""Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün böyük nailiyyətdir".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda qarşılanma mərasimində deyib.
Mütəxəssis komandanın UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb: "Çox sevinirik. Klub olaraq bu illər ərzində əziyyət çəkmişik. Turnirin 22-ci komandası olduq. Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm".
Təcrübəli mütəxəssis pley-offdakı potensial rəqibləri dəyərləndirib: "Elə səviyyədə komandalar var ki, onları bir-birindən ayırmaq olmaz. Maksimum mübarizə aparmağa çalışacağıq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.