Ehtiram İlhamın 50 illik yubileyi qeyd olunub - Sumqayıt Poeziya Evində

img

31-01-2019 [23:08]


Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin və Poeziya Kubunun üzvü, tanınmış şair-publisist Ehtiram İlhamın 50 illik yubleyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Mia.az xəbər verir ki, tədbirin aparıcısı, tanınmış yazıçı-dramaturq Əyyub Qiyas şair Ehtiram İlhamın poeziyası barədə söhbət açaraq, onunla uzun illərin dostları olduqlarını dilə gətirdi və yubilyarı çox ciddi, istedadlı bir söz adamı kimi dəyərləndirdi.

Sonra söz Sumqayıt şair və yazıçılarının ağsaqqalı, respublikanın Əməkdar Mədəniyyət işçisi şair Əşrəf Veysəlliyə verildi. Ehtiram İlhamın şeirləri haqqında ürək dolusu danışan natiq onu 50 illik yubileyi münasibəti ilə təbrik etdi və ən xoş arzularını bildirdi. Estoniyadan xüsusi olaraq Ehtiram İlhamın yubileyində iştirak etmək üçün Azərbaycana gəlmiş tanınmış şair-tərcüməçi, ictimai xadim Xaqani Qayıblı öz çıxışında yubilyarın bir şəxsiyyət olaraq çox yüksək keyfiyyətlərindən söz açdı, ona həsr etdiyi şeiri oxudu.

Azərbaycanın Əməkdar müəllimi, şair Ofelya Babayeva, filologiya elmləri doktorları, professor Nəsir Əhmədli, professor Rüstəm Kamal, Azərbaycanın tanınmış şairlərindən Ramiz Qusarçaylı, Xanım İsmayılqızı, Çiçək Mahmudqızı, Əkbər Qoşalı, Adilə Nəzər, Zirəddin Qafarlı, Namiq Məna, Ayaz Arabaçı, Mikayıl Bozalqanlı, Elman Tovuz, Vasif Süleyman, əməkdar artist, şair Nazir Rüstəm, Aləm Kəngərli, Gülnarə Cəmaləddin, gənc şair Elvin Əlizadə çıxış edərək, Ehtiram İlhamın poeziyası və özü haqqında fikirlərini, xoş sözlərini dilə gətirdilər, yubilyara yeni yaradıcılıq uğurları arzuladılar. "Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə yubilyarı Azərbaycan Yazıçılar Birliyi adından təbrik etdi.

Yubilyarın ailə üzvləri adından çıxış edən doktor Firdovsi Məmmədli qardaşı Ehtiram İlhama göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi. Sonda söz yubilyara – Ehtiram İlhama verildi. O, göstərdikləri diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılarına, haqqında xüsusi qəzet buraxılışını hazırlayanlara, yeni kitabını nəşr edənlərə öz təşəkkürünü bildirdi və yeni şeirlərindən nümunələr oxudu. Aşıq İman və Aşıq Elməddin saz havaları üstə şairin qoşma və gəraylılarından nümunələr səsləndirdilər.

Sonda Ehtiram İlhamın 50 illik yubileyi münasibəti ilə hazırlanmış "DƏRDİŞ” adlı xüsusi qəzet buraxılışı və eləcə də onun yeni nəşr olunmuş "Çox yaşadım” adlı şeirlər kitabı tədbir iştirakçılarına təqdim edilib.

İbrahim İLYASLI,

Sumqayıt Poeziya Evinin direktoru

Digər xəbərlər
SON XƏBƏRLƏR