələdə siz QHT nümayəndələrinin əvəzsiz xidməti vardır. Sizin bü gün seçdiyiniz mövzu sözün əsl mənasında cəmiyyətin aktual məsələlərindən biridir. Hər gün yol qəza hadisələri baş verir. Bunun yaganə səbəbi insanların maariflənməməsidir. Yol qəzaları bir ailənin məhv olmasına gətirib çıxarır. Bu təlimlərdə biz şagirdlərə təlim proqramına uyğun olaraq piyadaların və sərnişinlərin vəzifələrini mənimsətdik. Uşaqlar qrup zamanı lider olma bacarığını ortaya qoydular. Eyni zamanda mühakimə yürütmə, əməkdaşlıq, dialoji nitq, İKT sistemi ilə iş bacarığını formalaşdırmış oldular. Həmçinin tənqidetmə bacarığını aşılamaqla yol hərəkəti qaydaları haqqında biliklərin analiz edilməsinə gətirib çıxardıq. Məktəbin direktoru Rafael müəlim çıxış edərək layihənin əhəmiyyətini bir daha göz önünə gətirdi və QHT rəhbərinə təşəkkür edərək bildirdi ki, bu cür layihələr bizim şagirdlərə müsbət təsir edir. O, belə təlimlərin davamlı olmasını arzuladı. Tədbirə dəvət olunmuş valideynlər də təşəkkürlərini bildirərək qeyd etdilər ki, bu təlimlər övladlarımızın həyatında, xatirələrində silinməz və müsbət enerjili bir iz buraxdı. Təlim uşaqlara diplomların təqdim edilməsilə sona çatdı.