İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, özünü təqsirli bilməyib.

Qalib Bayramovun sözlərinə görə, siyasi fəaliyyətlə məşğul olmayıb, heç bir partiyanın üzvü deyil. O, layihələr çərçivəsində olan tenderlərdə iştirak etdiyini, layihələr həyata keçirdiyini deyib.

Qeyd edib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında birgə tədbirlər təşkil edib. Həmin tədbirlərdə dövlət qurumlarının nümayəndələri də iştirak edib: "Bu, internetdə olan videolardan da açıq-aydın görünür. Tədbirlərimi Əliməmməd Nuriyevin ofisində təşkil etmişəm. Heç bir yerli və ya xarici təşkilatlardan qrant almamışam. Yalnız tenderlərdə iştirak etmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, Azərbaycan "açıq hökümət" təşəbbəsünə qoşulan ilk və aparıcı ölkələrdəndir: "Burada iki proqram olub. Mən ikincidə, "Korrupsiyaya qarşı mübarizə İctimai Birliyi"ndə birbaşa iştirak etməmişəm. Lakin könüllü fəaliyyət göstərmişəm. Monitorinqlərlə bağlı aldığımız qrantlarla əlaqədar müqavilələrimiz və sənədlərimiz var".

Qalib Bayramov qanunsuz qrant alma ittihamının qəbul etməyib: "Mənim gördüyüm işi həmin dövrdə digərləri də görürdü. Məsuliyyətə isə yalnız mən cəlb edilmişəm. Bunu ona görə demirəm ki, digəriərini də məsuliyyətə cəlb edəsiniz. Sadəcə bu, özümə aydın deyil".

Növbəti proses yanvarın 21-də davam edəcək.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov iqtisadçı Qubad İbadoğlu və Milli Məclisin deputatı Vüqar Bayramovun qardaşıdır.