Futbol üzrə Premyer Liqanın 2025-2026-cı il üçün yeni mövsümü başlayır.
Mia.az xəbər verir ki, hazırda Premyer Liqa komandalarının bəzisi tətildədi, bir neçə komanda isə Avroliqa oyunlarına hazırlaşır. Komandalar həmçinin növbəti mövsüm üçün hazırlıq görür.
Yeri gəlmişkən, bu ildən premyer liqada 12 komanda mübarizə aparacaq.
Bu arada Premyer Liqanın püşkatma mərasimi ilə bağlı məlumat yayılıb. Azərbaycan Reşəkar Futbol Liqası (PFL) bildirir ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksində baş tutacaq.
PFL onu da bildirir ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
Yeri gəlmişkən, PFL-in məlumatındakı maraqlı bir nüans diqqətimizdən qaçmadı və bu xəbərin üzərində kiçik bir gəzişmə elədik.
Məsələ ondadı ki, bu mövsüm Premyer Liqa “Misli”nin çətiri altında deyil.
Maraqlıdı, niyə?
Yadınıza salım ki, bundan əvvəlki mövsümlərdə Premyer Liqanın baş sponsoru “Misli”-“Azərlotoreya” cütlüyü olub və Premyer Liqa oyunları onların çətiri altında həyata keçirilib.
“Misli”nin oyunlarda çox havalı və dəbdəbəli reklamı olub. Hərçənd, bu qurumun AFFA-ya sponsor olaraq dəstəyi elə də möhtəşəm deyil. Məsələn, bu ilin aprelində AFFA-nın hesabat yığıncağnda məlum oldu ki, “Misli”dən AFFA büdcəsinə edilən yardımın həcmi cəmi 118 min manatdı. Bu rəqəm Azərbaycan futbolunun baş sponsoru SOCAR-ın ayrdığı vəsaitin yanında heç nədi. Yaxud siyahı üzrə ikinci böyük sponsor olan “Azərmaş” ASC-yə çatmaz “Misli”nin verdiyi pul. Çünki “Azərmaş” ASC AFFA-ya nə az, nə çox, düz 5 milyon 723 min manat pul ayırıb keçən il. Özü də “Azərmaş” dövlətin dəstəklədiyi qurumdu.
Hesabatdakı rəqəmlərdən yadımda qalan odu ki, AFFA-ya keçən il "Bank Respublika" 2 milyon manat, AZAL 88 min 500 manat, “Xırdalan Pivə”si isə 59 min manat pul köçürüb.
Bu rəqəmlərə baxandan sonra təbii ki, ağlı başında olan sual edər ki, əgər AFFA-nın ən böyük sponsoru “Azərmaş”dısa, onda “Misli” niyə Premyer Liqada özünü dartıb yekəxana reklam edir? “Misli”nin futbolun reklamından qazandığı milyonların yanında sponsor olaraq ayırdığı pul rəmzi vəsaitə oxşamırmı, sizcə? Yaxud nə bilim, bəlkə başqa hansısa məsələlər də var ortada.
Uzun sözün qısası, hazırda görünən odu ki, bu mövsüm üçün Premyer Liqa “Misli”nin reklamı ilə gözümüzə girməyəcək.
Görəsən, nə oldu, “Misli” ilə müqavilə bitdimi?
Yaxud AFFA ilə arası dəydimi mərc oyun sahiblərinin?
Yoxsa sadəcə, texniki səhvmi baş verib?
Allahdan xeyirlisi!
Zülfiyyə Mustafayeva
MİA.AZ