Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Masazır klubu “Sabah”la Xorvatiyanın “Çelye” klubunu arasında keçirilən oyundan sonrakı mətbuat konfransıda qalmaqal yaşanıb.

Mia.az xəbər verir ki, “Çelye”nin əslən İspaniyadan olan baş məşqçisi Albert Rieranın oyunun hakimləri və komandaların forması ilə bağlı dedikləri irəlidə UEFA səviyyəsində söhbətə müdaxilə ilə nəticələnə bilər. 

İspaniyalı mütəxəssis və onun xorvat komandasının Bakıya səfəri diğər xoşagəlməz nüanslarla da yadda qalıb: xorvat azarkeşlər Bank Respublika Arenada sınıq oturacaqları sosial şəbəkədə paylaşaraq bizi ələ salıb. 

Emosional ispan baş məşqçinin mətbuat konfransında dediyinə görə, oyundan əvvəl komandaların forması müzakirə olunarkən, o, eyni rəngdən (qara – Z.M.) şikayət edib: “İlk 10 dəqiqədən sonra mənim oyunçularım meydanda çaşqınlıq yaşayırdılar. Rəqiblə formamız eyni rəngdə idi, sadəcə, onlarda qırmızı xətt, bizdə isə sarı xətt vardı. Qazaxıstanlı hakimə dedim ki, bizdə narıncı rəngdə forma da var, dəyişib onu geyinə bilərik. Amma həmin qazaxıstanlı hakim bizə icazə vermədi”. 

A.Riera daha sonra lap irəli gedərək, region ayrı-seçkiliyi və diskriminativ yanaşmanı özündə əks etdirən sözlər deyib: “Qazaxıstanla Azərbaycan arasında yaxınlıq var, ikisi də Asiyadandı. Hakim bizə forma dəyişməyə icazə vermədi. Əslində mən Sloveniyada işləyirəm, istəməzdim ki, hansısa bir asiyalı hakim bizim oyunda hakimlik etsin. İstərdim ki, hakim daha uzaq bir ölkədən olsun. Ola bilər ki, burada hansısa bir yaxınlıq münasibəti rol oynadı”.

Baş məşqçi daha sonra əlavə edir ki, o, hakimlərin Avstriyadan, yəni Avropa ölkəsindən olmasını arzulayıb.
Rieranın sözləri çox ağır ittihamdı və yüzdəyüz qalmaqaldı.

İspan əsilli baş məşqçi deyir ki, hakimlər Azərbaycana yaxın ölkədən olduğu üçün aralarında dostluq münasibətinə görə onun forma təklifi nəzərə alınmayıb. Deməli, hakimlərin Azərbaycan komandasına xüsusi münasibəti və tərəfkeşliyi varmış.

Rieranın sözləri təkcə ittiham yox, həm də region ayrı-seçkiliyi sayılır. Bu isə bütün dünyada həssas mövzudu. İnsan hüquqlarının pozulması kontekstindən yanaşsaq, burada millətçilik söhbətinin də ucu görünür. Mövzu artıq region mediasında fəal müzakirədədi. Hazırda Qazaxıstan mediası Rieranın “Avropa, Asiya” ayrı-seçkiliyi salmasını media üzərində dartışmaya çıxarıb. Çünki  VAR hakimini çıxmaq şərtilə digər 4 hakim Qazaxıstandan idi. Həmin ölkənin idman ekspertləri UEFA səviyyəsində məsələyə münasibət bildirməyin vacibliyini vurğulayır. 

Yeri gəlmişkən, Riera bu sözləri deyərkən, çox sakit idi. Hər cümləsinin altını dolduraraq söylədi. Əvvəlcədən hazırlaşmış kimi. Yəni, biz bunu “əsəbiləşib ağzından qaçırdı” kimi qəbul edə bilmirik.

Digər tərəfdən, oyunu UEFA nümayəndə heyəti müşahidə edirdi və onlar Rieranın mətbuat konfransı başlayan kimi zala daxil oldular və onun bütün çıxışını diqqətlə dinlədilər. Düşünmək olar ki, UEFA yetkililəri onun qalmaqal salacağını əvvəlcədən bilib və deyilənlərə şahidlik ediblər. Yoxsa niyə Rieranın konfransı bitən kimi UEFA-dan gələnlər də zalı tərk eləsin ki? Əgər UEFA mətbuat konfransını müşahidə edirsə, “Sabah”ın baş məşqçisi Valdasın da söylədiklərini dinləməliydi, elə deyilmi?

Hesab edirəm ki, Rieranın nəsə bir qalmaqal edəcəyini UEFA rəsmiləri əvvəlcədən bilib. Bu söhbət kulisdən başlayıb və bizim önümüzdə ortaya çıxarlıb. 

UEFA-dan gələnlərin belə nümayişkaranə şəkildə diskriminasiyaya icazə verməsi ehtimalından da adamın içinə qurd düşür.

Yeri gəlmişkən, mia.az-ın əməkdaşı mətbuat konfransından dərhal sonra oyunu izləyən UEFA nümayəndə heyətindən məsələyə münasibət öyrənməyə bir neçə dəfə cəhd etsə də, nə “Sabah” yetkililəri, nə də mətbuat xidməti buna imkan və şərait yaratmayıb. 

Emosional ispaniyalı mütəxəssisin bizim “zonalar”a bələdçiliyinin fonunda Avropa xiffəti çəkməsini də əslində anlaya bilmirsən. 2016-cı ildən bəri Rusiya klublarına can atan və bunun üçün rus dilinin cikini-bikini öyrənən futbolçu dəfələrlə karyerasını Rusiya ərazisinə daşımaqda maraqlı olub.

Hələ 2016-cı ildə Tvitter səhifəsində elə rusca “Mən Rusiya çempionatında öz futbolumu göstərmək istəyirəm”, - yazan rusdilli ispaniyalı niyə Qazaxastanlı hakimləri bəyənməyib də “Asiya” deyərək dodağını büzür, açığı, mənə çox qəribə gəlir. Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn Riera 2010-cu ildə də mediada özünü elə belə məsuliyyətsiz apararaq “Liverpul”a “batan gəmi” demişdi. Sonra azarkeşlərlə oyunsonrası əlbəyaxa olmuşdu. Yəni, ispan ki, ispan. Rusiyaya, Avropaya doğru dartınsa da, içindəki “öküz”dən yaxasını heç çür qurtara bilmir.

Albertin xasiyyətini heç rus arvadı Yuliya Koroleva da dəyişə bilməyib deyəsən. Çünki rus gözəlinin arxasıyca düşüb Sibirə qədər gedən ispan futbolçunu “Spartak” o vaxt skandal xasiyyətinə görə istəmədi, “Qalatasaray” güc-bəla ilə canıını qurtardı, sonra da hər 6 aydan bir 5 klub dəyişdi. 

Hələ təzəlikcə, bu ilin mayında olanlara nə deyəsən? Rieranı Avroliqaya daşıyan Sloveniya kuboku matçının sonundakı həngaməni unutduqmu? Xeyr. Sloveniya kubokunun oyunu bitən kimi rəqibi “Koper”in baş məşqçisinin köməkçisini təpiyinin altına salan “öküz ürəkli” Riera sonra hamıdan üzr istəyib, bir daha belə hərəkət etməyəcəyinə söz versə də, necə deyərlər, biz bundan tam əmin olmayaq məncə. 

Özü də Riveranın mediadan acıqlı olduğunu da unutmayaq. O, dəfələrlə jurnalistləri ona qərəzli münasibətdə ittiham edib. “Gözünüz mənim üstümdədi, sizin əlinizdən işləyə bilmirəm, karyerama əngəl törədirsiniz”, - deyə şikayətlənib. 

Sloveniya kuboku matçından sonra hətta rəqib komandanın rəsmi açıqlamasında Rieranın hərəkətlərinin normal olmadığı, “sanki qadağan olunmuş vasitələrin təsiri altında” olduğu açıq-aşkar vurğulanmışdı. 

Azərbaycana gələndə də hansısa qadağan olunmuş maddənin təsiri altında olub-olmadığını bilməsək də, konflikt əhvali-ruhiyyəsinə şübhə etmədiyimiz Rieranın “havasını almaq” vardı da, intəhası “Sabah” bunu bacarmadı. 

Biçarə Valdas indi yalnız ümidlərə qapılıb cavab görüşünə hazırlaşır.

Yeri gəlmişkən, mətbuat konfransında köynək məsələsinə münasibət bildirən Valdas bizi xeyli təəccübləndirdi. Dedi ki, sən demə, Rieraya başqa forma gətirə bilərmiş. Bunu onlara heç kim qadağa etməyib.

Mia.az-ın əməkdaşının sualına cavab verən Valdas hakimlərin təyinatı ilə bağlı məsələnin UEFA-nın səlahiyyətinə aid olduğunu və bu təyinatın ədalətinə şübhə etmədiyini vurğuladı. 

Bu o deməkdi ki, hakimlərin Qazaxıstandan seçilməsindən narazı qalan Rieranın fikirləri təkcə diskriminativ yanaşma yox, həmçinin UEFA qərarlarının ədalətinə şübhə etmək və mübahisəyə çıxartmaqdı.
 
Mən neçə gündü, düşünürəm, əcəba, əgər xorvatlar uduzsaydı, Riera nələr deyəcək, yaxud edəcəkdi? Onu da düşünürəm ki, belə aqressiv və diskriminativ ortama düşən “Sabah”ın ayın 17-də aqibəti necə olacaq? 
Orada bizimkiləri də təpiyinin altına salmasın bu özü ispan, bürcü qoç, klubu xorvat, arvadı rus, könlü Avstriyada qalan Riera?

Allah, sən saxla. Bizə qol-zad da lazım deyil, sağ-salamat gedib-gəlsinlər. 

Zülfiyyə Mustafayeva

MİA.AZ