Jurnalist vəsiqəsi
13-07-2020 [00:12]
Hikmət Sabiroğlu
***
İndi yüz il əvvəl kimi görünən 1991-ci il idi.
Dünəndir, amma həm də yüz il əvvəl kimidir – azad nəfəs alırdıq…
…1990-cı ildən qəzetlərin sayı çoxaldıqca atam sevinir, hər təzə nəşrə jurnalistika fakültəsini bitirməkdə olan oğlunun gələcək iş yeri kimi baxır, həvəsiyirdi.
Fərəhlənə bilmədi atam – 1991-ci ilin mayında, mənim diplom müdafiəmdən iki gün sonra dünyadan köçdü.
Amma yanılmamışdı – iş üçün üz tutmağa çox yer vardı.
“Azadlıq” qəzetini seçdim.
Çox səbəbi vardı bunun, qrup yoldaşım Rövşən Əliyevin tələbəlikdən, 1990-cı ilin payızından orada işləməsi də təkan oldu.
Diplom almağa getdiyim gün – 19 avqust imperiya mərkəzi Moskvada çevriliş gününə düşdü.
SSRİ rəhbərliyindən bir qrup prezident Mixail Qorbaçovu hakimiyyətdən qovub batan gəmini xilas etməyə cəhd göstərmişdi. İki gün sonra qiyamçılar iflasa uğradı, qəlbimizdə çoxdan gömdüyümüz SSRİ də ovulub getdi. Amma avqustun 19-u səhər hər şeyin belə ildırım sürəti ilə dəyişəcəyi ağlıma gəlməzdi, deyirdim, batdıq.
Diplom ala bilməyib (universitetdə hamının başı çevriliş xəbərinə qarışmışdı) sınmış bir vəziyyətdə “Azadlıq”ın redaksiyasına getdim.
Redaktor Nəcəf Nəcəfovun dedikləri həmin günün ovqatına uyğun idi:
– Görək, axırımız necə olur…
Xata sovuşanda, gedib diplomumu aldım. İşə sentyabrın 9-da götürüldüm. Bundan on gün əvvəl – avqustun 30-da Azərbaycan öz müstəqilliyini bəyan eləmişdi.
Jurnalist vəsiqəsini almaq bir az çətin oldu. Proqramçı kompüterin ölə-ölə işlədiyini deyib dizaynı ləngidirdi, indi yadımdan çıxıb vəsiqə mən işə girəndən nə qədər sonra hazır oldu.
…100 min tirajla çıxan “Azadlıq” qəzetinin vəsiqəsi. Sanki üstündə silah var.
Biz heç vaxt jurnalist vəsiqəsindən silah kimi – adam qaralamaq, ya imtiyaz üçün istifadə eləmədik, onda da, sonralar da.
***
Jurnalist vəsiqəsinin gücünü çox tez hiss elədim.
Əri Qarabağda şəhid olmuş xanım redaksiyaya şikayətə gəlmişdi. Sürücü olmuşdu yoldaşı, 1990-cı ildə Dağ Qarabağın Qaradağlı kəndinə mebel aparanda düşmən pusqusuna düşüb öldürülmüşdü. İş yerində mənzil növbəsində olmuş şəhid qardaşın ailəsinə ev verilməsində problem yaranmışdı.
Gəlinin şikayətini işıqlandırdıq, sonra onunla birgə paytaxtın İcraiyyə Komitəsinə (Baksovetə) getdim. Bizi qəbul edən məmur məsələnin tezliklə həll olunacağına söz verdi.
Üstündən bir müddət ötəndən sonra xanım yenə redaksiyaya gəldi. Göz yaşı içində. Get-gelə salıb, süründürüb evi vermək istəmədiklərini dedi.
Yenə həmin məmurun qəbuluna getdik…
Söhbət zamanı divara dirəndiyini görən məmur (indiki sistemlə paytaxt başçısının müavini statusunda vəzifəsi vardı) qəfildən xanıma sarı qayıtdı ki, bizi tək burax.
Gəlin çıxandan sonra mənə nə desə yaxşıdır:
– Sənin marağın nədir bu işdə, qızla münasibətin var?
Nə vəziyyətə düşərəm?! Qəzəbdən yaş məni boğdu. Güc-bəla ilə “O gəlinin yoldaşının qanı torpağıma tökülüb, məni nə hesab eləyirsən?!” deyə bildim.
Dəli kimi ayağa qalxdım. O alçağa layiq olduğu ən ağır sözləri döşədim. İndi Baksovetdə məmurla belə danışığa görə jurnalistə on il iş kəsərlər…
…Bir neçə gündən sonra gəlinin ev orderini verdilər.
Ayaz Mütəllibovun prezidentliyi dövründən söhbət gedir.
***
…AXC hakimiyyətinin ilk vaxtları idi. Gündüz Tahirlinin köhnə “Jiquli”sində gecə işdən gələndə polis bizi saxladı. Şəhərin hər yerində post qurulmuşdu, əllərdə çox silah vardı deyə, azı, baqajı mütləq yoxlayırdılar.
Polis vəsiqəmizi görən kimi, “Keçin!” dedi.
Keçmədik. Bir az qabaqda saxlayıb düşdük: “Bəlkə maşında silah var, bəlkə qulduruq, niyə yoxlamırsınız?” deyə irad tutduq.
İsgəndər bəyin – daxili işlər naziri İsgəndər Həmidovun adını verdilər, “Azadlıq”ın işçilərini nazirin adamları bilib, yoxlamadıqlarını dedilər.
…İrad qəbul olundu, maşını ələk-vələk elədilər, üst-başımızı yoxladılar, hörmət-izzətlə ayrıldıq.
