"Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR prezidenti Rövşən Nəcəfə müraciət edib.
Mia.az xəbər verir ki, o, müraciətində SOCAR-ın tabeliyindəki "Azəriqaz"da gərginlik yaradan struktur və kadr siyasətindəki nöqsanları qabardıb:
"SOCAR prezidenti, cənab Rövşən Nəcəf! 63 yaşlı şəxsi kim işə götürəcək? Təqaüdə çıxana kimi bu insan hansı vəsaitlə yaşamalıdır? İnsafınız olsun.
Məsələn, Sevinc Mansurova yazır:
- Mənim yoldaşım Mansurov Ayaz Ziyəddin oğlu "Azəriqaz" İB-dən bildiriş verilib. Yoldaşım 2006-cı ildən "Azəriqaz"da təmirçi-çilingər işləyir. İndi onun 63 yaşı var. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır, öz işini bilən, sözə baxan işçidir. "Azəriqaz" rəhbərliyi imkan vermir ki, yoldaşım 2 ildə işləsin, təqaüdə çıxsın.
Çox xahiş edirəm, ARDNŞ (SOCAR) rəhbərliyindən mənim yoldaşımın işinə bərpa olunmasına köməklik etsinlər. Bizim öhdəmizdə tələbə oğlumuz var. Oğlum ali məktəbi oxuyub bitirməli, iş tapmalıdır. Onun hələ atasının dəstəyinə ehtiyacı var...".
M.Qəhrəmanlı daha sonra başqa bir şikayəti paylaşaraq, SOCAR prezidentinə səslənib:
"SOCAR, "Azəriqaz" İB, niyə cənab rəis?
2009 cu ildən Salyan RQİİ işləyən Zahir Əmirovun da Sürücülük vəsiqəsi (?) olmadığı üçün ona da işdən azad olunması ilə bağlı bildiriş verilib. O qeyd edir ki, çalışdığı idarədə müayinə və nəzarət xidmətində vakant yer olduğu halda ona iş təklif olunmadı. O, həm də hər ay 508 manat aliment ödəməlidir".
Samir MUSAYEV
MİA.AZ