2020-ci ilin büdcəsinin özəllikləri

15-09-2019 [23:12]
Qubad İBADOĞLU

***

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsi üzərində işləri yekunlaşdıraraq sənədi Nazirlər Kabinetinə təqdim edib və bu sənədin bəzi konturlarını açıqlayıb. 

Onlar arasında cari ilin büdcəsi ilə müqayisədə diqqəti cəlb edənlər aşağıdakılardır:

1) 2020-ci ildə büdcənin social yönümlü xərcləri cəmi xərclərin 40,7 faizini (2019-cu ildə 30,8 faiz) və ya 11253,7 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 2664,2 milyon manat çoxdur. Növbəti ildə əməyin ödənişi üzrə xərclər 6723,4 (2019-cu ildə 4751,9 milyon manat) milyon manat, təqaüdlər və social müavinətlər üzrə xərclər 3213,4 (2019-cu ildə 2527,4 milyon manat) milyon manat, icbari tibbi sığortanın tətbiqi üzrə xərclər 902,9 milyon manat (2019-cu ildə 223,5 milyon manat), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 414 milyon manat (2019-cu ildə 640,6 milyon manat) nəzərdə tutulub. 

2) Gələn il Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 403 mln. manat, 3,55% çoxdur. Bütövlükdə 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24484 milyon manat proqnozlaşdırılır ki, onun da 43 faizi (10536,5 milyon manat) qeyri-neft sektorunun, 57 faizi (13947,5 milyon manat) neft sektorunun payına düşəcək. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, orta müddətli dövrdə (2020-2023-cü illərdə) ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz olacaq. 

3) Növbəti ilin büdcəsindən dövlət borcuna xidmət üzrə 2458,2 milyon manat xərc proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 123,4 milyon manat çoxdur. 

4) 2020-ci ilin büdcəsində ilk dəfə olaraq cari xərclərin cəmi xərclərdə xüsusi çəkisi 60 faizi ötəcək. Bu isə o deməkdir ki, qeyri-neft gəlirləri büdcənin cari xərclərinin 80 faizini ödəyə biləcək, cari xərclərin yerdə qalan 20 faizi, dövlət borcuna xidmət xərcləri və əsaslı xərclər bütövlükdə neft gəlirləri hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, Azərbaycanda hələ də büdcənin artan xərcləri qeyri-resurs sektoru hesabına təmin edilməsi mümkün deyildir. Beləliklə də növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb və büdcə gəlirlərinin təmin olunması riski çoxalıb.

5). 2020-ci ilin büdcə layihəsi ilk dəfə olaraq Maliyyə Sabitliyi Şurasında da müzakirə olunub.


Digər Xəbərlər

SON XƏBƏRLƏR