***
…Jurnalist vəsiqəsini göstərib prezident Əbülfəz Elçibəyin, parlament sədri İsa Qəmbərin, dövlət katibi Pənah Hüseynin kabinetinə maneəsiz girmək mümkün idi 1992-ci ildə. Dilək üçün yox, iş – müsahibə, açıqlama üçün gedirdik.
***
İsgəndər Həmidovla görüşə getməyimiz yadıma gəlir. Onun jurnalist Mahal İsmayıloğlu ilə problemi yaranan vaxt.
İndi hər ikisi haqq dünyasındadır, İsgəndər bəy Mahalı kabinetinə çağırıb, bir yazısına görə möhkəm sıxmış, bu da xeyli şişirdilib böyük narahatlıq doğurmuşdu.
“Azadlıq” qəzetindən Gündüz Tahirli, Elçin Səlcuq, mən və daha iki nəfər İsgəndər bəylə söhbətə getdik. Açıqlamaya, müsahibəyə yox, sadəcə söhbətə.
Dərhal qəbul elədi. Bizimlə üzbəüz əyləşdi, nazirin kürsüsündə isə… Elçin oturdu.
Emosional, kəmhövsələ adam olan İsgəndər bəy sakitcə hər şeyi nəql elədi (tabeçiliyində olduğu adamlara hesabat verirmiş kimi), Mahalla barışacağını dedi…
Rəhmətlik Elçin Səlcuq sərbəstlikdən məst olub mizin altındakı tapançalara da əl uzatdı, zarafatla…
***
…1991-ci ildə SSRİ dağılanda senzura da sıradan çıxmışdı. AXC hakimiyyətinin sonuna yaxın – 1993-cü il aprelin 2-də fövqəladə vəziyyət elan olunanda mətbuata nəzarət idarəsi yenidən dirçəldi, amma senzuradan AXC yox, növbəti, hələ də davam edən indiki hakimiyyət xeyir götürdü.
1994-1995-ci illərdə medianın üstündə üçqat senzura vardı: Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin senzurası – siyasi senzura; Prezident yanında Xüsusi İdarənin senzurası – hərbi senzura, əslində ikinci siyasi senzura; fövqəladə vəziyyət rayonunun senzurası – Bakı Şəhər Baş Polis İdarəsinin komendant senzurası, əslində üçüncü siyasi senzura.
Belə vəziyyətdə qəzet buraxırdıq.
Amma elə həmin 1994-cü ildə adi şəhər telefonu ilə dövlət müşaviri Qabil Hüseynlini yığıb prezident Heydər Əliyevin çıxışına irad bildirmək, müzakirə aparmaq mümkün idi.
O ağır vəziyyətdə də sözün çəkisi, jurnalist vəsiqəsinin gücü vardı. Bir məmur, bir hüquq mühafizə rəsmisi jurnalistə, xüsusilə də “Azadlıq” qəzetinin əməkdaşına kəc baxa bilməzdi. Vəsiqəyə və komendant saatı vaxtı (gecə 12-dən sonra) qüvvədə olan buraxılış vərəqəsinə polis hərbi salamla reaksiya verirdi…
Qəzetimizi doğramağa məhkum məmurlar da bizimlə sayğılı davranırdılar, hətta paytaxt polisinin senzuraya məsul etdiyi polkovnik biz otağına girən kimi (“Azərbaycan” nəşriyyatında otururdu), “Kişi qəzet gəldi” deyib sevinirdi, uşaqlara neçə yol qonaqlıq da vermişdi.
Redaksiyaya şikayətə gələni prokurorluğa yönəldirdin, 15 dəqiqədən sonra baş prokuror Eldar Həsənovun qəbuluna düşüb problemini həll edirdi…
***
…1995-ci ildən sonra yumşalan senzura 1998-ci ildə rəsmi ləğv ediləndə mətbuatı ələ almaq dövrü, məmurların qəzet açıb hər yoldan ötənə vəsiqə verdiyi dövr başlandı. Amma pis günlərə hələ qalırdı…
2000-ci ildə əmək kitabçamı “Avropa” qəzetinin baş redaktoru Fəxri Uğurluya uzadıb “Qaqa, bir də pensiyaya çıxanda götürəcəm” deməyim yadıma gəlir. Qismət olmadı. Yoxdan yaratdığımız o qəzet 2001-ci ildə qapandı, 2003-cü ilin qışında ayağa qalxdıq, payızda yenə yıxdılar.
***
…Edam, həbs dalğalı qanlı dəryada batmayıb “Mediaforum.az” adlı bir adaya sığınmağımızı xatırlayıram. O adanı suyun necə basdığını da…
***
İşçisi, yazarı olduğum “Azadlıq” qəzeti dörd ildir qapadılıb.
Qurduğumuz “Avropa” qəzeti çoxdan arxivdə yatır.
İşçisi olduğum “III Sektor” jurnalı onun kimi.
Yazarı, işçisi olduğum “Mediaforum.az” saytı da eləcə.
Əmək kitabçamda çoxdan qərq olan “Press-fakt” qəzetinin də möhürü var.
İş yerlərimin biri də qalmayıb…
Koronavirus karantinində jurnalist vəsiqəm evdən çıxmağa da yaramır. Çünki işlədiyim “Novator.az” saytının adı hökumətin kitab-dəftərində yoxdur.
1991-ci il çox uzaqda qalıb.
…Atam hər yanın başıma dar olduğunu görsə…
Ona necə deyərdim jurnalistin vətən həsrəti var.
Məhbəs ağrısı var.
Batan qanı var.
Möhtac olmağı var.
Cəzası da var, mükafatı da.
Hörməti yoxdur.
Necə deyərdim bu, Zərdabinin yurdu, Nəcəf bəyin yurdudur?…
Novator.az
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb