"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir".

Mia.az xəbər verir ki, bu sözləri İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü dair şərhində deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatlardan biri də cəza siyasətinin humanistləşdirilməsi, beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ilə bağlı olub.

Ombudsman qeyd edib ki, əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, Azərbaycan suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə bu təşəbbüs dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir: "Son illərdə Azərbaycan Respublikasında bir sıra əməllərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqinin genişləndirilməsi və azadlıqdan məhrumetmənin son çarə kimi nəzərdə tutulması hüquqi islahatların əsas istiqamətlərindəndir. Bu yanaşma beynəlxalq hüquq normalarına uyğun olmaqla yanaşı, insan hüquqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət daşıyır".

Səbinə Əliyeva bildirib ki, Ombudsman tərəfindən həyata keçirilən monitorinqlər, qəbul edilmiş müraciətlərin araşdırılması və aidiyyəti dövlət orqanları ilə aparılan yazışmalar nəticəsində əfv olunmuş şəxslərin ailə mühitinə qovuşması, sosial adaptasiya imkanlarının genişlənməsi və onların cəmiyyətə reinteqrasiyası baxımından mühüm nəticələr əldə edilibr: "Ombudsman institutu amnistiya aktının qəbul edilməsi və icrası prosesində də öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması, cəzadan azad edilən şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə uğurlu reinteqrasiyası istiqamətində fəaliyyətini gücləndirəcəkdir. Beləliklə, növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir. Azərbaycan Ombudsmanı olaraq ölkə başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirirəm.

Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycan Respublikasında hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur".

MİA.AZ