Təhsil Nazirliyindən müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlər haqqında - Açıqlama

img

29-04-2020 [13:01]


"Cari tədris ilində mövcud vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrin təşkili mümkün olmayıb. Buna alternativ olaraq namizədlərlə onlayn müsahibələr barədə qərar qəbul etmişik".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə təlimatlar yüklənib: "Müəllimlər dünən gecə saatlarından onlayn müsahibədə iştirakları barədə təsdiq mesajını göndərə bilirlər. Bu proses mayın 1-nə kimi davam edəcək. Hazırda ölkə üzrə müddətli müqavilə əsasında çalışan 1400 müəllim bu müsahibələrdə iştirak edə bilər".

E.Bağırov qeyd edib ki, müsahibələrə ilkin mərhələdə Bakı şəhərində başlanılacaq: "Paytaxtda 300-ə yaxın belə müəllim var”.

Təhsil Nazirliyinin rəsmisi ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb.

Bildirib ki, müsahibədə iştirak etmək üçün heç bir proqramda qeydiyyata ehtiyac yoxdur: "Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. Bu halda müəllim hər hansı proqram yükləmir. İştirakını təsdiq etmiş müəllimlərin maili-nə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar”.

E.Bağırov qeyd edib ki, digər variant isə telefon vasitəsilə onlayn müsahibəyə qoşulmaqdır: “Bunun üçün isə “Microsoft Team” mobil tətbiqini telefona yükləmək kifayətdir. Heç bir qeydiyyata ehtiyac yoxdur. Müəllimlər yenə eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA