Heydər Əsədov İsmət Abbasovun korrupsiya dosyesini hazırlayır

img

03-11-2013 [13:59]


Deyəsən baş nazirin müavini təyin olunması da İsmət Abbasovu xilas edə bilməyib. Onun adı yenidən gündəmə gələcək. Mənbəmiz deyir ki, 9 il rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyində yol verdiyi yeyintilərin və maxinasiyaların miqyası ölçüyəgəlməzdir. Bu faktların çoxunu prezident bilmir - indi onu yoxlatdırır; dövlətə və iqtidar komandasına vurduğu zərbə gözlənildiyindən də dəfələrlə böyük ola bilər.

Bu səbəbdən də İ.Abbasovun yeni kabinetində rahat otura biləcəyi mümkünsüz görünür. Adı dəfələrlə kənd təsərrüfatı üçün nəzərdə tutulan kreditlərin mənimsənilməsində və bu sahəyə texnika alınması məqsədilə ayrılan milyonların yeyilməsində hallanan sabiq nazirin iqtidar komandasındakı düşmənləri kabinetin yenidən formalaşması zamanı güc və mövqe itirmədilər; üstəlik onlar Abbasovun cəzasız qurtuluşuna qıcıqdırlar. Axı, bir çoxlarının gözlədiyi baş vermədi; prezident nəyə görəsə onu qorudu; oktyabrın 22-də imzaladığı sərəncamla baş nazirin müavini təyin etdi. Doğrudur, kənd təsərrüfatı naziri kimi bir postu itirmək ona böyük cəzadır; bütün mənimsəmə imkanlarının kəsilməsi anlamındadır. Lakin işdən tam azad olunma, komandadan dışlanma, hətta həbs olunma ehtimallarına baxanda, olduqca yaxşı perspektivdir.

"Yeni Müsavat” bilir ki, hörmətli İ.Abbasov hakim ailəyə çıxışı, təması olan məmurlardandır; onun ciddi himayəçiləri var. Lakin gələn məlumatlar və onların təhlili göstərir ki, yeni kabinet onun üçün ciddi qalxan deyil. Prezident onu "episentr”dən təxliyə etdirdi; paralel olaraq yerinə qoyduğu şəxsə tam yetki verib ki, İ.Abbasovun kənd təsərrüfatı nazirliyində kök salmış mafiyasını, tərəfdarlarını tamamilə dağıtsın. Və ən əsası, sabiq nazirin fəaliyyət və əməllərini yoxlayıb, ona məruzə etsinlər.


Məlumatlı mənbələr iddia edir ki, ortada ciddi faktlar var. Üstəlik, İ.Abbasovun bəxti həm də ona gətirməyib ki, kənd təsərrüfatı naziri postunda onu əvəzləyən Heydər Əsədov hələ Hesablama Palatasının sədri olarkən KTN-də, eləcə də ona bağlı olan ayrı-ayrı strukturlarda yoxlamalar apartdırarkən böyük maxinasiyaların izinə düşərək Baş Prokurorluğa təqdim olunmaq üçün bununla bağlı dosye hazırlatdırıb. Təbii ki, H.Əsədov kənd təsərrüfatı naziri postunda yarımçıq qalmış işini daha rahat şəkildə başa çatdıra biləcək. Həm də bəlkə də onu məhz İ.Abbasovun əməllərini yaxşı bildiyinə görə bu vəzifəyə gətiriblər. Mənbəmiz deyir ki, iki dövlət məmuru - İ.Abbasov və Bakı meri Hacıbala Abutalıbov rəhbərlik etdikləri sahələrin maliyyə axınlarını "ərəb saçı”na döndəriblər. Onların qarışdırdıqlarını açmaq və yoxlamaq faktiki olaraq, qeyri mümkün sayılır. Lakin indi iqtidar rəhbərliyi H.Əsədovun qarşısına mühüm və olduqca çətin vəzifə qoyub. İ.Abbasovu günahkar çıxaracaq suç dosyesinin faktlarla hazırlanıb, ortaya qoyulması. Belə bir durum cənab Abbasovun iqtidardakı bütün bədxahlarını qane edir və onlar da qollarını çirmələyiblər. Ortaya babat faktlar və sübutlar qoyulacağı təqdirdə, İ.Abbasov komandadan kənarlaşdırılacaq.

Bizə çatan bilgilərdə belə bir hissə də var ki, İ.Abbasovun "suç dosyesi” əslində hazırdı; H.Əsədov kənd təsərrüfatı sahəsindəki maxinasiyalarla bağlı Hesablama Palatasından özü ilə gətirdiyi qovluğu indi KTN-də daha da zənginləşdirir.

