Rusiya Miqrant Federasiyası miqrantlara xəbərdarlıq edib

img

14-10-2013 [10:31]


Rusiya Miqrant Federasiyasının prezidenti Məhəmməd Amin miqrantlardan ictimaiyyətə açıq yerlərdən uzaq gəzməyi və iğtişaşlar bitənə qədər hadisənin baş verdiyi bölgəyə getməməyi istəyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın müxtəlif bölgələrində bu tip iğtişaşların ola biləcəyi barədə xəbərdarlıq edən M.Amin bildirib ki, miqrantlar və xarici vətəndaşlar ictimaiyyətə açıq yerlərdən qıraq gəzməlidirlər: "Brulyovadan yeni qayıtmışam. Bölgədə vəziyyət çox təhlükəlidir. Yüzlərlə alkoqol qəbul etmiş skinhed və irqçi gənc gördüm. Moskva polisi vəziyyətin nəzarət altına alına bilməsi üçün böyük əmək sərf edir”.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və "skinhed”lər Brulyova rayonunda yerləşən "Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum ediblər. "Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri yeridilib. "Skinhed” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin tapşırığı ilə "Vulkan” kod adlı əməliyyat keçirilib. Nəticədə 380 nəfərdən çox rus milliyyətçisi saxlanılıb.
Onu da qeyd edək ki, iğtişaşların baş verdiyi Brulyova rayonunda xeyli sayda azərbaycanlı yaşayır. Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan Pokrov bazarı da bu rayonun ərazisində yerləşir. Həmin bazarda minlərlə azərbaycanlı çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA