Prezidentliyə namizədin məhkəməsində maraqlı dialoq; Polisə etiraz 10 sutkaya baza gəldi

img

18-04-2013 [09:53]


18 apreldə Yasamal Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə prezidentliyə namizəd, vicdan məhbusu olmuş hüquq müdafiəçisi Vidadi İsgəndərlinin işi üzrə məhkəmə prosesi davam etdirildi. Qeyd edək ki, V.İsgəndərli bu epizod üzrə ilk dəfə aprelin 15-də Texniki Universitetin yaxınlığında post-patrul xidməti əməkdaşları tərəfindən saxlanıb. Həmin vaxt polis nəfərləri Hüseyn Cavid prospektində piyadaları yolu nəzərdə tutulmayan hissədən keçdiklərinə görə cərimələyirmiş. V.İsgəndərli polis nəfərlərinin hərəkətlərini videoya çəkib. Polislərin cərimə etdikləri bir tələbə qız hüquq müdafiəçisinə deyib ki, cərimə olunması ilə razılaşmır. V.İsgəndərli ona bu haqda mətbuata məlumat verməsini təklif edib. Həmin vaxt polislər ona yaxınlaşaraq, kimliyi ilə maraqlanıblar. Hüquq müdafiəçisinin sənədlərini alan polislər ona yanlarından aralı dayanmasını təklif ediblər. Hüquq müdafiəçisi polislərdən aralanıb. Sonradan isə əraziyə avto-patrul maşını gəlib və V.İsgəndərli Yasamal RPİ-nin 26-cı polis bölməsinə aparılıb. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra sərbəst buraxılıb. Aprelin 17-də yenidən 26-cı polis bölməsinə çağırılan V.İsgəndərliyə polislərin onun hərəkətləri haqda raport yazdığını deyiblər. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 310-cu - polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama - maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinə gətirilən V.İsgəndərli ittihamla razılaşmayıb. Hakim A.Rzayev V.İsgəndərliyə aprelin 18-i 11.10-a qədər sərbəst olduğunu və təyin olunmuş saatda məhkəməyə gəlməsini söyləyib. Lakin məhkəmə zalından çıxan V.İsgəndərli 15 polisin təkidi ilə Yasamal RPİ-nin 26-cı polis bölməsinə aparılıb. Səhərə qədər polisdə saxlanılan hüquq müdafiəçisi təyin olunmuş vaxtda polis nəzarəti altında məhkəməyə gətirilib. Əvvəlcə prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsi planlaşdırılsa da, sonradan V.İsgəndərlinin vəkili Anar Qasımlının vəsatəti əsasında jurnalistlər məhkəməyə buraxılıblar. Məhkəmə binasının girişindəki polis postunda jurnalistlərin foto-video aparatları, diktofonları, telefonları əllərindən alınıb. Məhkəmə iclasında ilkin olaraq vəkil A.Qasımlı müvəkkilinə suallar verdi. V.İsgəndərli sualları cavablandırarkən dedi ki, H.Cavid prospekti ilə addımlayarkən ağlamsınmış vəziyyətdə olan bir qızı görüb. Ona yaxınlaşaraq nə baş verdiyini soruşub. Həmin qız tələbə olduğunu və aldığı 45 manat təqaüddən 20 manatını polisin ondan cərimə şəklində aldığını deyib: ?Qızın ayağında ayaqqabısı da köhnə idi, cırılmış hissəsi də vardı. Polislərə dedim ki, onlar post-patrul xidmətinin əməkdaşıdırlar və yol patrul xidməti əməkdaşlarının əvəzindən vətəndaşları cərimələyə bilməzlər. Polislərin şəkillərini də çəkdim. Mənə yaxınlaşdılar, vəsiqəmi təqdim etdim, hüquq müdafiəçisi olduğumu dedim?. Vəkilin ?orada hər hansı bir şüar səsləndirmisizmi?, sualına müvəkkili ?şəkil çəkmişəm, əlimdəki qəzetdə Ziya Məmmədovun və başqalarının fotolarını polislərə göstərib demişəm ki, prezidentin harınlamış, qudurğan dediyi məmurların balalarının qanunsuzluqlarına göz yumursuz, kasıb, ayaqqabısı cırılmış tələbə qızın 20 manatını əlindən alırsız. Bunları şüar hesab edirsizsə, demişəm?. V.İsgəndərli bildirdi ki, tələbə qızla söhbət edərkən polis nəfərləri özləri onlara yaxınlaşıblar. Amma tərtib olunmuş raportda bunun əksini yazıblar. Bundan sonra V.İsgəndərli haqda raport yazan polislər şahid qismində dindirildi. Serjant Niyazi Xəlilov bildirdi ki, aprelin 2-dən daxili əmrlə Yasamal Dövlət Yol Polis şöbəsinə ezam olunublar. Onlar H. Cavid prospektində yolun hərəkət hissəsində müəyyən olunmayan yerdən keçən piyadaların cərimələnməsi ilə məşğul olublar: ?Vidadi İsgəndərli cərimə yazdığımız vətəndaşları saxladı. Vətəndaşlarla yüksək tonda danışırdı. Dövlətin siyasətini əleyhinə danışırdı. Bizə dedi ki, gedib cəriməni Ziya Məmmədovun oğluna yazın, dövlət atributları əleyhinə danışırdı. Deyirdi ki, 5-də piket olacaq, polkovnikdir, ətrafına çoxlu vətəndaş toplanmışdı?. A.Qasımlının Ziya Məmmədovun oğlunun nə vaxtdan dövlət atributu olması haqda sualına ifadə verən polis: ?Dövlət məmurlarıdır, atributlarıdır?, cavabını verdi. Polis serjantı A.Qasımlının suallarına cavab verərkən məlum oldu ki, V.İsgəndərli yalnız fotoçəkiliş aparıb, onların əmrlərinə tabe olub. [b]A.Qasımlı:[/b] - Vidadi İsgəndərliyə dediz ki, bizdən aralı dayan, dayandı? [b]Polis serjantı:[/b] - Bəli. - Sənədini istədiz, təqdim etdi? - Bəli. - Bölməyə aparanda müqavimət göstərdi və ya siz ona zor tətbiq etdiz? - Xeyr, ona barmağımız da dəyməyib, özü avtopatrul maşınına mindi. - Sizə qarşı hər hansı bir nalayiq fikir, ifadə işlətdi? - Xeyr. - Belə olduqda niyə protokol tərtib edirdiz? - O dövlət əleyhinə danışırdı, işimizə mane olurdu. - Məgər vətəndaş dövlət məmurlarını tənqid edə bilməz? - Yox edə bilməz. - Nə deyirdi? - Cərimələdiyimiz vətəndaşlara deyirdi ki, bu iş qanunsuzdur. ?Amerikanın səsi? radiosuna, müxalifət qəzetlərinə zəng edin, protokolları ləğv edəcəyik. - Hansı qanuni tələbinizi pozub həmin sözləri deməklə? - ?Polis haqda? qanunun 8-ci maddəsini və İXM-nin 310-cu maddəsini. - Ora neçə vətəndaş yığılmışdı? - 7-8. - Onlara qarşı hansı tədbir görüldü? - Heç bir. Bundan sonra həmin gün N.Xəlilovla birgə xidmət aparmış digər polis serjantları Həmid Əzizov və Qoşqar Allahverdiyev ifadə verdilər. Q. Allahverdiyev ?Amerikanın səsi? radiosuna vətəndaşların zəng etməsi çağırışını dövlət əleyhinə çıxmaq kimi başa düşdüyünü gizlətmədi. Bunu qanunsuzluq adlandırdı. Polis nəfərlərinin fotosunun çəkilməsi üçün DİN-dən rəsmi icazə alınmalı olduğunu dedi. Bundan sonra kimin yalan, kimin doğru danışmasını müəyyən etmək üçün hadisənin baş verdiyi ərazidə quraşdırılmış ?Təhlükəsiz şəhər? kamerlarından birinin yaddaşından çıxarışa baxış keçirildi. Məlum oldu ki, V.İsgəndərli polislərin dediklərinin əksinə olaraq yalnız 1 tələbə qız və başqa bir cərimələnən şəxslə söhbət edib. Ona polislər özləri yaxınlaşıblar. Bundan sonra müşavirə otağına yollanan hakim oradan qayıdandan sonra V.İsgəndərlinin 10 sutka həbs cəzasına məhkum olunmasını elan etdi. Hakim həbs müddətinin aprelin 17-dən hesablanacağını söylədi. Məhkəmə zalında həbs olunan V.İsgəndərli Baş Polis İdarəsinin İnzibati Qaydada Saxlanılanların saxlama məntəqəsinə aparıldı. Qeyd edək ki, aprelin 15-də V.İsgəndərli ilə bərabər tələbə, 1991-ci il təvəllüdlü Xanım Əliyeva da saxlanmışdı. O, ?Yeni Müsavat?a açıqlamasında Texniki Universitetin 4-cü kurs tələbəsi olduğunu demişdi: ?Biz yoldan keçəndə polis saxlayıb 20 manat cərimə etdi. Yoldan keçən başqa adamları saxlamırlar, biz tələbələri saxlayırlar. Həmin pulu verməyə imkanım yoxdur?(musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA