Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişikliklərlə bağlı məlumat yayıb.
Mia.az xəbər verir ki, əsas dəyişiklik iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır.
DİM bir daha diqqətə çatdırıb ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.
Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:
I ixtisas qrupu üzrə:
Riyaziyyat-kimya (RK) altqrupuna:
- Riyaziyyat və fizika müəllimliyi;
- Xüsusi rabitə vasitələri mühəndisliyi;
- Kənd təsərrüfatı texnologiyaları;
- Qida texnologiyaları;
- Heyvandarlıq.
Riyaziyyat-informatika (Rİ) altqrupuna:
- Data analitikası;
- Proqram təminatı mühəndisliyi.
III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:
- Xüsusi pedaqogika;
- Kommunikasiya və rəqəmsal media;
- Dövlət təhlükəsizliyi və idarəetmə.
IV ixtisas qrupu üzrə:
- Qidalanma və diyetologiya.
V ixtisas qrupu üzrə:
- Adaptiv bədən tərbiyyəsi;
- Kütləvi sağlamlaşdırıcı idman;
- Ümumi fiziki hazırlıq.
***
Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib.
Dəyişikliklə, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada verilib(Cədvəl aşağıda verilib - Red)
Qərara əsasən, filologiya ixtisasının xarici dil və xarici ölkə ədəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə tərcümə ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Eyni zamanda, regionşünaslıq ixtisasının Amerika, ABŞ, Kanada, Böyük Britaniya üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.
***
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edib.
Mia.az-ın xəbərinə görə, Qaydaya əsasən, “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Dəyişikliyə əsasən, magistratura səviyyəsi üzrə Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, “ADA” Universitetinə, Moskva Dövlət Universitetinin Bakı filialına, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, Hərbi Elmi Tədqiqat İnstitutuna, Hərbi İdarəetmə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)”nə qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Beləliklə, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına və UFAZ-a da müəyyən etdiyi qəbul prosedurları aparmaq hüququ verilib.