Paralel olaraq, İ.Abbasovun birbaşa üstünə getmədən artıq onun "qol-budağını” budamağa, adamlarını sıxışdırmağa, nazirliyin böyük pulların silindiyi ayrı-ayrı strukturlarını daha ciddi yoxlatmağa, vaxtilə Hesablama Palatasının hazırladığı yeyinti dosyesini yeniləməyə başlayıblar. Bu, artıq İ.Abbasova qarşı müharibə deməkdir. Böyük ehtimalla, nazirliyin bəzi strukturlarının rəhbərləri yaxın zamanlarda həbsə alınacaq və daha sonra onlardan İ.Abbasova qarşı birbaşa ifadələr alınacaq. Çünki həmin qurumlar və onların rəhbərləri böyük maliyyə maxinasiyalarını birbaşa İ.Abbasovun razılığı və patronajlığı altında həyata keçiriblər; bu əməliyyatlardan əldə olunan bütün vəsait də nazirə çatıb; sturuktur rəhbərlərinə də cüzi paylar verilib. Nazirin bir çox əməllərindən və qazandığı vəsaitlərdən isə yuxarıdakıların xəbəri olmayıb. Bu fakt onun üçün olduqca təhlükəli vəziyyət yaradır. Əldə etdiyimiz məlumatlarda İ.Abbasovun hədəfə çıxarılması üçün təftişə məruz qalan qurumların və onların rəhbərlərinin adları da göstərilir.
Bunlar əsasən KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, "İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı və "Aqrolizinq” ASC-dir. 2004-cü ildə yaradılan Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kənd təsərrüfatı üzrə beynəlxalq kredit layihələrini koordinasiya edir, həmçinin müvəkkil bankların vasitəsilə güzəştli faizlər üzrə kənd təsərrüfatı kreditləri verir. Uzun müddət bu agentliyə Razim Vəliyev rəhbərlik edib. 2012-ci ildə R.Vəliyev bu vəzifədən çıxarılıb və bir ilə yaxın agentlik baş direktorsuz fəaliyyət göstərib. Agentliyin fəaliyyətində ciddi problemlər olduğundan bir ilə yaxın zaman ərzində İ.Abbasov başqa bir adamını bu quruma baş direktor gətirməyə razılıq almağa çalışıb. Nəhayət, 2013-cü ilin martında İ.Abbasov bu istəyinə nail olub və hazırda da Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru postunu tutan Abbas Allahverdiyevlə əvvəlki qaydada yola davam edib. Baş direktor yenilənsə də, agentliyin fəaliyyətində şəffaflıq istiqamətində elə bir yenilik olmayıb və KTN bir sıra böyük maliyyə maxinasiyalarını yenə bu qurum vasitəsilə həyata keçirib.
Onu da qeyd edək ki, A.Allahverdiyevdən əvvəl bu postu tutan və İ.Abbasovun maliyyə maxinasiyalarında fəal iştirak edən Razim Vəliyev hazırda Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarəedilməsi Agentliyinin direktoru vəzifəsində çalışır.


İ.Abbasovu hədəfə çıxaran və onun ən çox ehtiyat etdiyi üç "zəif bənd”dən biri də qeyd etdiyimiz kimi "İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatıdır. Fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının inkişafına yardımçı olmaq, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərmək, aqrar bölmənin stimullaşdırılmasını həyata keçirmək, kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, kredit ittifaqlarının, borcalanlar qrupunun yaradılmasına, inkişaf etdirilməsinə dəstək vermək, onlara kreditlərin verilməsini təmin etmək olan təşkilat İ.Abbasovun maliyyə maxinasiyalarında əsas rollardan birini alıb.

İ.Abbasovun uzun illər bu təşkilatın keçmiş rəhbəri Məcid Əsədov və hazırkı baş direktoru Arif Əliyevin əli ilə milyonlarla manat vəsaiti mənimsədiyi bildirilir. H.Əsədovun başlatdığı təftiş isə birbaşa həmin faktların üzə çıxarılmasına hesablanıb. İ.Abbasovun dövründə "İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı vasitəsilə ölkə və beynəlxalq maliyyə təşkilatları tərəfindən kənd yerlərində sahibkarlığın inkişafı üçün ayrılan dövlət zəmanətli kreditlərin mənimsənilməsilə bağlı artıq ciddi faktların toplandığı bildirilir. Bu təşkilat əsasən də Dünya Bankı vasitəsilə ayrılan kreditlərlə bağlı ciddi maxinasiyalara yol verib.


İ.Abbasov üçün üçüncü "zəif bənd” isə hökumətin kənd təsərrüfatının inkişafına yardım layihələrini icra edən, fermerlərə güzəştli şərtlərlə texnika, cins mal-qara verən "Aqrolizinq” ASC-dir. Sabiq nazirin bu ASC-nin əli ilə də milyonlara sahib olduğu, xüsusən də kənd təsərrüfatı sahəsi üzrə texnikaların alınmasına ciddi yeyintilərə yol verdiyi iddiaları var.

Bütün bunlar onun xələfinin apartdırdığı yoxlamaların nəticələrini ortaya çıxaran sənədlərdən ibarət olan qovluqdakı əsas sübutlardan sayılır.

İ.Abbasova qarşı işə salınan "zəif bəndin kəsilməsi” planının detallarından xəbərdar olan qaynaqlarımız deyir ki, toplanılan faktlar üzə çıxarılacağı təqdirdə keçmiş nazirin bunları ört-basdır etməyə imkanı çatmayacaq və KTN şefi postundan mümkün qədər abırlı getməyə nail olan baş nazir müavini üçtərəfli həmlə qarşısında çətin tab gətirəcək. Çünki onunla bağlı ortaya çıxarılması planlaşdırılan faktlar həm də sanksiyalı bir prosesdir.
Yazıda adıçəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub