Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddənin əlavə edilməsi təklif edilir.

Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqlarının bu gün keçirilən iclasında komitə sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edib.

B.Muradova söyləyib ki, ötən aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycan hərbçilərinin meyitləri üzərində ermənilər tərəfindən təhqiramiz hərəkətələrə yol verildiyi müəyyən edilib.

Komitə sədri deyib ki, ermənilərin bu vəhşi hərəkəti bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir: "Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləsinə əlavə edilməlidir”.

Bahar Muradova qeyd edib ki, son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi:

"Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir.

Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram”.

 B.Muradova əlavə edib ki, Azərbaycana düşmən dairələrin fəaliyyətində terror aktlarının törədilməsi ilə bağlı hədələrin davam etməsi, hətta ən ciddi silahla hədələnməsi faktları hələ də davam edir.

Vitse-spiker bildirib ki,  Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutur, beynəlxalq alyansın çox məsuliyyəti və vicdanlı üzvüdür: "Azərbaycan terrora məruz qalan bir ölkə kimi terrora qarşı bütün mübarizələrin ön cəbhəsində gedir”.