Rəsmi Bakıdan cavab xəbərdarlığı: "Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə..."

img

11-10-2020 [21:13]


“Bu gün Ermənistan Gəncəni raket atəşinə məruz qoyub”.

Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Gəncə təmas xəttindən uzaqda yerləşir: “Ermənistan Gəncəni Vardenis rayonundan atəşə tutub. Gəncə əhalinin sıx yaşadığı şəhərdir. Atəş nəticəsində mülki əhali arasında xeyli ölən və yaralanan var. Ermənistan “Toçka-U” raket sistemindən istifadə edib. Bu raketlər böyük dağıdıcı gücə malikdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, əhalinin sıx yaşadığı bir əraziyə bu cür raketin atılması çoxlu saylı insanın qətlə yetirilməsi məqsədi daşıyıb: “Ermənistan “Smerç”, “Skad” raketlərindən də şəhərlərimizi atəşə tutur. Eyni zamanda Ermənistan Azərbaycanın sənaye şəhərləri olan Mingəçevir şəhərini də “Smerç” raketlərindən atəşə tutur. Bu, Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etdi, Ermənistan isə mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasiya qaydalara da tamamilə ziddir”.

H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycan danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə sadiqlik nümayiş etdirdi: “Təəssüf ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Ermənistan özü də etiraf edir ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədlərinə çatmaq istəyirlər. Ermənistan həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, həm də təmas xəttindən 100 km uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək. Biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq, mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdır”.

***

“Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən, münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Lakin Ermənistan hətta mülki əhaliyə qarşı da hücumlarını davam etdirməkdədir”.

Bunu isə bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, Ermənistan ötən gecə Gəncəni bombalayıb: “Bu, Ermənistanın münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA