İcra başçısından məmur ölümü haqda iddialara sərt reaksiya: "Heç bir danlamaqdan, təzyiqdən söhbət gedə bilməz"

img

06-05-2020 [16:32]


Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdiri qəfil vəfat edib.

Mia.az Publika.az-a istinadla xəbər verir ki, Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi.

Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib.

İcra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-cü dəfədir baş verir. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçının qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb.

***

Virtualaz.org məmurun qəfil ölümü və səslənən iddialarla bağlı icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayıb.

İbrahim Mustafayev bildirib ki, belə xəbərləri reket və şantajla məşğul olan jurnalistlər yayır.

“Həmin əməkdaş iki həftədir səhhətinə görə işə çıxmırdı. Amma adı xüsusi karantin rejimi dövründə işə çıxmalı olan əməkdaşlar siyahısında idi. Yanvar ayında da məndən icazə aldı, səhhətinə görə 20 gün işə çıxmadı. Ürəyinin xəstə olduğunu deməmişdi, amma sinirləri ilə bağlı problemdən şikayətlənmişdi. 

Dünən vəziyyəti pisləşib, evindən rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, orada keçinib. Heç bir danlamaqdan, təzyiqdən söhbət gedə bilməz. Onu işə mən götürmüşdüm, işinə məsuliyyətlə yanaşan işçi idi. Araşdırmışıq ki, belə xəbərləri rayondan jurnalistika adı altında reketliyi və şantajı özünə peşə seçən biri yayır. Həmin adam DSMF-nin rayon şöbəsində əməkdaşları təhqir edib, kompüterləri sındırıb və sonradan döyülməsi haqda şikayət verib. 

Biz bilmirik rayonda xüsusi karantin rejimində təsərrüfat fəaliyyətini təmin edək, yoxsa bu cür şantaj və böhtanla mübarizə aparaq”,-icra hakimiyyətinin başçısı bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA