05-02-2013 [08:29]
Bu günlərdə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunan Gəncənin sabiq polis rəisi, general Rasim Musayevlə Gəncənin icra başçısı Elmar Vəliyev arasındakı konfliktin gerçək səbəbləri və eləcə də yeni vəzifəyə təyinatının təfərrüatı ilə bağlı maraqlı məlumatlar əldə etmişik.
Qısaca olaraq, xatırladaq ki, yanvarın 22-də bir sıra xəbər portallarında və qəzetlərdə Rasim Musayevin Gəncənin icra başçısı Elmar Vəliyevlə yola getmədiyi və bu səbəbədən də tutduğu vəzifədən istefa verdiyi xəbəri yayılmışdı. Hətta hüquqşünaslar ?polis rəisi istefa verdi? xəbərinin hüquqi baxımdan doğru olmadığını da deyərək, polis rəisinin yalnız raportla işdən çıxa biləcəyini vurğulamış, ardınca isə DİN-dən rəsmi açıqlama yayılmışdı ki, general Musayev öz xahişi əsasında Daxili İşlər nazirinin əmriylə vəzifəsindən azad olunub. Daha sonra isə Rasim Musayevin icra başçısı Elmar Vəliyevi kəllə ilə vurduğuna görə işdən çıxarıldığı xəbəri yayılmışdı?
Hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən Azpolitika.info-ya daxil olan xəbərlərdə isə neçə gündür ölkə mətbuatından düşmək bilməyən bu mövzunun daha incə və bir çox mətləblərə aydınlıq gətirən təfərrüatları əks olunub. Ortaya çıxıb ki, sən demə, Rasim Musayevlə Elmar Vəliyevin arasındakı xırda bir mübahisə məqsədli şəkildə mətbuata şişirdilərək ötürülübmüş.
Əslində, Rasim Musayevin və Elmar Vəliyevin fiziki imkanlarına və xarakterlərinə yaxından bələd olanlar ilk günlər bu konfliktlə bağlı yayılan məlumata təəccüblərini gizlətmirdilər. Onların hər ikisini tanıyanlar açıqca deyirdilər ki, həddən artıq kök bədən quruluşuna və ləng, ehtiyatlı xarakterə malik Rasim Musayevin kifayət qədər çevik və idmançı bədən quruluşuna malik, üstəlik Prezidentə yaxın məmurlardan sayılan Elmar Vəliyevə nəinki kəllə atması, onun sözünü belə çevirməsi inandırıcı görünmür. Bu səbəbdən də, elə ilk günlərdən mətbuata məlumatın bilərəkdən Rasim Musayevi qəhrəman obrazında təqdim etmək formasında məhz polis rəisinə yaxın şəxslərin ötürdüyü fikri yaranmışdı. Ancaq indi məlum olur ki, dostlarının polis rəisindən ?qəhrəman? düzəltmək istəyi ara yerdə Rasim Musayevin özünün ən yuxarı səviyyədə sərt tənbeh edilməsiylə, hətta icra başçısından üzr istəməyədək gedib çıxan ?sındırılması?yla nəticələnib.
Bizə çatan məlumatda bildirilir ki, Rasim Musayevlə Elmar Vəliyev arasındakı konflikt, heç də mətbuatda iddia edildiyi kimi, polis rəisinin hansısa şəhid ailəsini və ya din xadimini icra başçısının təhqirlərindən qorumaq üstündə olmayıb. Konfliktə səbəb Elmar Vəliyevin keçmiş icra başçısı Eldar Əzizovun sərəncamı ilə ayrılan torpaq sahələrində tikilmiş bir neçə villanı sökdürmək istəyi olub. Daha doğrusu, deyilənə görə, Gəncənin sabiq başçısı Eldar Əzizov şəhərin hazırda park tikilməsi planlanan gözəgəlimli bir yerində özüylə bərabər, Gəncənin prokuroruna, polis rəisinə və MTN-in şəhər bölməsinin rəisinə də yaraşıqlı villalar tikdiribmiş. Ancaq son vaxtlar Gəncədə irimiqyaslı söküntü-abadlıq işləri aparan Elmar Vəliyev bu sərəncamların qanunsuz verildiyini söyləyərək, həmin villaları da sökdürəcəyini və yerində park tikdirəcəyini bildirib. Şəhər rəhbərliyinin iştirakıyla Elmar Vəliyevin yanında keçirilən toplantıda Rasim Musayev belə bir addımın onun nüfuzuna xələl gətirəcəyini deyərək icra başçısına sərt şəkildə etirazını bildirib. Nəticədə, polis rəisi ilə icra başçısı arasında təhqirlərlə müşayiət olunan mübahisə baş verib, prokuror Adil Vəliyev isə mübahisəyə qarışmayıb. Məhz bu hadisədən sonra general Musayev artıq icra başçısı ilə işləyə bilməyəcəyini anlayaraq, istefa verdiyini bildirib, məlumat isə dərhal mətbuata sızdırılıb.
Bizə çatan məlumatlara görə, əsil həngamə də bundan sonra başlayıb. Yanvarın 22-də Prezident Davosa səfərə getdiyindən, ölkənin ikinci paytaxtında baş vermiş bu rüsvayçı olayın necə çözüləcəyi, məsələnin Prezidentə necə məruzə olunacağı haqda hakimiyyət içərisində çaşqınlıq, qərarsızlıq olub. Xüsusən də mübahisə tərəflərinin hər birinin arxasında iri klanların durması vəziyyəti bir qədər də çətinləşdirib. Həmin ərəfədə mətbuatda Rasim Musayevin icra başçısını kəllə ilə vurub yıxdığı xəbərinin tirajlanması isə, sanki, odun üstünə barıt səpmək olub. Deyilənə görə, bu xəbərin yayılandan dərhal sonra Gəncə rəhbərliyi Prezident Administrasiyasına çağırılıb və nəyin baş verdiyi, hətta konfliktlə bağlı məlumatın mətbuata necə sızdığı araşdırılıb. Bizə çatan məlumata görə, şəhər prokuroru Adil Vəliyev ilk söyüş söyən tərəf kimi polis rəisinin adını çəkib, üstəlik, ?kəllə atmaq? xəbərinin də polis rəisinə yaxın şəxslərdən mətbuata sızdığı aşkarlanıb və nəticədə, Rasim Musayev möhkəm tənbeh edilib, hətta Elmar Vəliyevdən üzr istəməsi tələb olunub. Ona izah edilib ki, icra başçısı Prezidentin yerdə nümayənədəsidir və ona edilən hörmətsizlik Prezidentin təyinatına qarşı çıxılması deməkdir. Deyilənə görə, əvvəlcə Elmar Vəliyevdən üzrxahlıq etmək istəməyən Rasim Musayevə bildirilib ki, məsələ qısa zaman ərzində sülh yoluyla çözülməsə, yol verdiyi yanlışlığa görə, Prezident ölkəyə qayıtdıqdan sonra onun ?nəfəsini kəsə bilər?, ümumiyyətlə, polis sıralarından birdəfəlik qovula bilər. Ancaq üzrxahlıq etsə, başqa işə keçirilməsiylə problem yoluna qoyulacaq. Məhz bundan sonra Rasim Musayev Elmar Vəzliyevdən üzr istəyib, üstəlik, ona deyiblər ki, yayılan xəbəri də özü çıxıb qəzetdə təkzib etməlidir.
Xatırladaq ki, həmin vaxt bir sıra xəbər portallarında Rasim Musayevin PA-ya çağırıldığı və oradan halının pisləşərək çıxdığı xəbəri yayılmışdı. Üstəlik, yanvarın 23-də generalın özü ?Yeni Müsavat?a zəng açaraq, baş vermiş hadisəni təkzib etmişdi. Rasim Musayevin həmin vaxt ?Yeni Müsavat?a verdiyi müsahibədə söylədiklərini bizdəki məlumatlarla tutuşdurduqda, generalın həqiqətən də çox ciddi ?boşluqlar? buraxdığının şahidi oluruq.
Hazırda DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin olunan Rasim Musayevin müsahibədə söylədikləri fikirlərə baxaq:
General Rasim Musayev: ?? Bəli, raportla nazirə müraciət etmişəm. Amma bu, səhhətimlə bağlı olub. Müraciətimdə yazmışam ki, səhhətimlə bağlı məni tutduğum vəzifədən azad edin. Mən elə adam deyiləm ki, bir işi görüb sonra da bundan imtina edim, deyim ki, yox, mən belə iş etməmişəm. Vicdanım haqqı deyirəm, belə şeylər olmayıb. Ağ yalandır.?
?? Elmar Vəliyev bizim üstümüzə niyə qışqırmalıdır? Elmar Vəliyev o səviyyənin, tərbiyənin adamı deyil. Bu söhbətləri kimsə bilərəkdən belə yayır. Kimsə kiməsə kəllə vurub söhbəti ağ yalandır.?
?? Mən səhhətimlə bağlı raport yazmışam. Nazir də raportuma əsasən məni hara verəcək, bu, onun səlahiyyətidir. Belə şeylər yoxdur, hamısı əsassız söhbətlərdir.?
??Fevralın 1-dən 20-nə kimi mənim məzuniyyət dövrümdür. Məzuniyyətimizlə bağlı qrafik nazirlikdə hazırlanır, verilir?.
?? Mənim Elmar Vəliyevlə rəhbər kimi, polis rəisi kimi münasibətimiz olub. Xahiş edirəm, kimlərsə bizim aramıza girib münasibətlərimizi pozmasın?.
??Xahiş edirəm ki, mənim dediklərimi olduğu kimi yazın. İcra başçısı gözəl insandır, işləyən adamdır. Dövlətini sevən adamdır. Demişəm ki, Gəncəyə 10 dənə belə başçı gəlsəydi, yenə də Elmar müəllim kimi işləyə bilməzdi? Gəncədə 500 şəhidin qəbrinin üstü qara mərmərdən götürülüb. Şəhid ailələrinə evlər verilib. Bu işlərin hamısını cənab prezidentimizin rəhbərliyi ilə başçımız orada aparıb. Bizim qətiyyən pis münasibətlərimiz olmayıb.?
Vəssalam. Belə görünür ki, Gəncənin havası general Rasim Musayevə düşməyibmiş, Bakıya gələn kimi, o, artıq tam sağalıb.
Azpolitika.info